Astaralı şagirdlər yol hərəkətinin təhlükəsizliyi barədə maarifləndirilib

Astaralı şagirdlər yol hərəkətinin təhlükəsizliyi barədə maarifləndirilib

Astara, 26 aprel, Bağır Əliyev, AZƏRTAC

Astara Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin təşkilatçılığı ilə şəhər 2 nömrəli tam orta məktəbdə yol hərəkətinin təhlükəsizliyi ilə bağlı tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi ilə bağlı təşkil edilən tədbir yol hərəkəti təhlükəsizliyinin təbliği və təşviqinə həsr olunub.

Tədbirdə çıxış edən Astara Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin rəisi, polis mayoru İlqar Rəhimzadə bu cür maarifləndirici tədbirlərin piyadaların iştirakı ilə baş verən qəzaların sayının azalmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

İ.Rəhimzadə daha sonra nümayiş etdirilən videoçarxlar vasitəsilə yollarda quraşdırılan nişanların, işıqforlar və piyada keçidlərinin əhəmiyyətindən danışıb, təhlükəsizlik qaydalarını şagirdlərə izah edib.

Tədbirdə qəzaların yaranma səbəbi, təhlükəli vəziyyətlərə gətirib çıxaran addımlar, sürücü və piyadaların riayət etməli olduğu qaydalar, hər birinin məsuliyyəti barədə iştirakçılara məlumat verilib.

Məktəblilər yol hərəkəti qaydaları haqqında hazırladıqları səhnəcikləri nümayiş etdirib, həmyaşıdlarını təhlükəsizlik qaydalarına qarşı biganə olmamağa səsləyiblər.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Açar sözlər
Bağır Əliyev , Ilqar Rəhimzadə , Daxili Işlər Nazirliyi , Astara Rayon Polis Şöbəsi , Azərbaycan Respublikası , Lənkəran , Astara
Hadisə xəbərləri
Azertag.az digər xəbərlər