ATƏT-in Minsk qrupu olmasa nə olar? – Zahid Orucdan daha ətraflı şərh

ATƏT-in Minsk qrupu olmasa nə olar? – Zahid Orucdan daha ətraflı şərh

Azərbaycan Minsk qrupundan imtina edərsə, münaqişə zonasında faktiki olaraq tək nizamlayıcıya çevrilən Moskva sülhməramlı adı altında öz ordusunu yenidən Azərbaycanda yerləşdirmək üçün şans əldə etməzmi?

Millət vəkili: “Təkcə mənim deyil, yüzlərlə, minlərlə, bəlkə də, artıq milyonlarla insan ATƏT Minsk Qrupunun ləğv edilməsinin tərəfdarıdır”

“Mən bu təklifi irəli sürərkən hər hansı bir dövlətə sığınmaq ideolojisini təşviq etməyi düşünməmişəm”.

Bu sözləri millət vəkili Zahid Oruc Milli Məclisdə çıxışı zamanı ATƏT-in Minsk Qrupu haqqında dediyi fikirləri PİA.az-a şərh edərkən qeyd edib.

Milli Məclisin keçirilən son plenar iclasında Zahid Oruc Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni format yaradılmasını təklif etdi. Zahid Oruc çıxışı zamanı bildirdi ki, ATƏT-in Minsk Qrupuna ehtiyac yoxdur: “Bu, bir qədər səs-küylü bəyanat ola bilər. Amma buna cəmiyyət, dövlət qərar verməlidir".

Millət vəkilinin fikrincə, danışıqlar birbaşa Ermənistan və Azərbaycan rəhbərliyi arasında aparılmalıdır:

“Bunun üçün danışıqlar komissiyası formalaşdırmaq olar ki, işin praktiki, texniki tərəflərini hazırlasın. Gələcəkdə bu görüşlərə Dağlıq Qarabağ azərbaycanlı və erməni icmalarının nümayəndələri də cəlb edilə bilər. Beynəlxalq dairələrin bu məsələyə qarışmış əllərini bir qədər neytrallaşdırmaq və danışıqlar aparmaq mümkün olsun. Bunun nəticəsinə daha çox inamlı yanaşıram, nəinki ATƏT-in Minsk Qrupuna”.

Zahid Oruc: “Çox təəssüf ki, qeyd edilən üç həmsədr dövlətlər araındakı o gedən savaş Dağlıq Qarabağ məsələsini Qafqazların arxitekturasını istədikləri kimi dəyişdirmək alətinə çevirdilər”.

ATƏT-in Minsk Qrupunun ləğvi və bunun münaqişəyə təsirləri ilə bağlı PİA.az-a millət vəkilinin müsahibəsini oxucularının diqqətinə çatdırır.

- Zahid bəy, siz Milli Məclisdə çıxışınızda demisiniz ki, ATƏT-in Minsk Qrupuna ehtiyac yoxdur və bu təsisat ləğv olunmalıdır. Eyni zamanda təklif etmisiniz ki, danışıqlar birbaşa Ermənistan və Azərbaycan rəhbərliyi arasında aparılmalıdır. Danışıqlar birbaşa Ermənistan və Azərbaycan rəhbərliyi arasında aparılması prosedurunu necə görürsünüz?

- Öncə onu qeyd edim ki, 1990-cı illərdə Azərbaycanla-Ermənistan arasında müharibə başlayanda bir çoxları hesab edirdi ki, bu SSRİ-nin dağılmasından sonrakı mərhələdir. Hələ ki, beynəlxalq təşkilatlar bu bölgəyə gərəkən diqqəti ayıra bilmirlər. Yəni qlobal bir hadisə baş verib. Totalitar imperiya sayılan və 70 il çöküşünə çalışdıqları fərqli ideoloji sistem çöküb və belə olan halda Varşava müqaviləsi faktı da dağılıb. Bu da öz-özlüyündə bölgəsal problemlərin çözümü üçün yeni bir hüququ, siyasi münasibətlər tələb edir.

