“ASAN xidmət” mərkəzlərində işləmək istəyən vətəndaşların nəzərinə!

“ASAN xidmət” mərkəzlərində işləmək istəyən vətəndaşların nəzərinə!

Bakı, 8 may, AZƏRTAC

Prezident İlham Əliyevin sərəncamlarına əsasən, bu il ərzində Bakı şəhərində və bölgələrdə, ümumilikdə, 6 yeni “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 28-ci maddəsinə əsasən, yeni açılacaq Tovuz, Şamaxı, Kürdəmir, Ağcabədi, Balakən və 6 saylı Bakı “ASAN xidmət” mərkəzlərində olan vakant inzibati vəzifələr üzrə elan yaxın vaxtlarda Dövlət İmtahan Mərkəzinin (www.dim.gov.az) və agentliyin (www.vxsida.gov.az) internet saytlarında yerləşdiriləcək.

Elan olunacaq vakant inzibati vəzifələrə sertifikatı olan, vəzifənin tutulma şərtlərinə uyğun gələn vətəndaşlar müraciət edə bilərlər.

Müsahibəyə hazırlaşarkən Dövlət İmtahan Mərkəzinin internet saytında yerləşdirilən müsahibə proqramından istifadə olunması tövsiyə edilir.

İqtisadiyyat xəbərləri
Azertag.az digər xəbərlər