AO: “Hərbi hissəni evimiz, əsgərləri doğma övladımız bilirik”

AO: “Hərbi hissəni evimiz, əsgərləri doğma övladımız bilirik”

Hərbi hissələrimizdə yeni yeməkxanalar, yataqxanalar, hamam və camaşırxanalar şəxsi heyətin istifadəsinə verilib. Bunlarla yanaşı, Müdafiə nazirinin göstərişi ilə hərbi hissələrdə təsərrüfat işlərinə qadınların cəlb olunması da uğurlu islahatlardan biridir. Qadın işçilər əsgərləri öz övladlarından ayırmır, onlara doğma münasibət bəsləyirlər. Onlar həm milli mətbəximizin gözəl təamlarından bişirir, həm də onların camaşırlarının təmiz yuyulub ütülənməsi işini yerinə yetirirlər. Nəticədə xidmət keçən gənclərimiz ana qayğısı ilə əhatə olunurlar və bu münasibət onların mənəvi-psixoloji hazırlığına müsbət təsir edir. Bu da şəxsi heyətin məişət işlərindən uzaqlaşaraq döyüş hazırlığı ilə məşğul olmasına zəmin yaradır.

Düşmənlə təmas xəttində yerləşən hərbi bölmədə bu qayğının bir daha şahidi olduq. Hərbi hissənin müasir şəraiti bizə xoş ovqat aşıladı. Söhbətləşdiyim qadınların hər biri əsgərləri öz övladlarından ayırmadıqlarını vurğulayaraq, torpaqlarımızı qoruyanlara xidmət etməkdən qürur duyduqlarını bildirdilər.

Aşpaz Kifayət Hüseynova bildirdi ki, əsgərləri doğma övladımız, qardaşımız, hərbi hissəni isə evimiz bilirik. "Bura böyük və möhkəm ailədir. Bütün yeməkləri sevgi ilə bişirirəm. Dadlı və keyfiyyətli xörəklər hazırlamaq üçün əlimdən gələni edirəm. Onlar hazırlanan xörəklərdən razılıqlarını bildirəndə özüm də sevinirəm. Prezidentimiz hərbi hissələrə səfərlərinin birində aşpazlara demişdi ki, siz əsgərlər üçün daha dadlı, keyfiyyətli yeməklər hazırlayın, qoy onlar sağlam, gümrah, möhkəm olsunlar, çünki torpaqlarımızı, Vətənimizi düşməndən qoruyurlar. Bu sözlər işimizin vacibliyini və məsuliyyətini bir daha göstərir. Müqəddəs vəzifəni yerinə yetirən oğulların qulluğunda durmaq bir ana üçün ən şərəfli işdir".

Müasir tələblərə cavab verən, tamamilə avtomatlaşdırılmış sistemdə fəaliyyət göstərən camaşırxana ən son avadanlıqlarla təchiz olunub. Camaşırxanada qadın səliqə-sahmanı hiss olunur. Burada çalışanların çoxu qadındır.

Operator Gözəl Məhərrəmova əvvəlcə işin gedişindən danışaraq bildirdi ki, yeni avadanlıqlar camaşırların qısa müddətdə tərtəmiz yuyulub təhvil verilməsinə zəmin yaradır. "Biz şəxsi heyətin yataq dəstlərini və geyimlərini bölmələrdən təhvil alırıq. Müasir və irihəcmli paltaryuyan maşınlarda yuyulduqdan sonra ütüləyir, çeşidləyir və səliqə ilə anbara yığırıq. Sonda anbardan bölmələrə təhvil veririk. Bütün işçilər kimi, mən də işimə ürəkdən bağlıyam. Ordumuzun gücünün artmasında bizim də əməyimizin olması məni sevindirir. Ordu xalqın güvənc yeridir, arxa-dayağıdır. Şərəfli peşə sahibləri ilə bir arada olmaq, onlara xidmət etmək ikiqat qürurludur."

Günel Hacıyeva da fikirlərini bildirdi. "Bir neçə il öncə qadınların orduda məişət işlərinə cəlb olunduğunu eşidəndə sevindim, hərbi xidmətə gəlmək üçün komandanlığa müraciət etdim. Doğma el-obamızı düşməndən mətinliklə qoruyan övladlarımıza qulluq göstərməkdən qürur duyuram. Gördüyünüz bu əsgərlər gecə-gündüz torpaqlarımızın keşiyində dayanırlar, onların üst-başının, yataq dəstlərinin təmiz və səliqəli olması üçün heç bir zəhmətdən çəkinmirik. Öhdəmizə düşən bütün işlərə ürəklə yanaşır, həvəslə çalışırıq. Dövlət və ordu rəhbərliyinə minnətdarıq ki, övladlarımıza belə yüksək qayğı var."

"Əsgər balalarımızı təmiz və ütülənmiş yataq dəstləri, səliqə-sahmanlı geyimlə təmin etmək üçün çalışırıq. Mən də əsgərlərimizə xidmət etməkdən qürur duyuram. Buradan əsgər valideynlərinə demək istəyirəm ki, narahat olmayın, oğullarınıza öz balalarımız kimi qulluq edirik", - camaşırları səliqə ilə ütüləyən operator Zülfiyyə Həsənova belə dedi.

Hərbi bölmənin cavabdeh zabitlərindən olan mayor Qəmbər Orucov söhbətində burada çalışan qadın işçilər haqqında ağızdolusu razılıq etdi. O dedi ki, işçilərin hər biri zəhmətkeş insandır. Öhdəsinə düşən işləri bacarıqla yerinə yetirir, hər bir hərbi qulluqçuya doğma münasibət bəsləyir, qayğı ilə yanaşır. Əsgərlər məsuliyyət hissi ilə xidmət edir, bütün tapşırıqların öhdəsindən bacarıqla gəlirlər.

Mahmud Möhbalıyev, "Azərbaycan Ordusu"

Foto: C.Cəfərov

Siyasət xəbərləri
Ordu.az digər xəbərlər