“ABŞ-ın Türkiyəyə qarşı iqtisadi təzyiq imkanları var” – ŞƏRH


“ABŞ-ın Türkiyəyə qarşı iqtisadi təzyiq imkanları var” – ŞƏRH

Dollar/TL məzənnəsi 6.24 lirə ilə sentyabrdan bəri ən yüksək səviyyəyə qalxıb və avro oktyabrdan bəri ilk dəfə 7 lirəni keçib.

Maraqlıdır, lirənin dollar və avro kimi beynəlxalq valyutalar qarşılığında dəyər itirməsi, Türkiyə siyasətində hansı problemlərə yol aça bilər?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, dolların dəyərinin artması xalqın hakimiyyətə qarşı etimadının itməsinə, siyasi proseslərin dərinləşməsinə gətirib çıxaracaq:

“ABŞ və Türkiyə arasında davam edən soyuq münasibətlər Türkiyə iqtisadiyyatına müəyyən dərəcədə mənfi təsir göstərir. ABŞ-ın Türkiyəyə qarşı iqtisadi təzyiq imkanları var. Çünki onlar arasında bağlanan alqı-satqı müqaviləsinin məbləği 50 milyardan yuxarıdır. Təbii ki, Türkiyə əhalisini daha çox onların sosial-iqtisadi vəziyyəti maraqlandırır. Çünki ölkədə sosial vəziyyətin ağırlaşması lirənin dollara nisbətdə ucuzlaşması Türkiyə vətəndaşlarının hakimiyyətə qarşı etimadının azalmasına səbəb olur.
Türkiyədə keçirilən bələdiyyə seçkilərində hakimiyyətin müxalifətə uduzması, lirənin dollar qarşısında ucuzlaşmasının nəticəsidir. Bu proses hələ də davam edir. İstanbulda bələdiyyə seçkilərinin nəticələri ləğv edilib və həmin dəqiqədən sonra dollar lirəyə nisbətdə bahalaşmağa başlayıb. Türkiyə iqtisadiyyatında baş verənlər, milli valyutanın dəyərdən düşməsi siyasətdə çox ciddi təsirlərə səbəb olacaq. Hazırda AKP hakimiyyəti bu iqtisadi prosesləri, yəni lirənin dollar qarşısında möhkəmlənməsi siyasətini həyata keçirə bilmir.

Məlum olduğu kimi, Amerika Türkiyədə seçkilərin yenidən keçirilməsinə mənfi münasibət bildirib. Bununla yanaşı Türkiyə və Amerika arasında olan siyasi məsələlər Türkiyə lirəsinə də təsir göstərdi. Hətta Amerika dəfələrlə Türkiyəyə iqtisadi sanksiyalar tətbiq edəcəyini qeyd edib. Onlar arasındakı soyuq siyasi məsələlər lirənin düşməsinə səbəb olub və nəticədə əhali haqlı olaraq AKP iqtidarına qarşı narazılıq edir. Dollar AKP iqtidarının Türkiyə vətəndaşları arasında dəyərinin düşməsinə səbəb olur. Hesab edirəm ki, 23 iyunda seçkilərdən sonra da proseslər mənfiyə doğru davam edəcək. Bu isə Türkiyədə siyasi münasibətlərdə problemlərin dərinləşməsinə, partiyalar arasında siyasi böhranın inkişaf etməsinə və xalqın hakim partiyaya qarşı tamamilə etimadını itirməsinə gətirib çıxaracaq”.

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 78