"Alyans" veteranları Əfsanəvi kəşfiyyatçı Məmmədhüseyn Əsədovun xatirəsi anıblar (FOTO)

"Alyans" veteranları Əfsanəvi kəşfiyyatçı Məmmədhüseyn Əsədovun xatirəsi anıblar (FOTO)

Bakı. Vüqar İmanov - Trend

"Alyans" Xüsusi Xidmət Orqanları Veteranları İctimai Birliyinin üzvləri əfsanəvi kəşfiyyatçı Məmmədhüseyn Əsədovun xatirəsini anıblar.

Trend-in məlumatına görə, Birliyin sədr müavini Azər Qarayev İkinci Dünya Müharibəsinin vacib hadisələrindən olan 1943-cü il Tehran konfransının təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamış əfsanəvi kəşfiyyatçının həyatı və fəaliyyəti barədə məlumat verib.

Qeyd olunub ki, İkinci Dünya Müharibəsində azərbaycanlı oğul və qızların göstərdirdiyi qəhrəmanlıq və vətənpərvərlik faşizm üzərində qələbənin amillərindən biri olub. Vaxt keçdikcə azərbaycanlıların qəhrəmanlıqları ilə bağlı yeni faktlar üzə çıxır. Unutmaq lazım deyil ki, 600 mindən çox azərbaycanlı cəbhəyə gedib, mindən çox soydaşımız həlak olub.

Müharibənin qəhrəmanlarından biri də, adı təzəlikcə məlum olmuş Məmmədhüseyn Əsədovdur. O, həmin dövrdə sovet kəşfiyyatının əməkdaşı və "Tehran-43" əməliyyatının iştirakçılarından olub.

Məmmədhüseyn Əsədov kim olub?

Məmmədhüseyn Xudadat oğlu Əsədov 1899-cu ildə anadan olub. 19 yaşı tamam olanda Qırmızı ordunun xüsusi təyinatlı hissələrinin birində xidmətə başlayıb. Böyük Vətən Müharibəsi başlayanda Baş Kəşfiyyat İdarəsi M.Əsədovu İrana ezamiyyətə göndərib. Çünki o, bir neçə dili mükəmməl bilirdi və geniş kəşfiyyat imkanlarına malik idi. Onun işinin əsas istiqaməti ingilis və alman kəşfiyyatlarına qarşı əməliyyatların təşkil olunması idi. 1942-47-ci illərdə M.Əsədov SSRİ-nin İranda ticarət nümayəndəliyinin rəhbəri vəzifəsini tuturdu.

Həmin dövrdə İran Stalin, Çörçill və Ruzvelt arasında danışıqlar üçün uyğun məkan olaraq seçilmişdi. Konfransa hazırlıq məxfi şəraitdə getdiyindən İranın özünə yalnız altı gün qalmış, noyabrın 22-də məlumat verilmişdi.

Noyabrın 24-də gecə Baş komandanlığın üzvü, Baş qərargahn rəisi, marşal Aleksandr Vasilyevski Astaraya gələrək Məmmədhüseyn Əsədovla görüşüb. Daha sonra onlar İrana yola düşüblər. Stalinin göstərişinə əsasən, Vasilyevskinin səfərinin əsas məqsədi liderlərin görüşünə hazırlığın yoxlanılması və təhlükəsizlik məsələlərinə nəzarət idi.

Noyabrın 28-də Tehran konfansı başladı. Amma konfrans ərəfəsində M.Əsədov alman kəşfiyyatının SSRİ, ABŞ və Böyük Britaniya liderlərinə sui-qəsd hazırlaması barədə məlumat əldə edir. O təkcə məlumatı əldə edən yox, həm də sui-qəsdin qarşısının alınmasında fəal iştirak edən ilk şəxslərdən olub.

Bu əməliyyatın keçirilməsində müstəsna roluna görə Məmmədhüseyn Əsədov eyni zamanda iki ordenlə - "Lenin" və "Qırmızı Ulduz" ordenləri ilə təltif olundu.

İlk dəfə sui-qəsd cəhdi haqqında 1943-ci il dekabrın 17-də ABŞ prezidenti Franklin Ruzvelt mətbuat konfransında geniş ictimaiyyətə məlumat verib.

Tarixi araşdırmaların göstərdiyi kimi, bu mövzu Tehran konfransının 25 illik yubileyinədək gizli qalıb.

Azərbaycanlı kəşfiyyatçı Məmmədhüseyn Əsədov "Tehran-43" əməliyyatının keçirilməsində və anti-Hitler koalisiyasının rəhbərlərinə sui-qəsdin qarşısının alınmasında müstəsna xidmətlərə malikdir. Tarix göstərir ki, gec və ya tez hər şey öz yerini alır.

Azər Qarayev tədqiqatın həyata keçirilməsində, əfsanəvi qəhrəmanlarla bağlı məlumatların toplanmasında köməyinə görə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyevə və informasiya dəstəyinə görə TREND İnformasiya Agentliyinin rəhbərliyinə təşəkkürünü bildirib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Siyasət xəbərləri
Metbuat.az digər xəbərlər