Abortun qadın sağlamlığına nə kimi zərəri var? – ARAŞDIRMA

Abortun qadın sağlamlığına nə kimi zərəri var? – ARAŞDIRMA

Hər bir qadın dünyaya sağlam körpə gətirmək istəyir, hətta bunu özü üçün müqəddəs missiya hesab edir. Çünki qadının təbiət tərəfindən yaradılışı belədir - Ana olmaq! Amma çox təəssüf ki, Azərbaycanda bir çox qadınlar bir və ya ikinci uşağı dünyaya gətirdikdən sonra növbəti arzuolunmaz hamiləliyi süni yolla pozurlar - abort etdirirlər. Bunun üçün isə müxtəlif səbəb və bəhanələr gətirir, ailə planlaşmalarında sonrakı uşaqların doğulmasını nəzərdə tutmadıqlarını deyirlər. Səbəb kimi isə yaşayış şəraitinin, evin olmamasını, işsizliyi göstərirlər. Əksər ailələr bu kimi problemlər içində çapaladıqları halda, qorunmaq haqqında heç düşünmürlər də. Halbuki cinsi akt zamanı müxtəlif qoruyucu vasitə və üsullardan istifadə edib arzuolunmaz hamiləliyi önləmək olar.

Hazırda demək olar ki, bütün dünya abortun qadağan olunması istiqamətində səylər göstərir. Hətta bir sıra ölkədə hamiləliyin süni yolla pozulması qadağan edilib. Azərbaycanda isə abort qadağan olunmasa da, müəyyən məhdudiyyətlər mövcuddur. Bu da dövlət qanunvericiliyi yolu ilə tənzimlənir.

Ginekoloq Sevda Hüseynova bildirir ki, Azərbaycanda 11-12 həftəyə qədər abortları etməyə icazə verilir: "8 həftəyə qədər mini abort olur. Mini abort açılış vasitəsilə uşaqlıq boşluğundan mayalanmış döl yumurtası xaric edilir. 12 həftədən yuxarı abortlar üçün isə, artıq sosial göstəricilər olmalıdır. Buna ailə başçısının rəhmətə getməsi, ailədəki uşaqların sayının 4-dən yuxarı olması, maddi problemlər səbəb ola bilər. Belə hallarda pasient özü notariusdan ərizə gətirərək müraciət edir və buzaman çalışırıq kömək edək, lakin bu da müəyyən həftələrə qədərdir. Ümumilikdə istər 8-ci, istərsə də 12-ci həftə olsun, fərq etməz, abort orqanızmə zərərlidir. Qadının hormonal fəaliyyətində dəyişikliklər yaradır, gələcəkdə sonsuzluğa, iltihabi proseslərin başlanğıcına yol aça bilən bir əməliyyatdır. Abort ümumilikdə fizioloji, psixoloji tərəfdən qadına dəyən zərbədir. Bir də böyük abortlar var. Artıq dəb halını alıb, sanki.

13-cü həftəyə çatan zaman uşağın cinsi valideynlər üçün maraqlı olur və arzu etmədəyi cins olanda abort etdirirlər. Bu abortlar çox təhlükəlidir. Ona görə ki, uşaqlıq boşluğunun qan itkisi ola bilər, uşaqlığın divarının deşilməsi, preferasiyası, həmçinin qan-laxtalanma sitemində problem ola bilər. Qadının uşaqlığı amputasiya edilə bilər. Böyük abortlarda ölüm hallarının da yaşanması mümkündür. Abort hallarında çox zaman cütlüklər birgə qərar verə bilmirlər, ya qadın istəmir uşağı, ata israrla doğulmasını istəyir, yaxud da tam tərsi. Lakin çox hallarda uşağın cinsiyyətini problem edən kişilər ailədə ikinci, üçüncü qız övladlarının dünyaya gəlməsini istəmirlər. Hətta elə də olur ki, valideyinlər uşağın dünyaya gəlməsini istəyir, lakin qayınana israrla istəmədiyini bildirir və gəlini abort etdirməyə məcbur edir. Təbii ki, biz ailələrlə arzuolunmayan hamiləliklərdən qorunmaq üsulları barədə danışıqlar aparır, məlumatlar veririk".

Ginekoloq abortların qadağan olunmasının ana ölümünün sayının artmasına gətirib çıxaracağını düşünr: "Abortların ləğv edilməsi çox həssas məsələdir. Hələ də abortun yaxşı hal olduğunu düşünən insanlar var. Amma qəbul etməliyik ki, mövcud mədəni normalar, iqtisadi şəraitdən asılı olaraq cütlüklər və ya qadınlar abort etmək qərarı verə bilər. Əgər abortlar qeyri-leqal sayılsa, o zaman onlar təhlükəli yollara əl atacaq. Bu halda da qadınların ölüm sayı artacaq. Abortların yaxşı və ya pis olması barədə müzakirələr gedə bilər, amma bu, qadınların sağlamlığına riskləri artırır. Hər iki halda da zərər görən qadınlardır. Xüsusi ilə də selektiv abortlarda, çünki bu əməliyyatların təşəbbüskarı daha çox hallarda kişilər olur. Bu isə qadına artıq ikiqat zərbə deməkdir”.

Psixoloq Zeynəb Əyyubova isə bildirir ki, abortlar zamanı həm fizioloji, həm də psixoloji travma alan qadınlar arasında illərlə depressiyada qalanları da olur: "İstənilən hadisə, istənilən problem hər insanda eyni travmanı qoymur. Bu, abort məsələsində də belədir, bir qadın abort edərək depressiyaya düşə bilirsə, başqa bir qadın bunu normal qarşılayıb heç nə olmamış kimi həyatına davam edə bilir. Lakin bu, 80-90 faiz qadınlarda travma yarada bilir. Cənub bölgəmiz, bildiyiniz kimi, çox uşaq dünyaya gətirmələri ilə bilinir, hətta mən özüm söhbət etdiyim qadınlar arasında 31 dəfə abort edəni də olub. Aralarında 16- 28 dəfə bunu təkrarlayanlar da var. Məsələn, bu qadınlarda heç bir psixoloji travma yoxdur, sadəcə "istəmədim və abort etdim” demək qədər sadə... Qadın uşağı saxlamaq istəyir və dünyaya gətirmək arzusunda olduğu övladını zorla abort etdirən zaman xüsusən də selektiv abortdursa, artıq qadında psixoloji travma yaranır. İki, yaxud da üç qız varsa, ailədə, növbəti bir qız övladını ata istəmir və ana aborta məcbur edilir. Ən pis halda bu qadınlarda ruhi, düşüncə pozğunluqları yarada bilir, hətta illərlə depressiyaya düşənlər də olur. Lakin cütlüklərin ümumi qərarı ilə qadın abort olunarsa, bu, onun üçün ən yaxşı haldır. Psixoloq olaraq bütün cavan qadınlarımıza məsləhətim, öncədən yüz ölçüb, bir biçmək və əgər bir məsulliyətin altına girə bilməyəcəklərsə, əvvəldən bunun qarşısını almaqdır, nəinki, sonradan bir övlad qatili olmaq”.

Xədicə Səxavət

Xeberle.com


Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

PAYLAŞ

Açar sözlər
Sevda Hüseynova , Azərbaycan
Hadisə xəbərləri
Xeberle.com digər xəbərlər