Atəşkəs kontekstinə nişangahdan baxış - HƏRBİ ESKPERT (II Yazı)

Atəşkəs kontekstinə nişangahdan baxış - HƏRBİ ESKPERT (II Yazı)
Azərbaycanın müasir silahlar ixracatı və Müdafiə sənayesinin inkişafı xətti

Azərbaycanın öz müstəqilliyini elan etməsi, bildiyimiz kimi Dağlıq Qarabağda müharibənin alovlanması ilə bir vaxta təsadüf etdi. Bu zaman müstəqillik atributlarının inkişafı ilə birlikdə, təcili silahlı qüvvələr yaradılması və onların texnika, silah, ləvazimatla təmin edilməsi, milli müdafiə sənayesinin yaradılması məsələsi də prioritet olaraq qarşıda dururdu. Bu kontekstdə Azərbaycan keçmiş Sovetlər Birliyi respublikaları ilə müqayisədə daha acınacaqlı vəziyyətdə idi.

Sovetlər süqut edəndən sonra bir çox respublikalarda hərbi zavodlar, istehsal xətləri, mütəxəssislər, elmi-texniki baza qalmaqda idi. Bütün bunları konservasiyadan çıxaran keçmiş Sovetlər ittifaqı respublikalarının çoxsunda hərbi sənaye qurmaq daha asan oldu ki, bunu da Azərbaycan üçün demək olmaz. Çünki, məhz Azərbaycan Sovetlər Birliyinin dağılması ərəfəsində ərazisində olan bir çox istehsal zavodları, hərbi sənaye komplekslərinin dağıdılması və avadanlığın ölkədən çıxarılması ilə qarşılaşdı. Dağılmaqda olan Sovetlər Birliyinin hərbi sənaye rəhbərlikləri burada olan istehsal xəttlərini, sənaye zavodlarını məhv etməklə Azərbaycanın bir daha hərbi sənayesinə qayıtmayacağına inanırdılar.

Başqa respublikalarda isə bu kimi cəhdlər baş tutmadı. Məsələn, Ukrayna və Belarusda Sovet dövründən qalan və konservasiyaya salınmış böyük istehsal xətləri, hərbi zavodlar, zirehli texnika bazaları, silah və sursat anbarları, hərbi kommunikasiyalar, təyyarə və helikopterlərlə zəngin hərbi aerodromlar, hərbi elmi-tədqiqat insitutları və onların bazası qaldı. Sonradan bu respublikalar üçün həmin konservasiyada olan əmlakın yenidən sıraya qaytarılması çox da çətinlik tələb edə bilən amil deyildi. Lakin Azərbaycanda sovet quruluşunun hərbi sənayesi başqa respublikalardan fərqli idi. Burada qurulan hərbi zavod və istehsal xəttləri ümumən sovet hərbi sənayəsinin parçaları idi. Hazır məhsul yox, onun komponentləri hazırlanaraq başqa zavodlara komplektləşmə üçün göndərilir, respublikada tam məhsul hazırlanmırdı.

Müstəqilliyin birinci onilliyində bir sıra keçmiş sovetlər respublikaları kimi Azərbaycanın da silahlanması ərazisində dislokasiya olunmuş SSRİ hərbi baza və hissələrinin silah və texnikaları hesabına aparılırdı. Lakin bu silah və texnikaları əldə etmək onun üçün çətin idi ki, SSRİ dağılandan sonra Zaqafqaziya hərbi dairəsinin Azərbaycanda yerləşən (4-cü ümumqoşun ordusu) və ümumən Qafqazda yerləşən hərbi baza və hərbi hissələri 1992-ci il martın 19-da B. Yeltsin tərəfindən verilən sərəncamla Rusiyanınkı elan olundu. Buna görə də formal olaraq ərazisində yerləşən hərbi hissələrin əmlakını özününkü elan edən Azərbaycan, həqiqətdə Rusiya ilə əmlakın, silahın və texnikanın respublikaya verilməsi üçün danışıqlara getməli oldu.

