Ağlama, əlləri nağılım mənim... - Şəhriyar del Gerani (ŞEİRLƏR)

Ağlama, əlləri nağılım mənim... - Şəhriyar del Gerani (ŞEİRLƏR)

***


bu şəhərdən yavaş-yavaş uzaqlaşar qatarlar

üzülmə, quşlar ona çatarlar.

uzaqlaşar ömürdən sevgilər də astaca

gedirsən - üçcə heca.


Yağış yağır deyirsən, bilirəm

günəş çıxıb deyirsən, bilirəm

külək əsir deyirsən, bilirəm

Mən bilirəm qəribdi adamlar...


qayıdıram evimizə, əlim ətəyimnən uzun

atam sahura oyanıb, ucadan qılır namazın

dualar qəbul olunub

yan otaqdan körpə səsi gəlirsə,

günəş boy göstərirsə,

buğdalar cücərirsə,

Allah qəbul eyləsin quşların duasını,

Allah qəbul eyləsin daşların duasını.

uzaqdan fit verir qatarlar...


qadınların ən gözəli mənim ömrümə düşdü

amma mən heç bir qadının ağ atlısı olmadım.

anam öldü, yas saxladım, anam öldü deyirəm

amma mən heç bir ananın bayatısı olmadım.


Anam qadın, bacım qadın, qızım qadın

ağlama, əlləri nağılım mənim.

düz deyirsən, Allah haqqı qalmayıb ağlım mənim.

Anam qadın, bacım qadın, qızım qadın,

ağlama, əlləri nağılım mənim

Mən bilirəm kimə düşür almalar...


yaşayırsan, deyirsən: Ömürdü

ölürsən, deyirlər: Həyatdı...

Daş üstünə çəkilmiş gül şəkli

ətriylə hamını aldatdı...


Nəysə, eşit nə deyirəm

atası müharibədən qayıtmayan sinif yoldaşım

inşa yazısından dörd almışdı -

"güllə” sözünü sətirdən-sətirə səhv keçirmişdi...

İndiki kimi yadımdadı...


***


Gər çi gör üzüüü...m üstə yağışları,

diziii..m üstə gəlib sənə bağışlanam.

Gər bilmənəm savabı nəydi, suçları -

düzüb gedib gözü...m üstə baxışların,

Ömür keçir səni itirməy ilən...


Elə tutardım əllərin,

əllərin elə yoxdu ki.

Elə öpərdim saçların,

saçların elə yoxdu ki.

Gözümü yumub sayıram gizlənəsən laaa...p uzağda,

Dil gəl, gedən ömürdəndi, Allahda elə gün yoxdu

Ki, ömürdən sayılmasın...


Gər çi gör necə çevrilir yağış dəniz üzünə,

Ay bu gözəlim yağışda balıqlar da islanar.

Sən - bu yağışlı gecədə yuxusuna girdiyim qız

yuxunu suya düz danış, sular yalan götürməz!

İlahi, heç bir balıq tilovuna yubanmasın...


Yubanmasın balıqdısa, uşaqdı,

qaçıb gəlib ayağına, uşaqdı

dizin bilib al qoynuna, uşaqdı

süd dişinə sap bağlayan uşaqdı

qorxur ağrısınnan səni itirməyinin...


Qamışınnan ayrı düşən ney ahım,

Balıqların duasıdı sabahım.

Məni elə bağışla ki, bilinməsin günahım,

Ay sənə and verirəm

alnımın açıq yerinnən, üzümün ağ yerinnən...


Setara...


Sabahlar gözləyənə,

qapılar döyənə açılar.

Arzular istəyənə,

itənlər axtarana tapılar.


Balıqlar dənizlərin,

quşlar göylərin,

atlar da çöllərin duasıdır.


Gəlmiş isə ömrünə

bir qadın könlüyalın,

göz yaşı sevginin sərmayəsidi.


Xatirələr səfində

mühtemelen

səadətli günü vardır

yetimçə bir tifilin də.

Bu gecənin qəfilində

səni düşündüm, Setara...


Evinizin qarşısında

pəncərinizin altında dayandım və ağladım.

Demək ki,

bir kişi

evinizin qarşısında, pəncərənizin altında

dayanarmış və ağlaya bilər imiş.

Günlər böylə keçər imiş, Setara,

nə fərq edər

ya bir qadın bədənində, ya bir kişi bədənində?

Bir də gördün ömür dar gəlir əyninə...


Çiçəklərin açışını

çayların axışını,

buludların yağışını sən dəyişdin, ya Rəb.


Ömür uzandı-uzandı,

bacım yuxuyozandı.

Bu sevgili gecə içrə

qarğa səsi də azandı, ya Rəb.


Görəsən çəkdirdiyim

bunca əzablar içində

getmək həvəsim də nəydi?

Sənə bir etiraf borcum qaldı, Setara:

Günahlarımı güllə kimi sıxdım ömrümə,

məndən başqa hamıya dəydi.


Yollar uzandı-uzandı,

bacım yuxuyozandı.

məni özümdən qoru, ya Rəb...

525.az

www.ann.az