ABŞ neftin qiymətinin azalmasına çalışır – İqtisadçı


Neftin qiyməti artıq kritik həddi – 1 barel üçün 70 dolları keçdi. Qiymətlər artmaqda davam edir.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı, keçmiş maliyyə naziri Fikrət Yusifov bildirib.

O qeyd edib ki, ABŞ-ın neft ixracatçısı olan Rusiya, İran və Venesuelaya tətbiq etdiyi sanksiyalar bu ölkənin neftin qiymətlərinin aşağı düşməsi ilə bağlı istəyinə uyğun olmasa da Birləşmiş Ştatlar sanksiyaların miqyasını genişləndirmək siyasətindən əl çəkmək fikrində də deyil:

“Gözlənilən budur ki, keçən il noyabr ayının 5-dən İran neftinin satışına 6 ay tətbiq edilən sanksiyaların müddəti başa çatdıqdan sonra qadağaların vaxtı yenidən uzadılacaq və sanksiyalar tətbiq edilməyə başladıqdan sonra bu ölkədən neft ixracına razılıq verilmiş 8 ölkə may ayının əvvəlindən artıq bu razılıqdan məhrum ediləcəklər. Vəziyyətin belə olacağını bilən həmin ölkələrin İrandan neft idxal edən kompaniyaları artıq indidən buna hazırlıq görməyə başlayıblar. Yəni onlar bazarda özlərinə yeni satıcılar axtarmaqdadırlar.

Birləşmiş Ştatların Venesueladakı vəziyyəti günü-gündən daha da gərginləşdirməsi bu ölkənin də neft ixracı imkanlarının aşağı düşməsinə səbəb olur. Bu arada Rusiyayaya neft hasilatı ilə bağlı yeni sanksiyaların tətbiq ediləcəyi gözlənilir. Belə bir durumda Liviyada vəziyyətin gərginləşməsi neft bazarında qiymətlərin artmasına əlavə bir stimul yaradır”.

F.Yusifov bildirib ki, ABŞ dünya bazarlarında neftin qiymətlərinin azalmasını özünün strateji hədəfinə çevirib. O, ABŞ-ın yaranmış vəziyyətdə atmağı planlaşdırdığı addımlardan da bəhs edib:

“Hazırda Birləşmiş Ştatlarda neft hasilatını və onun ixracını sürətlə artırmaq istiqamətində davamlı addımlar atılır, şist neft hasilatı genişləndirilir. OPEK və onunla əməkdaşlıq edən ölkələrə qarşı isə onlar neftin qiymətini tənzimlədikləri üçün sanksiyaların tətbiqi istiqamətində konkret addımlar atılır.

Bu günlərdə Birləşmiş Ştatlar Konqresində NOPEC (No Oil Producing and Exporting Cartels Act) adlı qanun layihəsinin qəbul edilməsi gözlənilir. Bu qanun Amerika məhkəmələrinə OPEK ölkələrinə qarşı inhisarçılıqla bağlı işlərə baxmaq səlahiyyəti verəcək. Bu o deməkdir ki, OPEK-ə üzv olan və ilk növbədə OPEK-lə əməkdaşlıq edən neft hasilatçısı olan ölkələr özlərinə problem yaratmamaq xatirinə bir-birinin ardınca OPEK-i tərk etməyə başlayacaqlar.

OPEK-in dağılması isə neft bazarına nəzarət sahəsində ABŞ-ın hegemonluğunun bərqərar olması demək olacaq. Nəticə etibarilə neft hasilatının həcminin bir mərkəzdən idarə olunması ortadan qalxacaq. Bu, hasilatın artmasına, neftin qiymətlərinin isə son nəticədə ABŞ-n istədiyi bir səviyyəyə qədər azalmasına imkan verəcək”.


İqtisadiyyat xəbərləri
Teleqraf.com digər xəbərlər