Belə ki, yeni yaranan Azərbaycan Ordusunda şəxsi heyətin çatışmazlığı, material-texniki bazanın olmaması, Qarabağda aramsız döyüş əməliyyatları və hökumət böhranı nəticəsində ərazidə yerləşən Rusiyaya tabe edilmiş silahlı qüvvələr tələsik Rusiyaya dislokasiya olunmağa başladılar. Faktiki olaraq respublikadan çıxarılan qüvvələr, öz silah və texnikalarının az bir hissəsini Azərbaycanın yeni yaranmış ordusuna təhvil versələr də, bu texnika, silah, texniki vasitələr, ləvazimat və hərbi hissələrin əraziləri çox vaxt korlanmış, istifadəyə yararsız və köhnə olurdu.

Zaqafqaziya hərbi birləşmələrinin Azərbaycanda yerləşən bütün hərbi aerodromlarından yararlı uçuş texnikası Rusiyaya uçuruldu. Aerodromlarda sadəcə uçuş üçün yararsız texnikalar, dağıdılmış uçuş-nəzarət məntəqələri, korlanmış lokasiya sistemləri qaldı. Silah-sursat və texnikanın kiçik bir hissəsi yerli qüvvələr tərəfindən çətinliklə də olsa ələ keçirilə bildi. 1992-ci ilin iyununda Bakıda Xəzər flotiliyasının bölünməsi prosesinə start verildi. Bu zaman Azərbaycana 159A layihəli keşikçi gəmi, 205U layihəli raket kateri, 205P və 1400M layihəli artilleriya katerləri, üç ədəd 1265 layihəli tralçı və iki ədəd 1259 layihəli reyd tralçısı, 770 layihəli dörd desant gəmisi, 1785 layihəli desant kateri, 887 layihəli təlim gəmisi, 10-a qədər köməkçi gəmi və katerlər verildi. Verilən texnikanın yararlılıq əmsalı çox aşağı və uzun zaman texniki qulluq olmadığından aqreqatların bir hissəsi yararsız halda idi.

Azərbaycanın ərazisində dislokasiya olunmuş SSRİ Daxili Qoşunlarının hərbi hissələri öz əmlakları ilə respublikaya verildi. 1992-ci il mayın 15-də SSRİ Silahlı Qüvvələrinin əmlakının bölünməsi razılaşması Daşkənd şəhərində imzalandı. Bu zaman tərəflər Avropada adi silahlı qüvvələr haqqında razılaşmaya da qoşulmağı qərara aldılar.

Qeyd: Avropada adi silahlı qüvvələr haqqında razılaşma 1992-ci il noyabrın 19-da on altı NATO üzvü (Belçika, Böyük Britaniya, Almaniya, Yunanıstan, Danimarka, İslandiya, İspaniya, İtaliya, Kanada, Lüksemburq, Niderland, Norveç, Portuqaliya, ABŞ, Türkiyə və Fransa) və Varşava blokuna daxil olan altı dövlətin (Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya, Rusiya və Çexoslavakiya) tərəfindən Parisdə imzalanıb. Bu razılaşmaya əsasən, iştirakçı dövlətlər adi silahlarının mütənasib bölünməsini təmin etməlidir.

Daşkənddə imzalanan razılaşma əsasında Azərbaycan, Ermənistan və Gürcüstanın tən olaraq 220 tank, 220 zirehli döyüş maşını (habelə 135 PDM), 285 artilleriya qurğusu, 100 döyüş təyyarəsi və 50 döyüş helikopteri kvotası çərçivəsini saxlaması qərara alındı. SSRİ silahlı qüvvələrinin silah və texnikanı Azərbaycana təhvil verməsi prossesi 1993-cü ilin payızına qədər uzadıldı. Bu zaman Rusiya Xarici İşlər Nazirliyinin notasında bəyan olunur ki, Azərbaycan tərəfinə 1993-cü il fevralın 13-nə qədər 415 tank, 1159 zirehli maşın, 353 artilleriya qurğusu, 53 döyüş təyyarəsi və 8 döyüş helikopteri verilib.

