Abituriyentlərə vacib TÖVSİYYƏLƏR - Ekspert


Abituriyentlərə vacib TÖVSİYYƏLƏR - Ekspert

Məlum olduğu kimi mayın 12-də I və IV ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanları keçiriləcək.

Cebhe.info xəbər verir ki, təhsil eksperti Kamran Əsədov imtahan verəcək abituriyentlərə bəzi tövsiyələr verib:

“1) Sual kitabçasında verilmiş 1-22, 31-52, 61-82 saylı qapalı test tapşırıqlarının hər birinə verilmiş 5 cavab variantından düzgün hesab etdiyiniz bir cavabı seçin və cavab kartında müvafiq sualın nömrəsini tapın və seçdiyiniz cavaba uyğun dairəni tam qaralayın. Əgər bir suala cavab olaraq birdən çox dairə qaralanarsa, həmin cavab səhv hesab edilir. 2) 23-26, 53-56 və 83-86 saylı hesablama, seçim və xronologiya tipli açıq test tapşırıqlarının hər birinin cavabını (rəqəmlər və varsa nöqtə ardıcıllığını) cavab kartında bu cavab üçün nəzərdə tutulmuş damalara sol xanadan başlayaraq aydın şəkildə yazın. Sonra hər damanın altındakı sütunda uyğun rəqəmi (nöqtəni) tapıb onun yerləşdiyi dairəni tam qaralayın. Əgər eyni bir sütunda birdən çox dairə qaralanarsa, onda cavab səhv hesab edilir. 3) 27, 57 və 87 saylı uyğunluğu müəyyən etmə tipli açıq test tapşırıqlarında təqdim edilmiş iki siyahının elementləri arasındakı uyğunluqları müəyyən edin və cavab kartında birinci siyahının hər bir elementinin nömrəsinə müvafiq sütunda 2-ci siyahının uyğun elementlərinə aid dairələri tam qaralayın. 4) 28-30, 58-60, 88-90 saylı situasiya və yaxud mətn üzrə təqdim olunan açıq test tapşırıqlarının hər birinin cavabını isə cavab vərəqində həmin tapşırıq üçün verilmiş ayrılmış hissəyə çərçivədən kənara çıxmadan səliqəli və oxunaqlı xətlə yazın”.

Ekspert əlavə edib ki, abituriyentlər unutmamalıdır ki, onların balları hesablanarkən yalnız cavab kartında və cavab vərəqində qeyd etdikləri cavablar nəzərə alınır. Ümumi bal hesablanarkən qapalı suallar üzrə doğru cavabların sayından həmin suallar üzrə səhv cavabların sayının ¼-i çıxılır, açıq tipli test tapşırıqları üzrə isə səhv cavablar doğru cavabların sayına təsir göstərmir.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 45