Həmçinin qədərindən artıq illuziyalar da mövcud idi ki, Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və digər ölkələrin hansı xarici siyasət kurs seçəcəyi, özlərini hansı formatda görəcəkləri hələ müəyyən deyil. Belə olan halda da regiona surətlə daxil olan xarici dövlətlər özləri bildikləri kimi bir proses müəyyənləşdirirdilər. Bir yandan da dövlətlərin özü də bu şəraitdə fərqli çağırışlar qarşısındaydılar.

Azərbaycanda yeni hakimiyyətlər əvvəlcə düşünürdülər ki, məsələn bəlkə Türkiyə bu problemlərin həllində aktiv rol oyanaya bilər. Amma avtomatik olaraq hamı da dərk edirdi ki, məsələnin həlli yolunda ən azı münaqişəni durdurmaq, silahlı konflikdə müəyyən qədər fasilə vermək və xarici oyunçuları buraya cəlb etmək lazımdır. Belə olan halda da artiq ATƏT-in Minsk Qrupu formalaşmışdı və oraya 11 dövlət daxil olmuşdu. Amma bu məsələ də bəlli idi ki, həmin formatda yer alan Firlandiya dövlətinin buradakı proseslərə nə təsiri ola bilər ki? Onlar aktiv yer tuta və proseslərə təsir göstərə bilməyəcəklər.

Zahid Oruc: “Elə bil ki, Qarabağ məsələsi Fransanın, yaxud Rusiyanın, hətta ABŞ-ın bir hissəsi imiş. Biz gözləyirik ki, görək onların müharibəsi, davası nə zaman bitəcək”.

Bundan sonrakı reallıqda artıq ABŞ-ın qlobal savaşı və soyuq müharibəni udması səbəbi ilə, həmçinin Rusiyanın SSRİ-i varisliyinə cəhd etsə də, amma zəifliyi durumunda Qarabağ məsələsində iki dövlətin dominantlığı meydana çıxdı. Avropa Birliyi də öz səsini qaldırdı və Fransanın timsalında məlum üçlük meydana çıxdı. Ulu Öndər Heydər Əliyev o zaman Fransanın üzvlüyə qəbulunu şərtlər altında baş verdiyini dilə gətirmişdi. Bu həm də açıq şəkildə münaqişənin bir dövlətdən asılılığının ortadan qaldırılması demək idi.

Şübhəsiz bu artıq tarixi hadisə idi ki, məsələnin çözümü beynəlxalq təşkilların sərəncamına verilmiş oldu. Mən illuziya terminindən istifadə etdim, amma onun paralelində həm də inam hissləri var idi ki, əslində dərhal məsələni həmin dövlətlərin yanaşması altında və məhz hüququ müstəvidə ədalətli formada yoluna qoymaq mümkün olacaq. Bunun üçün də müxtəlif tarixi nümunələr mövcu idi. Baxmayaraq ki, 1999-cu il NATO-nun hərbi müdaxiləsi Balkanlarda müəyyən qədər itkilərə səbəb oldu. Ancaq orada sonrakı Kosovanun meydana çıxmağından asılı olmayaraq xalqlar arasındakı böyük itkiləri durdura bildi.

Amma bizim nümunəmizdə isə məsələ bəlli dövlətlərin arasındakı hikkəsindən, onların geopolitik, iqtisadi, siyasi maraqlarından asılı oldu. İndiki reallıq ondan ibarətdir ki, biz Qarabağ məsələsini iki dövlət Ermənistan və Azərbaycan arasındakı savaş, bu torpaqların məxsusluğunu hərbi, siyasi yolla müəyyənləşdirmək uğrunda mübarizədənsə, o üç dövlət arasındakı məsələ kimi baxmağa başlayırıq. Elə bil ki, Qarabağ məsələsi Fransanın, yaxud Rusiyanın, hətta ABŞ-ın bir hissəsi imiş. Biz gözləyirik ki, görək onların müharibəsi, davası nə zaman bitəcək. Nəticədə də məsələ qayıdıb aşağı müstəviyə keçəçək və biz problemi çözməyə çalışacağıq.