Burdan da göründüyü kimi rəqəmlər çox böyüdülmüş və yuxarıda qeyd olunduğu kimi bütün yararsız, istifadə olunmayan, dağılmış, qurğuları çatışmayan texnikaların da sayı bu sənədə daxil edilib. Sənəddə bu da qeyd olunub ki, Azərbaycan tərəfinə 100000 atıcılıq silahı, 11000 vaqon anbarlanmış döyüş sursatı da verilib. Bundan əlavə Rusiyanın iddiasına görə, 1993-cü ildə Azərbaycandan çıxan və bundan əvvəl Gəncə şəhərində dislokasiya olmuş 104-cü Qvardiya Hava Desantları Diviziyası da gedərkən burada 105 zirehli texnika, 42 artilleriya qurğusu daxil olmaqla, 32 özüyeriyən 120 mm-lik 2C9 “Nona” tipli artilleriya qurğusu təhvil verib. Bir başqa Rusiya mənbəsinə görə, Azərbaycan tərəfi müxtəlif aerodromlarda 38 qırıcı MiQ-25PDS, 5 qırıcı MiQ-25P və MiQ-25RB, 9 ədəd Su-24MP və 1 ədəd Su-25 təyyarəsi ələ keçirib. SSRİ HHM hissələrinin təlim təyyarələrindən 109 ədəd L-29, 168 ədəd isə L-39 təyyarələri də Azərbaycana təhvil verilib. Bütün bu rəqəmlər hər bir halda şübhə doğurur, çünki həmin zaman üçün müxtəlif mənbələr müxtəlif rəqəmlər göstərir.

2000-2008-ci illərdə aktivləşən silah və texnikaların alınması

2000-ci illərin əvvəllərində Azərbaycanın siyasi və iqtisadi durumunun yüksəlməsi dövrü artan templə irəlilədi. Bu zaman bir çox sənaye və təsərrüfatlarla birlikdə, hərbi potensialın da güclənməsi tendensiyası meydana gəldi. İlkin məqsəd olaraq SSRİ-dən qalmış və Qarabağ döyüşlərində korlanmış, sıradan çıxmış və təmirə ehtiyacı olan silah və texnikaların həm bərpası, həm də yeniləri ilə əvəzlənməsi kimi vəzifələr öndə dururdu.

Bu zaman hələ böyük həcmdə olmayan müdafiə xərclərinin bir hissəsini keçmiş SSRİ respublikalarından yararlı sovet hərbi texnikaları və silahların alınmasına yönləndirilməsi ilə bağlı qərar qəbul olundu. Bununla yanaşı respublikada olan bir çox hərbi sahələrin modernləşdirilməsi, yenilənməsi prosesinə də başlandı.

Dünyada neftin qiymətinin bahalaşması və Azəri-Çıraq-Günəşli neft və qaz layihələrinin işə düşməsi nəticəsində Azərbaycana axan maliyyə vəsaiti hərbi quruluş və hərbi modernləşdirmə imkanlarını da artırdı. Bu, həm də Azərbaycanın dünya silah sərgilərində daha baha və güclü hərbi təmayüllü vasitələrin alınması üçün razılaşmalar imzalamasına imkanı yaratdı.

İlkin olaraq bu zaman üçün əsas silah və texnika ixracatçısı kimi Ukraynaya üstünlük verildi. Bu da Azərbaycan və Ukrayna arasında hərbi-texniki razılaşmanın şərtlərindən irəli gəlirdi. Bu razılaşma hələ 1997-ci ilin martında imzalanmışdı və 2009-cu ilin aprelində ona əlavə protokol qoşuldu. 2002-ci ildə Azərbaycan Ukraynadan 72 ədəd 100 mm-lik tank əleyhinə MT-12 topları, 2005-2006-cı illərdə isə 85 ədəd qoşqulu 120 mm-lik PM-38 minaatanları, habelə 2003-2006-cı illərdə Ukraynadan 45 ədəd T-72B və 2 ədəd PDM-1 döyüş maşını aldı. İlkin olaraq bu zaman Ukraynadan təkmilləşmə zamanı dəyişikliklər edilmiş 3 ədəd BTR-3U tipli zirehli maşınlar alındı ki, bu maşınlar da Azərbaycan şəraitində yoxlanmalı idi. Lakin göründüyü kimi, bu maşınlar yerli relyef şəraitində özlərini doğrultmadığından, Azərbaycan BTR-80A-lara üstünlük verərək, Rusiyadan maşınları ixrac etməyə başladı.

2007-ci ildə “Ukrspeseksport” şirkətindən 22 ədəd BTS-5B tipli təmir-evakuasiya zirehli maşını (T-72 tankının bazasında), 2012-2013-cü illərdə isə daha 25 maşın alınaraq silahlı qüvvələrə verildi. 2004-2005-ci illərdə Ukraynanın “Ukrinmaş” korporasiyası Azərbaycana 2 batareya 300 mm-lik 9k58 tipli “Smerç” reaktiv atəş sistemi satdı ki, bunların da tərkibinə 12 ədəd 9A52 tipli MAZ avtomobil daşıyıcısında döyüş maşını, 12 ədəd 9T234 tipli transport-doldurucu maşını və bu sistemlər üçün 494 ədəd 300 mm-lik 9M55K tipli reaktiv mərmilər daxil idi.

