Vida mərasimi başa çatdı: Arif Məlikov I Fəxri xiyabanda dəfn edildi

Vida mərasimi başa çatdı: Arif Məlikov I Fəxri xiyabanda dəfn edildi

Xəbər verdiyimiz kimi, mayın 9-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında görkəmli bəstəkar, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ və Azərbaycan Respublikasının xalq artisti, Dövlət və Heydər Əliyev mükafatları laureatı Arif Məlikov ilə vida mərasimi keçirilib.

AzərTAc bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Mədəniyyət naziri Əbülfəs Qarayev vida mərasimində çıxış edərək Arif Məlikovun ömür yolu və bənzərsiz yaradıcılığı barədə danışıb. Nazir vurğulayıb ki, Arif Məlikovun Nazim Hikmətin librettosuna yazılmış “Məhəbbət əfsanəsi” baleti görkəmli bəstəkara dünya şöhrəti qazandırıb. Bu balet ilk dəfə 1961-ci ildə Sankt-Peterburq Akademik Mariinski Teatrında tamaşaya qoyulub. Arif Məlikov səkkiz simfoniya, “Nağıl”, “Vətən”, “Metamorfozlar”, “Axırıncı aşırım” simfonik poemalarının, süitaların, “Bu torpaqda iki nəfər”, “İki qəlbin dastanı” baletlərinin, “Torpağın səsi” kantatasının, “Dalğalar” operettasının, Nazim Hikmətin sözlərinə üç romans silsiləsinin, fortepiano və orkestr üçün konsertin, kamera-instrumental əsərlərin, kinofilmlərə, dram tamaşalarına musiqilərin, bir çox mahnıların müəllifidir. Bəstəkarın musiqiləri bu gün dünyanın bir çox ölkələrinin möhtəşəm teatr və konsert salonlarında, dövlət tədbirlərində, mədəniyyət günlərində, beynəlxalq musiqi festivallarında uğurla səslənir.

Arif Məlikovun musiqisində fikir dərinliyi, gözəllik, qeyri-adilik, coşqunluq, müasirlik və bunların vəhdətində orkestri ustalıqla cazibəyə salaraq təbii ahəngdə idarə etmək qabiliyyəti çox güclüdür. Məhz Arif Məlikovun taleyinə yazılmış bir ömrün əfsanəsi yarım əsrdən çoxdur ki, dünyanın sənətsevərlərini öz cazibəsində saxlamaqdadır.

Əbülfəs Qarayev deyib ki, Arif Məlikovun ümummilli lider Heydər Əliyevə ithaf etdiyi 8-ci "Əbədiyyət" simfoniyası Azərbaycan musiqi mədəniyyətinin növbəti sənət zirvəsindədir.

Vida mərasimində Bakı Musiqi Akademiyasan rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova və Arif Məlikovun tələbəsi bəstəkar Ceyhun Allahverdiyev çıxış edərək Arif Məlikovun bənzərsiz sənət dünyasından söhbət açıblar.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərhumun ailə üzvlərinə dərin hüznlə başsağlığı veriblər.

Vida mərasimindən sonra görkəmli bəstəkarın cənazəsi son mənzilə yola salınıb.

Mərhum I Fəxri xiyabanda torpağa tapşırılıb.

* * *14:40

Xalq artisti Arif Məlikovla vida mərasimi keçirilir.

“Report”un xəbərinə görə, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında keçirilən mərasimdə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov, Mədəniyyət naziri Əbülfəs Qarayev, Təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, eləcə də mərhumun dostları, bəstəkarlar, kino və teatr xadimləri, ictimaiyyət nümayəndələri və sadə vətəndaşlar iştirak edirlər.

Arif Məlikov I Fəxri xiyabanda torpağa tapşırılacaq.

* * *12:43

Məşhur bəstəkar, SSRİ və Azərbaycanın Xalq artisti Arif Məlikov 85 yaşında vəfat edib.

Bu barədə “Report”a Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli məlumat verib.

O bildirib ki, hazırda vida mərasimi və dəfn üçün hazırlıqlar görülür.

"Bu gün saat 14:00-da Bakı Musiqi Akademiyasında Arif Məlikovla vida mərasimi keçiriləcək", - deyə F.Bədəlbəyli əlavə edib.

Qeyd edək ki, Arif Cahangir oğlu Məlikov 13 sentyabr 1933-cü ildə Bakı şəhərində anadan olub. O, 1960-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlıq sinfi üzrə bitirib. Həmin ildən orada dərs deməyə başlayıb. 2016-cı ildə Arif Məlikovun 28 cilddən ibarət "Not əsərlərinin tam külliyyatı" çap olunub.

O, 1986-cı ildə SSRİ xalq artisti adına layiq görülüb. 1998-ci ildə "İstiqlal", 2013-cü ildə "Heydər Əliyev" ordeni, 2018-ci ildə isə "Şöhrət" orden ilə təltif olunub. O, 1965-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, 1978-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb.

Mədəniyyət xəbərləri
Virtualaz.org digər xəbərlər