Çox təəssüf ki, qeyd edilən üç həmsədr dövlətlər araındakı o gedən savaş Dağlıq Qarabağ məsələsini Qafqazların arxitekturasını istədikləri kimi dəyişdirmək alətinə çevirdilər.Buna görə də təkcə mənim deyil, yüzlərlə, minlərlə, bəlkə də, artıq milyonlarla insan ATƏT Minsk Qrupunun ləğv edilməsinin tərəfdarıdır. Çünki Minsk Qrupu hətta ədalətli bir həll yolunu meydana çıxaracağı təqdirdə onu cəmiyyətə qəbul etdirə bilməyəcəklər. Çünki onlara inam əmsalı sıfıra düşüb. Bu artıq vasitəçilk missiyasının gerçəkdən də iflaşa uğraması deməkdir.

Zahid Oruc: “Qarabağ məsələsində Ermənistan-Azərbaycan arasında danışıqlar üzrə komissiya formalaşdırmaq olar”.

Bunun qarşılığında, bir ay bundan əvvəl Düşənbədə məlum danışıqlar zamanı Paşinyanın təşəbbüsü ilə İlham Əliyevlə qeyri-rəsmi bir söhbət aparmış oldular. Bundan sonra atəşkəsin qorunub saxlanılması istiqamətində istəklər daha da gücləndi və sonra Ermənistan tərəfindən belə bir açıqlama verildi ki, onların bizim ölkəmizlə müəyyən kommunikasiyaları var.

Mən hesab edirəm ki, 1990-cı illərdə baxmayaraq ki, müxtəlif xarakterli əlaqələr saxlanılırdı. Amma indi birinci şəxslərin arasında olmasa da, hətta bəlkə müdafiə nazirləri ilə də birbaşa təmaslar mövcud deyilsə də, müəyyən bir ranqda hökümətin və yaxud da müdafiə nazirliklərinin hər hansı bir orta həlqələrinin müxtəlif bağlantıları, ünsiyyətləri mövcuddur.

Bütün bunların kontekstində o fikir meydana çıxdı ki, əgər Ermənistanın hazırkı qeyri-sabit hakimiyyət dönəmi nəhayət dekabrdakı seçkilərdən sonra hökümətin formalaşmasını doğrulaya biləcəksə və bundan sonra artıq müəyyən sabitlik olacaqsa, bu halda Qarabağ məsələsində Ermənistan-Azərbaycan arasında danışıqlar üzrə komissiya formalaşdırmaq olar. Bu öz-özlüyündə məsələnin həm gündəliyini, həm də texniki diər xarakterli məsələləri həll edə bilər.

Mən hesab edirəm ki, bu həm də ATƏT Minsk Qrupunun özünə bir siqnal anlamına gələrdi. Onu da başa düşməliyik ki, Ermənistan dövlətlər arasındakı ziddiyətlərdən maksimum istifadə edirdi və əldə olunan razılaşmaları iflic etməyə çalışırdı. İndiki reallıqda isə birbaşa ünsiyyət İrəvanın rəsmi mövqeyini o cəhətdən də tərkisilah edəcək ki, Azərbaycan beynəlxalq təşkilatları, həmin güclü dövlətləri ona görə baykot edir ki, müharibə istəyir. Bu arqument əldən çıxır. Çünki Azərbaycan ortaya o iradəni də qoyur ki, xeyir biz birbaşa təmaslara hazırıq. O biri yandan əgər danışıqlar normal ssenari üzrə inkişaf edərsə, burada Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları da iştirak edə bilərlər. Məhz icma statusunda iştirak edə bilərlər.