BMT-nin 2007-ci ilə olan məlumatına görə, Ukrayna Azərbaycana 55 ədəd D-20 tipli haubitsa və bunun üçün 165.000 mərmi satıb. Bədnam qonşularımızın iddiasına görə isə, Ukrayna bundan əlavə rəsmi Bakıya strateji anbarlarından 11000 ədəd “Kalaşnikov” avtomatı, 12 ədəd T-72 tankı, 20 ədəd BTR-70 və 50 ədəd tank əleyhinə idarə olunan raket kompleksi R-2 “Kombat” satıb. Lakin bu məlumatlar BMT-nin reyestrində yer almadığı üçün ciddi qəbul olunmur.

Bir qədər sonra – 2007-2010-cu illərdə Ukrayna Azərbaycan tərəfinə 19000 “Kalaşnikov” avtomatı, 50 ədəd SVD tüfəngi və 30 ədəd lüləaltı-qumbaraatan olan QP-25 təhvil verdiyini bəyan etdi. 2008-ci ildə yenidən Ukraynadan 3 ədəd özüyeriyən operativ-taktiki raket kompleksi olan, 9K79 tipli “Toçka-U”, 3 ədəd 9T215 tipli yükləyici nəqliyyat maşını və 27 ədəd 9M79-1 tipli raketlər alındı. 2008-2010-cu ildə bu alınmaların siyahısına 45 ədəd 2C3 tipli 152 mm-lik və 2C1 tipli 122 mm-lik özüyeriyən haubitsalar da daxil oldu.

2007-ci ilin ortalarında Kiyevin “Airtechservice Corporation” şirkəti Azərbaycanda iri hərbi layihələrdən birini həyata keçirdi. Bu HHM və HHQ qüvvələrinin mərkəzi komanda nöqtələrinin qurulması idi. 2008-ci ilin başlanğıcında isə Ukraynadan 28 ədəd 9P58M tipli daşınan zenit raket kompleksi “Strela-3” idxal olundu. 2003-2004-cü illərdə Azərbaycan HHQ-yə məxsus 2 ədəd Su-24MP qırıcı-kəşfiyyat təyyarəsi Ukraynanın “Nikolaevskor”, 6 ədəd L-39 təlim təyyarəsi isə “Odesaviaremservis” şirkətləri tərəfindən əsaslı təmir edildi.

2005-ci ildə Azərbaycan HHQ-lərinə Ukrayna HHQ-nin balansından əsaslı təmir və bir sıra modernləşməyə məruz qalmış 12 ədəd MiQ-29 təyyarəsi və 2 ədəd MiQ-29UB (“Ulrspeseksport” şirkətinin xətti ilə) müəyyən razılaşmalar əsasında təhvil verildi. 2008-ci ilin yanvar ayında Azərbaycan HHQ-nin balansında olan MiQ-29UB təyyarəsi itirildikdən sonra Ukrayna tərəfi 1 ədəd eyni markalı təyyarə ilə itkinin əvəzini reallaşdırdı.

Təyyarələrin alınması ilə pilotlarımızın təlim və tədrisi də ön plana keçdi. Bunun üçün pilotlara təyyarə uçuşunu əvəzləndirəcək təlim kabinələri və simulyatorlar vacib idi. 2006-2008-ci illərdə Ukraynanın “Maket-Mats” MMC-nin xətti ilə pilotların təlimi üçün xüsusi “Sokol-KTC” qurğusu, təlim sinfi və 95 ədəd R-27 tipli “hava-hava” tipli raketlər, bir sıra təyyarə, silah və sursatlarının alınması prosesi baş verdi.

