“90-cı dəqiqə... və qol!!!... 44 min uduzdum” - “Topaz”dan reportaj

“90-cı dəqiqə... və qol!!!... 44 min uduzdum” - “Topaz”dan reportaj

Əməkdaşımız totalizator kontorunda qumarbazın başına gələn hekayədən yazır: “500 manat kredit pulunu uduzmuşdum, dostumun verdiyi borcu da uduzsaydım, ya gərək özümü asaydım, ya da...”

Həftəsonu Dostoyevskinin “Qumarbaz” povestini vərəqləyirdim, öz həyat hekayəsini yaratdığı personajın dili ilə təhkiyə janrında qələmə almış dahi rus ədibi bu əsər haqda yazırdı: “Başlıca məsələ bundadır ki, onun bütün həyat cövhəri, qüvvəsi, dəlisovluğu, cəsarəti ruletkaya sərf olundu...”

Və...kitabın bu yerində ağlıma batdı ki, niyə də bir qumarxanaya getməyim. Yox, yox, mən nə yazıçı Dostoyevskiyəm, nə qumarbaz Dostoyevski. Sadəcə, bir azart həvəskarının həyat hekayəsini yazmaq üçün axtarışa çıxmaq istədim.

Eləmədim tənbəllik, getdim şəhərin leqal qumarxanalarından olan “Topaz” bukmeyker kontoruna. İçəri girəndə tüstü-duman, siqaret iyindən göz-gözü görmürdü. Kimisi əlində pivə parçı, xortumlayaraq həyəcanla yarışın canlı nəticəsini gözləyir, kimisi “aləm”lə əlaqəsini kəsib gözlərini “Bukmeyker” qəzetinə dikib, kimisi qələmi gicgahına dirəyib dərin-dərin düşünür ki, hansı proqnoz doğru gələ bilər, kimisi “çay gətir” qışqırıb sifariş verir, kimisi yandakı masada oturandan məsləhət alır və s. ilaxır...

Bu, Hollivud filmlərindəki kazinolara da oxşamaz, “Yeşilcam” kinolarındakı qaranlıq otaqda, başının üstündə bir lapma olan kart qumarına da bənzəməz.

“Topaz”a gələn oyunçuları “Mançester”in, “Yuventus”un, ya da “Qalatasaray”ın taleyi qazanacaqları pul qədər maraqlandırır. Həmçinin, at və tazı yarışlarına pul qoymağa gələn “xəstə”lər də var.

Əslində, biləsiniz, son vaxtlar “Topaz” məntəqələrinə gedənlərin sayı kəskin şəkildə azalıb. Bu azalma yeni məntəqələrin açılmasının da qarşısını alıb. Yəqin ki, təqdir olunmalı haldır. Çünki bu yerlərdə hər şeyini uduzub çıxanlar olub. Sadəcə, həftəsonu olduğu üçün bu dəfə izdiham müşahidə olunurdu. Totalizator məntəqələrinə gedənlərin sayının azalma səbəbinə gəlincə, sırf minimum mərc qoyuluşunun məbləğinin artırılmasıdır.

Əvvəllər bir kupon 1 manat idisə, sonra 2 manata qalxdı, bu da o dərəcədə də ciddi təsir göstərmədi, son dünya çempionatı ərəfəsində “Topaz”ın rəsmi şəkildə hər kupona ən az mərc qoyuluşunu 3 manata qaldırması azart həvəskarlarının bu obyektlərdən demək olar ki, ayağını “kəsdi”.

Bir var 3 manata üç ayrı-ayrı kupon yazasan, ən azı birində qalib olmaq şansın var, bir də var 1 kupona 3 manat atıb, uduzasan.

Doğrudur, “Topaz” əvəzində onlayn variantda mərc qoyuluşunu 1 manat edib. Hesab aç, “Milliön” üzərindən uduş qoy, qazandıqca pul kart hesabına otursun. Amma internet üzərindən hesab açıb mərc qoyanlar o qədər çox deyil. İnsanlar məntəqələrə getməyə üstünlük verirdi. Odur ki, obyektlərdə qiymətin 3 dəfə qalxması qumarxanalara gedənlərin sayını azaldıb.

Bizsə Dostoyevskinin “Bir gəncin qeydləri”nin təsiri altında qumarbaz axtarışına çıxarkən nəsibimizə eləsi çıxdı ki, adamın başına gələnlər bir kitablıqdır.

Səid adlı həmsöhbətimizin 34 yaşı var. Dediyinə görə, 15 yaşından variant yazır, bir müddət “Zenitbek” və s. onlayn totalizatorlara uduş qoyub.

