"Anası bələyi açanda görür ki, bələk qan içindədir..." - Mir Mövsüm ağanın həyatı haqqında BİLMƏDİKLƏRİMİZ +VİDEO

"Anası bələyi açanda görür ki, bələk qan içindədir..." - Mir Mövsüm ağanın həyatı haqqında BİLMƏDİKLƏRİMİZ +VİDEO

"Anası bələyi açanda görür ki, bələk qan içindədir..." - Mir Mövsüm ağanın həyatı haqqında BİLMƏDİKLƏRİMİZ +VİDEO

17:38 19 Dekabr 2018


Sizə elə bir insandan danışacağam ki, o, fenomen idi. Təkcə adi vətəndaşlar deyil, tədqiqatçılar, elm adamları belə artıq bu faktı təsdiqləyiblər. Bu insanlar dindən, mövhumatdan uzaq olsalar da, Mir Mövsüm ağa adı çəkilən kimi “o fərqlidir, o digərlərinə bənzəməz” deyirlər. Bəs nə idi Mir Mövsüm ağanın fərqi?

Niyə onun ölümü 1950-ci ildə ümumxalq kədərinə, yüz minlərin iştirak etdiyi izdihama səbəb olmuşdu? Axı, bu fiziki qüsuru olan, özü də sağlam olmayan bir insan başqalarına necə yardım edə bilirdi? Nə idi bu nəhayətsiz sevginin səbəbi? Bunu bilmək istəyirsizsə, diqqətinizi bir yerə cəm edin, başlayaq.

Mir Mövsüm ağa İçərişəhərdə, Firdovsi 3 ünvanında, yaşıl qapılı, kiçik həyətli evdə yaşayıb. İnanmıram, elə bir azərbaycanlı olsun ki, bu evi tanımasın, bura ayaq basmasın. Baxmayaraq ki, ağa artıq 60 ildir ki, həyatda yoxdur. Bir gün, bir saat, bir dəqiqə belə onun bu evi, eyni zamanda, Şüvəlandakı ziyarətgahı boş qalmır. İndi artıq o özü gələnləri qarşılamır, heç kimin başına əlini çəkə bilmir, amma insanlar bu gün də dəstə-dəstə bura axışaraq, yenə də nicat tapacaqlarına, şəfa tapacaqlarına çox ümid bəsləyirlər.

Mövsümovlar ailəsini çoxları əsl içərişəhərli bilsələr də, əslində onlar İçərişəhərə XIX əsrin sonlarında köçüblər. Məlum ev də sonradan tikilib. Bu ərazidə torpaq alması ilə bağlı Ağanın atası Seyid Hüseynağa Bakının general–qubernatoruna məktub yazır və burada ev tikməyə rəsmi icazə istəyir.
Kişik qardaşı Mir Kazım ağanın qızı və bu gün İçərişəhərdəki bu ocağın sahibi Qönçə xanım isə Ağanın anasının Xurşudbanu Natəvanla məktublaşdığını, onların bir-birilərinə şeir yazdığını bildirir. Böyük və dünyasını orta yaşlarında dəyişən qardaşı Seyid Hüseyn ağa isə dinşünas alim, filosof olub.

Mir Mövsüm ağa 1883-cü ildə Seyid Mir Talib Ağanın evində dünyaya gəlib. Bəzən çoxları onu daha da müqəddəsləşdirmək üçün sümüksüz doğulduğunu iddia etsə də, ailəsi bu haqda tamamilə başqa gerçəkləri söyləyir. Qönçə xanım deyir ki, “o, normal uşaq kimi dünyaya gəlib. Anası Xədicə xanım bir həftədən sonra bələyi açır ki, uşağı çimizdirsin, görür ki, bələk qan içindədir, o vaxt həkim olmadığı üçün axund çağırırlar. O baxır deyir ki, “Allaha pənah, bu uşaq qalar, ya qalmaz”. Çoxlu qan itirdiyinə görə uşağın bir tərəfi iflic olur. Danışığı da qüsurlu olur. O, sümüksüz deyildi, uşaq iflici olduğundan sümüyündə kalsium azlığı olub, qamətini şax saxlaya bilmirdi, arıq bədənli idi, çox da siqaret çəkərdi, onun çəkmələrini qonşuları yəhudi Maryaş tikirdi. Bunlar olduqca yumşaq qara, uzunboğaz çəkmələr idi və par-parıldayan bu çəkmələr həmişə ayağında olardı. O, bu yəhudini çox istəyirdi. Düzdür, onlar bir-birinin dilini bilmirdi, amma bir-birilərinə böyük hörmətləri vardı. Ağanın özü də Ətağa sözünü sevməzdi, biz də həmişə deyirik ki, ona belə müraciət etməyin. 40 yaşına qədər az da olsa gəzə bilib, otura bilib, sonra heç kalsium azlığından onu da edə bilməyib. O, məşhur şəklinin rəssam tərəfindən çəkildiyini güman edirlər, amma yalandır, bunlar fotoşəkildir. Bu yalan bizə lazım deyil. Mən 1954-cü ildə doğulmuşam, Ağa 1950-ci ildə rəhmətə gedib. O şəklin ayaqüstə olan variantı da bizdə var. Bu şəkillər bizim evdən çıxıb. O tam şikəst deyildi, ağlı özündə idi. Danışanda başa düşmək olurdu nə deyir. Hətta xoşu gəlməyən adam olanda hirslənərdi ki, mənə yaxın qoymayın. Qardaşları, bacıları xəbər verirdi ki, bu adam səndən pənah istəməyə gəlib, bir günah işlədib, ona kömək ol, onda sakitləşib, o adamı qəbul edər, əlini başına çəkərdi”.



Açar sözlər
Ilham Əliyev , Mehriban Əliyeva , Heydər Əliyev , Zeynalabdin Tağıyev , Kamil Əliyev , Corc Buş , Akif Əlizadə , Murtuza Muxtarov , Izzət Məmmədov , Qasım Ismayılov , Oqtay Mirqasımov , Mikayıl Abdullayev , Mövsüm Ağa , Bəhram Ibrahimov , Mir Talib Ağa , Fərhad Zeynalov , Səkinə Ağa , Ağamusa Nağıyev , Rüfət Mahmudov , Elmlər Akademiyası , Böyük Və Dünyası , Azərbaycan , Bakı , Rusiya , Vaşinqton , Misir , Bərdə , Van , Firdovs , Ənzəli , Quran
Mədəniyyət xəbərləri
Femida.az digər xəbərlər