Keçmiş SSRİ respublikalarından öz ərazisində böyük sayda hərbi texnika, silah və sursat anbarları, hərbi istehsal sahələri, hərbi elmi-tədqiqat insitutları və mütəxəssisləri qoruyub saxlaya bilən başqa bir respublika Belarus idi. Belarus ərazisində çoxlu “konservləşmiş” hərbi hissələr qaldı ki, bu hissələrin də əmlakı həddindən artıq böyük sayda idi. Bu zaman SSRİ-dən qopan və müəyyən maddi çətinliklərlə üzləşən Belarus miras qalmış texnika və silahların satışına, təmirinə və yeni silah və texnikaların öz hərbi sənayesində yaradılma prossesinə start verdi.

Belə ki, 2005-2006-cı illər ərzində Belarus Azərbaycana 60 ədəd T-72 tankı, 2012-2013-cü illərdə isə əlavə olaraq 93 ədəd T-72 tankı satdı. 2011-ci ildə Belarusdan 60 ədəd BTR-70 tipli zirehli transportyor alındı. 2008-2009-cu illərdə habelə bu respublikadan 12 ədəd özüyeriyən artilleriya qurğusu olan 203 mm-lik 2C7 “Pion”, 2010-2011-ci illərdə 90 ədəd D-30 tipli 122 mm-lik toplar daxil oldu.

2008-ci ilin dekabrında Belarusiyanın “Tetraedr” şirkəti tərəfindən Azərbaycan HHQ-sinə məxsus 27 zenit-raket kompleksinin S-125M “Peçora” variantından S-125TM “Peçora -2TM” variantına modernləşdirilməsi üçün sifariş qəbul olundu. İlk 2 ədəd kompleks 2012-ci ilin əvvəllərində, qalan komplekslər isə 2016-cı ildə Azərbaycan tərəfinə təhvil verildi. Bundan əlavə beynəlxalq mənbələrə görə, “Tetraedr” şirkəti Azərbaycan HHQ-yə məxsus olan, uzaqmənzilli S-200B tipli zenit raket komplekslərinin də modernləşdirilməsini həyata keçirib.

Həmin illər ərzində Azərbaycan Gürcüstanla da uçuş texnikasının alınması, təmiri və modernləşdirilməsi baxımından geniş əməkdaşlıq edib. İlk kontrakt olaraq Gürcüstanın “Tbilaviamşeni”(TAM) zavodunda yeni yığılmış 2 ədəd Su-25 və Su-25U (ikiyerli) təyyarələri alındı. 2002-ci ildə 6 ədəd Su-25K, sonradan 2005-ci ildə isə 4 ədəd Su-25K və 3 ədəd Su-25U Azərbaycan tərəfindən HHQ üçün alınaraq istismara verildi. 2008-ci ildə Azərbaycan və Gürcüstan tərəfinin birgə imzaladığı razılaşma əsasında TAM zavodunun istehsalı olan 15 yeni Su-25 hücumçuları alındı.

Bir sıra mənbələrə görə, bu razılaşma əsasında hücumçu təyyarələr birbaşa Azərbaycan ərazisində yığılıb. 2008-ci ildə isə Rusiya Gürcüstana hücum təyyarələrində istifadə edilən R-195 tipli turboreaktiv mühərriklərinin satışını dayandırdı. Bununla belə Azərbaycan “Ufa mühərrikqayırma istehsalat birliyi ASC”dən (Açıq Səhmdar Cəmiyyəti) bu tip mühərrikləri alaraq Gürcüstanın TAM zavodunun öz ərazisində yığdığı təyyarələrə quraşdırmağa başladı. 2006-cı ildə Azərbaycan yenidən öz HHQ-si üçün Özbəkistan respublikasından 1 ədəd təlim-döyüş təyyarəsi olan Su-17M3 alıb.

2002-ci ildə Rusiya prezidenti V.V. Putin tərəfindən 1993-cü ildə qəbul edilmiş “Qarabağ münaqişəsi tərəflərinə silah və digər hərbi təmayüllü məhsulların satılmaması” haqda sərəncam ləğv edildikdən sonra Azərbaycan aktiv olaraq Rusiya istehsalı silah və texnikaların alınmasına başladı. 2003-cü il fevralın 27-də Rusiya ilə dövlətlərarası hərbi-texniki əməkdaşlıq razılaşması imzalandı. Hərbi ekspertlərin gəldiyi qənaətə görə, bu razılaşmanın imzalanmasında səbəb Azərbaycan və Rusiya arasında Rusiyaya məxsus ilkin xəbərdarlıq sistemi olan “Daryal” RLS-inin taleyi haqda ortaq məxrəcə gəlinməsi oldu.

