"ABŞ-dan fərqli olaraq bizdə silahı bir çox hallarda lovğalıq vasitəsi kimi görürlər"

"ABŞ-dan fərqli olaraq bizdə silahı bir çox hallarda lovğalıq vasitəsi kimi görürlər"

Amerikanın Florida Ştatında müəllimlərə silah gəzdirməyə icazə verən qanun qüvvəyə minib. Azərbaycanda heç deputatlara silah gəzdirməyə icazə verilmir. Sizcə Amerika insan həyatı üçün təhlükəsiz ölkədir, yoxsa Azərbaycan?



Moderator.az-ın əməkdaşı bu ritorik suala millət vəkili Fazil Mustafadan aşağıdakı cavabı alıb:


"Deputatların və başqa vəzifəli şəxslərin silahla təmin olunması xüsusi qaydalarda həyata keçirilir. Bu kateqoriyadan olan insanların həyatı üçün real təhlükə yaranarsa və ya təhlükə hədəsi ilə qarşılaşarlarsa, silah təminatı Daxili İşlər Nazirliyinin razılığı ilə mümkündür. Azərbaycanda bu məsələdə xüsusi zərurət yaranmadığına görə hələ ki, deputatlara silah verilməyib. Bu həm də ölkədə olan təhlükəsizliyin təminatı ilə bağlı real durumdan qaynaqlanır. Xüsusi bir təhlükə ehtimalı olarsa, heç şübhəsiz ki, həm mühafizə, həm də silah təminatı olacaqdır. Cəmiyyətdə silah daşımanın özü də bir mədəniyyət məsələsidir. Bizdə silahı bir çox hallarda lovğalıq vasitəsi kimi görürlər, yaxud da adamların bir-birinə qarşı ədavətini çözmənin daha asan vasitəsi kimi baxırlar. ABŞ-dakı durumun əsas fərqi budur ki, psixikası pozulmuş insanların törətdiyi qətllər istisna olmaqla ədalətin məhkəmə vasitəsilə bərpa olunacağına inanan əksəriyyət var. Azərbaycanda isə məhkəməyə ədalətin təntənəsini təmin edən orqan kimi nüfuzu yoxdur. Ona görə də bizdə əlində silah olan inandığı ədaləti özü təmin etməyə daha çox can ata bilər. Bu isə cəmiyyətdə xaosun genişlənməsi deməkdir. ABŞ-da hər hansı hadisə baş verərkən dərhal polisə müraciət edirlər və buna ayıb kimi baxmırlar. Bizdə isə polisə müraciət etməkdən bu və ya digər səbəbdən insanların çoxu imtina edir və problemi özü həll etməyə can atır. Müəllimlərə silah daha çox ABŞ-da son illərdə məktəblərdə törədilən qətliamlardan qorunmaq üçün bəzi ştatların qanunvericiliyində nəzərdə tutulub. Biz kiçik ölkəyik, orada baş verən miqyasdakı hadisələr bizdə nadir hallarda ola bilər. Bu səbəbdən də silah mövzusunun aktual olmadığını düşünürəm. Ümumiyyətlə, insanların əlində silah nə qədər az olarsa, təhlükə riski də bir o qədər az olar".

Açar sözlər
Fazil Mustafa , Daxili Işlər Nazirliyi , Azərbaycan , Abş , Florida
Siyasət xəbərləri
Moderator.az digər xəbərlər