Sonra “qara bazar”ın bağlanması onun “Topaz”a üz tutmasına gətirib çıxarıb. Səid deyir ki, bu illər ərzində üst-üstə hesablasa, Bakıda iki mənzilin pulunu itirib: “Sonuncu dəfə 44 min manatı 90-cı dəqiqədə vurulan qolla əldən buraxdım. Təsəvvür elə, İsveçrə Danimarka ilə oynayır (AÇ-2020 seçmə görüşü - E.S), mən də İsveçrənin 3 qollar qalib gələcəyinə mərc qoymuşam. Adamda gərək bəxt ola da... Başqa oyunlar da yazmışam, 100 manat atmışam. Hamısı tutub, oturmuşam evdə, dırnaqlarımı yeyirəm, ətimi çeynəyirəm ki, məni 44 min manatdan 6 dəqiqə ayırır. A kişi, deyirəm də bəxt lazımdır, bəxt... İsveçrə 3:0 udur, 83-cü dəqiqə qurtarır, lənətə gələsən, 84-də Danimarka vurdu, 3:1. Dedim, cəhənnəmə, onsuz da day oyunu aparmışam e, 1 qola heç nə olmaz. Sən saydığını say, gör Danimarka nə sayır. 88-ci dəqiqədə Danimarka birinə də qapıya vurdu: 3:2. Ürəyim partlayır, iki dəqiqə qalıb, hakim də azı üç dəqiqə artıracaq, beş dəqiqə...İçim-içimi yemişəm, bax, indi necə danışıramsa, həmin gün gör necə həyəcanlı olmuşam. Oyunun 89-cu dəqiqəsi, sakitlikdir, pah atonnan, 90-cı dəqiqə Danimarka 3:3 elədi. Düz altı dəqiqəyə 3 qol vurdular, İsveçrənin bütün nəslini ”yad eləyirəm".

Hakim artırma elədi, gözləyirəm bəlkə İsveçrə vura, hara vurur, Danimarka “Çin səddi” qurub, top keçmir. Həyatımda unutmadığım oyunlardan idi. Bir yandan o gün 100 manatım getdi, bir yandan 44 min manat itirdim..."

Səid deyir ki, ən pis və ən yaxşı günü isə kredit, sonra tanışından borc götürüb qumar oynaması olub: “Evdən 500 manat vermişdilər, pulu banka vurmalıydım. Amma əclaflıq elədim, getdim hamısını ”şot"a atdım. Üç oyundan biri gəlmədi, 500 manat “yandı”. Qanım it qanına dönüb, bilmirəm nə edim, evdəkilər bilsələr ki, hamısı qumara gedib, məni kəsərlər. Mən də həmişə uduzan adam deyiləm, bu işdən də başım çıxır, neçə dəfə pis vəziyyətlərdən çıxmışam. Həmin gün beynim çönmüşdü, dostuma zəng elədim, mənə borc pul çatdırdı. Fikirləşirdim ki, bu pulu da uduzsam, ya gərək özümü asım, ya da ölkədən qaçım. Amma Allahın mənə yazığı gəldi, bütün beynimi toparladım, yaxşı bir hesab yazdım.

Həmin gün 1400 manat uddum. Gedib 500 kreditə ödədim, 200 də dostumun borcunu qaytardım. İndi soruşacaqsan ki, qalan 700 manatı da evə aparıb bazarlıq elədim, özümə əyin-baş aldım? Yox, onu da səhər gedib yenə “Topaz”da uduzdum (gülür - E.S) Lazım deyil qardaş, qumardan gələn puldan xeyir olmaz, o pulu da evə xərcləməzlər. Mən içi özüm qarışıq hələ bir adam tanımıram ki, qumardan udduğu pulla xeyir iş görə bilib, ya da maşın, ev alıb. Lap alıbsa da, axıra qədər qismət olmayıb, o evin, maşının başına bir iş gəlir. Çünki o pul başqasının zəhmətlə qazandığıdır, sən onu 90 dəqiqə içində udursan, uduzanların gözü o pulda qalır. Ona görə də mən bu günə kimi böyük pullar da udmuşam və uduzmuşam, heç birini evimiz qapısından içəri salmamışam.

Məsələn, bir dəfə 30 manat mərc qoydum, 120 manat uddum. Həmin gün o pul həkimə-dərmana getdi. Məni kimi davamlı oynayan bir adam, hələ xatırlamıram ki, qumardan udduğum pul bir xeyir işimə dərman olub.

Hə, əgər ayda 3-4 toy dəvətnaməsi gəlibsə, onda həmin pul həqiqətən “halal”dır, apar at toya, 200-300 manat qabağa düş (gülür - E.S).

Bir xeyri yoxdursa, soruşa bilərsən ki, niyə oynayırsan? Vallah, sadəcə, xəstəlikdir, öyrəşmişəm, oynamayanda qala bilmirəm. Həm də ki, yeyib-içmək, pivə, siqaret pulunu çıxarıram da..."

Səidin danışdığı əhvalatlar həddindən çox rəngarəng idi, bəlkə də şişirtməsi, bəlkə də bəlağəti varıydı, amma içində reallıqlar göz qabağındaydı. “Topaz”da onu tanıyan dostları da başları ilə dediklərini təsdiqləyirdilər, hərəsi öz hekayəsini nəql edirdi, ondan gərək qəzetin 16 səhifəsini yazaq.

Sadəcə, bu qısa hekayədə Səidin başına gələnlər bir “nümunə” və dərs olmalıdır, özünün dediyi kimi, qumarın pulundan nə xeyir götürmək olar, nə də o vəsaiti evin kandarından içəri salmağa, övladına nəsə almağa xərcləməyə dəyər...

Emil SALAMOĞLU,
“Yeni Müsavat”,
Fotolar müəllifindir

Açar sözlər
Emil Salamoğlu , Yeni Müsavat , Qalatasaray , Bakı , Çin , Isveçrə , Danimarka , Mançester
Mədəniyyət xəbərləri
Musavat.com digər xəbərlər