Zahid Oruc: “Minsk Qrupu hətta ədalətli bir həll yolunu meydana çıxaracağı təqdirdə onu cəmiyyətə qəbul etdirə bilməyəcəklər”.

Hesab edirəm ki, bu amil də ATƏT Minsk Qrupunun çərçivəsində hər hansı bir həllin qeyri-mümkün olduğunu orataya qoyar. Məsələnin hazırkı dönəmində yeni bir istiqamətləri, meyilləri, tendensiyaları ortaya gətirərdi. Məhz bunun üçün də bunu parlamentdə səsləndirdim. Görünən də budur ki, cəmiyyətdə məsələyə müsbət reaksiyalar var. O cümlədən politoloji, siyasi məkanda olan insanlarımız da bunu müsbət qarşılayıblar. Düşünürəm ki, bu fikir siyasi məkanda özünə tərəfdarlar topladıqca ATƏT Minsk Qrupuna qarşı bir milli dirəniş də yarada bilər. Bu çox yaxşı haldır.

- Təbii ki, uzun illərdir ki, ATƏT-in Minsk Qrupu Qarabağ münaqişəsinin həlli adı altında manipulyasiya etməklə məşğul olub və 25 ildən artıq bir müddətdə ortada konkret heç bir nəticə yoxdur. Lakin Minsk qrupundan imtina edilərsə, Rusiyanın Dağlıq Qarabağ məsələsində əli həddindən artıq güclənməzmi və münaqişə zonasında faktiki olaraq tək nizamlayıcıya çevrilən Moskva sülhməramlı adı altında öz ordusunu yenidən Azərbaycanda yerləşdirmək üçün şans əldə etməzmi?

-Hesab edirəm ki, biz bu məsələyə qiymət verərkən tarixi dərsləri həddən artıq çox oxumağın əziyyətin çəkdiyimizi göstərməliyik. Çünki biz yenə də məsələyə 1990-cı illər reallığı üzərindən qiymət verməyə çalışırıq. İş ondadır ki, Rusiyanın rolu, hazırkı fəaliyyəti məhz Qərbin informasiya, siyasi, diplomatik kanalları vasitəsi ilə az qala düşmən obrazına gətirilib çatdırılır. Halbuki biz onu görürük ki, Ukrayna hadisələri ona görə meydana çıxdı ki, NATO strukturları Kiyevdən keçib gələrək Qara dənizdə bərkimək niyyətindədir və bu açıq şəkildə Moskvanın strateji maraqlarına, milli təhlükəsizlik mənafelərinə zərbə kimi dəyərləndirilir.

Məgər Putinin yerində başqa bir dövlət rəhbəri olsaydı həqiqətənmi güclü bir hərbi, siyasi alyansın Avroatlantik strukturlarının periferiyalarında öz qüvvələrini cəmləşdirməyə dözərdi? Yaxud sualı başqa cür də səsləndirmək olar. Bu gün çox uzaqlarda yerləşən, yəni okenanın o tayındakı ərazilərdə rus hərbi donanmaları və yaxud da bazaları gedib Vaşinqtonun 100-200 km-də cəmləşsələr gercəkdənmi Tramp admistrasiyası, ya da ondan ondan əvvəki Obama iqtidarı tərəfindən gülnən-çiçəklə qarşılanacaqdı? Əsla yox. Sovet dövründə heç Kubanın özünə dözmürdülər və onu fərqli bir ada kimi uzun illərdir mühasirədə saxlayırlar.

Bu gün də həmin reallıq davam edir. Baxmayaraq ki, məlum nüvə başlıqları həmin hövzədən çıxarılıbdır.