2007-ci ilin əvvəllərində Azərbaycan tərəfi Rusiya Müdafiə Nazirliyinin balansından 62 ədəd T-72 tankı, 4 ədəd tank bazasında hazırlanmış ağır təmir-təxliyyə maşını olan BREM-1 və habelə 6 ədəd 152 mm-lik 2A65 tipli “MSTA-B” özüyeriyən haubitsalar aldı. 2008-2010-cu illərdə Rusiyadan yeni istehsal olunmuş 70 ədəd BTR-80A və böyük sayda avtomobil texnikası (əsasən hərbi təmayüllü KAMAZ) idxal olundu. 2008-ci ilin ortalarında bağlanmış razılaşmaya görə 100 ədəd tank əleyhinə raket kompleksi olan “KORNET-E” 2010-cu ildə tam Azərbaycan tərəfinə təqdim olundu.

Azərbaycan Silahlı Qüvvələri ilə birlikdə güc strukturlarının da inkişafı başlandı və müəyyət silah və texnikalar alınmağa başlandı. Belə ki, 2005-2010-cu illər ərzində 1 ədəd Dövlət Gömrük Komitəsi üçün Mi-172, Fövqəladə Hallar Nazirliyi üçün 3 ədəd Mi-171V, Daxili İşlər Nazirliyi üçün 3 ədəd Mi-171V helikopterləri alındı. Bundan əlavə Fövqəladə Hallar Nazirliyi üçün 2008-ci ildə Rusiyadan 1 ədəd amfibik təyyarə olan yeni BE-20ÇS, 2010-cu ildə isə 2 ədəd KA-32A helikopterləri alındı.

2002-ci ildə Azərbaycan Şərqi və Şimali Avropa ölkələrindən də kiçik sayda texnika və silah idxal edib. Bolqarıstandan 36 ədəd qoşqulu 133 mm-lik M-46 topları və Slovakiyadan 1 ədəd T-72M1 tankı alınıb.

1990-2000-ci illər ərzində Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq və silah, texnika, avadanlıq alınması sahəsində irəliləyiş dayanmayıb. Hələ 1995-1996-cı illərdə Türkiyə Müdafiə Nazirliyinin fondu tərəfindən qardaş dövlətə böyük sayda hərbi səhra geyimi və 10000 cüt qısaboğazlı hərbi ayaqqabı verilib. 2000-ci ildə Türkiyə Respublikası kömək qismində Azərbaycan HDQ-yə öz dəniz qüvvələrinin balansından AV-34 keşikçi kateri təqdim etdi. Türkiyənin ASELSAN şirkəti tərəfindən 20 milyon dollarlıq hərbi radiostansiyalar göndərildi.

Bununla da 2002-2012-ci illər ərzində Azərbaycan daxili resurslarına dirənərək böyük sayda yeni, əsaslı təmir olunmuş, konservasiyadan çıxmış texnika və silahlara malik oldu. Belə ki, bu illər ərzində Silahlı Qüvvələrimiz 261 ədəd tank, 303 ədəd zirehli döyüş maşını, 366 ədəd 100 mm-lik yüksək artilleriya sistemi, 57 döyüş və 12 təlim-döyüş təyyarəsinə malik oldu.

Belə sürətli silahlanmanın “Avropada adi silahlı qüvvələr haqqında razılaşma” təşkilatının narazılığına səbəb olacağı və burada Azərbaycana qarşı reaksiyaların olacağı şəksiz idi. Lakin Azərbaycan bu təşkilatın qarşısına qoyduğu “Azərbaycan ərazisindəki “boz zonada”, yəni Dağlıq Qarabağda böyük sayda nəzarətsiz silah və texnikanın olması” faktları, Azərbaycanı bu etirazlardan sığortaladı.

Nəticə: Artıq 2012-ci ildə Azərbaycanın Silahlı Qüvvələrində 381-dən 428-ə qədər tank və 425-dən 516-ya qədər 100 və daha böyük çaplı artilleriya sistemləri vardı.

Mənbə:
Fırtına gözləntisində: Cənubi Qafqaz. Makienkonun redaktəsi altında. Moskva, Strategiya və Texnologiyaların Təhlili Mərkəzi.

(Ardı var...)

Hərbi ekspert Abuzər Əbilov

Siyasət xəbərləri
Ordu.az digər xəbərlər