Alman faşizmi üzərində tarixi Qələbədən 74 il ötür

Alman faşizmi üzərində tarixi Qələbədən 74 il ötür

Bakı, 9 may, AZƏRTAC

Bu gün alman faşizmi üzərində tarixi Qələbədən 74 il ötür. 1939-cu il sentyabrın 1-də faşist Almaniyasının Polşanı işğal etməsi ilə İkinci Dünya müharibəsi başlayıb. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da - Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi ilə başa çatıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan faşizm üzərində tarixi Qələbəyə mühüm töhfələr verib. Bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Müharibə illərində göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.

Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər. Partizan hərəkatında iştirak edən soydaşlarımızın da qəhrəmanlıq nümunələri saysız-hesabsızdır. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlıq və şücaəti gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir.

Xalqımız faşizmə qarşı müharibədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də əsl əzmkarlıq nümayiş etdirib. İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Azərbaycan Berlinin alınması zamanı Almaniya səmasında uçan 7 min hərbi təyyarənin yanacaq təchizatını təmin edib. Xalqımız cəbhəyə 7 tondan çox donor qanı göndərib, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəal mövqeyi ilə seçilib. Azərbaycan faşizm üzərində Qələbə naminə bütün imkanlarını maksimum səfərbər edib.

Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə xüsusi diqqət yetirib, onlara hərtərəfli qayğı ilə yanaşıb və sosial məsələlərinin həlli istiqamətində mühüm addımlar atıb. Məhz Ulu Öndərin ədaləti uca tutması sayəsində İkinci Dünya müharibəsi iştirakçılarının mənəvi haqları müstəqilliyin ilk illərində özlərinə qaytarılıb və 1994-cü ildən başlayaraq Azərbaycanda 9 May - Qələbə Günü qeyd olunur. Ulu öndər Heydər Əliyevin bu sahədəki siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev İkinci Dünya müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranların qayğılarına həssaslıqla yanaşır.

Qeyd edək ki, bu il mayın 7-də Prezident İlham Əliyev Azərbaycan Respublikasında müharibə veteranlarına dövlət qayğısının artırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, ölkəmizdə müharibə veteranlarına dövlət qayğısını artırmaq məqsədilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının maddi-texniki bazasının gücləndirilməsi, habelə təşkilatın fəaliyyəti ilə əlaqədar cari məsələlərin həlli və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin təmin olunması üçün Prezidentin ehtiyat fondundan bu quruma 300 yüz min manat ayrılıb.

Siyasət xəbərləri
Erməni nazirin Şuşada səsləndirdiyi fikrə Bakıdan cavab

Erməni nazirin Şuşada səsləndirdiyi fikrə Bakıdan cavab

09-05-2019 21:15 - Yenisabah.az - Siyasət
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan siyasi rəhbərliyinin hərbi işğal altında saxladığı Şuşa şəhərinə səfəri və bu xüsusda səsləndirdiyi bəyanatlara münasibət bildirib. “Yeni Sabah” xəbər verir ki, XİN bu çıxışların münaqişə tərəfləri arasındakı son görüşlərdə qəbul edilmiş birgə bəyanatlarla ziddiyyət təşkil etdiyini bildirib: "Ermənistan siyasi rəhbərliyinin hərbi işğal altında saxladığı Şuşa şəhərinə səfəri, bu xüsusda səsləndirilmiş bəyanatlar, eləcə də xarici işlər naziri də daxil olmaqla rəsmi Yerevanın səsləndirdiyi “Artsaxın azadlığının müdafiəsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli öhdəliyimizin əsasını təşkil edir” kimi fikirlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar üçün çox yalnış ismarış olmaqla yanaşı, son görüşlərdə qəbul edilmiş birgə bəyanatlarda əks olunmuş əhalilərin sülhə hazırlanması çağırışı ilə kəskin ziddiyyət təşkil edir. Hadisələrin bundan sonrak mümkün inkişafı ilə bağlı bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür. Bütün beynəlxalq ictimaiyyət və beynəlxalq təşkilatlar Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanıyır.
Azertag.az digər xəbərlər