Biz dəyələndirməliyik ki, daha çox oyunçu bu münaqişənin həllində yer alaraq əslində öz mənafelərini sürdürürlər. Niyyətləri də odur ki, Azərbaycan neftindən pay qoparsınlar, bizim iqtisadi həyatımıza müdaxilə etsinlər, hökümətin formalaşmasında yer alsınlar, bölgədə aktiv olsunlar, İran əleyhinə proseslərə buradan bir meydan qazansınlar və s. Göründüyü kimi Qarabağ məsələsi onlara daha çox xidmət edir, nəyinki bu məkana yaxın olan dövlətlər.

Zahid Oruc: “Biz başa düşməliyik ki, ən sonda məsələlər bütün hallarda Moskvanın müəyyən bir iradəsini tanımaq vasitəsi ilə reallaşa bilər”.

Həmçinin mühüm arqument də ondan ibarətdir ki, biz başa düşməliyik ki, ən sonda məsələlər bütün hallarda Moskvanın müəyyən bir iradəsini tanımaq vasitəsi ilə reallaşa bilər. Bunu artıq 90-cı illərdən fərqli olaraq Azərbaycanın iqtidarı və müxalifəti dərk etməkdədir.

Bir yandan da Moskvanın əlinin güclənməsi deyərkən biz nəyi nəzərdə tuturuq? Söhbət hərbi qüvvələrin bölgəyə yeridilməsindən gedirsə, bu reallıq olaraq qarışıq Ermənistana edilməlidir. Həm də bildiyimiz kimi bu gün İrəvandakı bəlli hadisələr fonunda rus ordu birləşmələrinin orada olması da yeni Paşinyan hökümətinin mənafelərinə zərbə kimi dəyərləndirilir. Orada artıq anti-Moskva hərəkatı dərinləşir, genişlənir və günün birində məlum toqquşmalar oradakı Gümrü bazasında yerləşən əsgərlərlə olduqda biz onu təəccüblə qarşılamamalıyıq. Çünki Qərb daha çox həmin məkanı ələ götürdükcə bu ziddiyyətlər çözülməz olacaq və Vaşinton-Moskva-Brüssel davası İrəvan küçələrində də özünün göstərə bilər.

Belə olan halda da Qarabağa Rusiyanın ordularının gəlməsinə ehtiyac yoxdur. Mənim təklifim qətiyyən Minsk Qrupundan imtina edib Rusiya ilə fərqli bir format meydana çıxarıb avtomatik Qərbi bölgədən qovmaq anlamına gəlmir. Mən bu təklifi irəli sürərkən hər hansı bir dövlətə sığınmaq ideolojisini təşviq etməyi düşünməmişəm. Əksinə o fikiri mən biz həmin dövlətlərin müəyyən qədər prosesə mane olan əllərindən bir qədər uzaqda dayanmaq və Ermənistanla fərqli bir müstəvi formalaşdırmaq niyyəti kimi bildirmişəm. Bu isə öz-özlüyündə həqiqətən də çox önəmli prosesləri başlamağa imkan verir. Axı biz 30 ildir bu çərçivədən kənara çıxa bilməmişik və 3-4-cü dövlətlər də aktiv şəkildə prosesə müdaxilə edə bilmirlər.

Bizim maraqlarımızı tarix, iqtisadi, hərbi konteksdə müdafiə edən Türkiyənin özü belə Qarabağ münaqişəsində aktiv şəkildə yer ala bilmir. Nə var ki, ortada Minsk Qrupu mövcuddur. Buna görə də hesab edirəm ki, bizim üçün cəmiyyət olaraq bu təkliflər irəli gəldiyində nədən imtina etdiyimizin fərqində olmalıyıq, nəyinki guya bizi gözləyən hər hansı bir təhlükənin. Yəni belə insanlar varmı ki, düşünələr ki, Qarabağda sülhü ATƏT-in Minsk Qrupu təmin edir? Əsla yox. Məgər ortada hansısa vasitəçi hərbi qüvvə var ki, onlar desin ki, səhər açılıb erməni tərəfə güllə atmayın və yaxud onlara da hər hansı çağırış versin? Ortada belə bir qüvvə yoxdur. Məsələn Abxaziya, Osetiyada olan kimi elə bir qüvvə yoxdur.

