Ankara Vaşinqtona cavab verdi, qırıcıları başqa ölkədən alacağıq

Ankara Vaşinqtona cavab verdi, qırıcıları başqa ölkədən alacağıq

Türkiyə həm Rusiya, həm də Birləşmiş Ştatlara münasibətlərdə açıq şəkildə davranır

BAKI, 24 aprel — Sputnik. Birləşmiş Ştatlar beşinci nəsil "F-35" tipli qırıcılarını Türkiyəyə tədarük etməkdən imtina edərsə, onda rəsmi Ankara ehtiyacını başqa ölkədən təyyarələr almaqla ödəyəcək. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

"Biz "F-35" tipli qırıcıların istehsalı üzrə proqramda tərəfdaşıq, bunun üçün lazım olan vəsaiti ödəmişik. Bu məsələ ilə bağlı bir problem yoxdur. Lakin hadisələrin ən pis inkişafı ssenarisində biz öz ehtiyacımızı başqa bir yerdə - ən yaxşı texnologiyaların təklif olduğu yerdə təmin etməyə məcbur olacağıq" - deyə Türkiyənin Xarici İşlər naziri bildirib.

Çavuşoğlu vurğulayıb ki, onun ölkəsi həm Rusiya, həm də Birləşmiş Ştatlara münasibətlərdə açıq şəkildə davranır.

Qeyd edək ki, martın 6-da ABŞ Dövlət Departamenti Türkiyəni sanksiyalarla hədələyib. Belə ki, Birləşmiş Ştatlar Rusiyadan "S-400" alacağı təqdirdə Türkiyəyə sanksiyalar tətbiq edəcəklərini açıqlayıb.

ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Robert Palladino da Türkiyənin Rusiyadan "S-400" almasına münasibət bildirib. O, ABŞ-ın "S-400" məsələsində mövqeyinin dəyişmədiyini və Türkiyənin Rusiyadan bu sistemləri almaq cəhdinin ABŞ-ı ciddi şəkildə narahat etdiyini dilə gətirib.

"Havadan müdafiə sistemi məsələsində Türkiyə ilə bərabər işləməyə hazırıq və Türkiyənin qiymətləndirməsi üçün "Patriot" və digər sistemləri təklif edirik. Türkiyənin "S-400" alması Ankaranın "F-35" qırıcılarının 5-ci nəsil proqramının yaradılmasında iştirakına yenidən baxmağımıza səbəb olacaq. Bundan əlavə, gələcəkdə Türkiyəyə silah tədarükü imkanları sual altına düşəcək" - deyə amerikalı sözçü vurğulayıb.

Siyasət xəbərləri
Sputnik.az digər xəbərlər