Buna görə də gəlin məsələni öz adıyla çağıraq. Bu da ondan ibarətdir ki, Ermənistanla müəyyən bir status-kvo formalaşıb və təbii ki, bu bizi qane etmir. Belə reallıq qarşı tərəfin mənafelərinə cavab verir. Biz isə bunu dəyişdirmək istəyirik. Buna görə də hər hansı bir dövlət bizim yanımızda yer alaraq bu proseslərin həllində iştirak edəcəksə, buna sevinməliyik. Belə olan halda da daha çox Qərb təbliğatına uğrayaraq və yaxud Şərqin istəklərini də burada əsas götürüb hərəkət etmirik ki, əgər Minsk Qrupu olmayacaqsa Rusiya və yaxud İran nə səviyyədə bu məsələlərə yanaşa biləcək.

Mən burada ayrıca qeyd etmək istəyirəm ki, şübhəsiz istənilən bir dövlət məsələdə öz mənafeyini hamıdan irəliyə qoya bilər və bizim əlimizlə 2-3-cü dövlətləri çıxdaş etməyə çalışardı. Lakin biz dediyimiz məsələni gündəmə gətirərkən qətiyyən Qərblə münasibətlərimizi dondurmuruq. Yalnız onu orataya gətirmək istəyirik ki, ya həll edin, ya da qırağa çəkilin Azərbaycan hərbi, siyasi yolların hansınısa seçərək, müstəqil qaydada problemi çözməyə çalışsın. Yenə də o fikri vurğulamaq istəyirəm ki, qarşı tərəf, yəni Ermənistan onun xalqı ilə, siyasi qüvvələri ilə bərabər, həmçinin Qarabağdakı ermənilər dünyaya o mövqeyi təqdim edirdilər ki, biz danışıqlardan çıxmağı ona görə arzulayaraq ki, məsələni hər bir ermənini məhv etmək, onların yaşamaq hüqunu əlindən almaq səviyyəsində görürük. İndi isə deyirik ki, xeyir əsla belə deyil. Alternativ yol təklif edirik. Buyurun danışaq istəklərimiz var. Hazırkı dövrdə də aralıq mərhələdir. Bəlli bir qüvvə istər-istəməz Ermənistanda iqtidara gələcək. Bundan sonra biz danışıqlara hazırıq. Hakim, münsif axtarmadan buyurun danışaq.

Bu müsahibəni verdiyim anda xatırladım ki, Heydər Əliyevlə Köçəryanın Naxçıvanda, sərhəddə yaxın ərazidə görüşü ilə bağlı tarixi kadrlar informasiya məkanımızda yayıldı. Yəqin ki, hər kəs onu görüb. Həmin mürəkkəb şəraitdə aparılan danışıqların bir-birinə güllə atmadan dövlət rəhbərləri səviyyəsində getdiyinin mümkün olduğunu görmüşük. Çox ehtimal ki, danışıqlar üçün neytral məkanlar da seçmək olar. Bu məlum vasitəçilər özlərini yüzüncü dərəcəli diplomatları ilə görüşlər təşkil etməklərindən daha yaxşıdır. Qafqazda müşahidəçi statusu ilə az qala bələdçiyə çevrilmiş, amma indi verilən məlumatlara görə özünə də bu münaqişənin çözümündən daha çox yaxşı imkanlar qazanan Anjey Kasperşik kimi şəxs var. O qurumda olan müşahidəçilərin hamısı da ancaq bu yöndən işləyirlər.

Zahid Oruc: “Hətta savaş baş versə belə, bütün hallarda məsələ sülhdən keçəçək”.

Buna görə də danışıqlarda birbaşa təmasların yeni bir fazasın başlatmaq lazımdır. Bu da ona imkan verə bilər ki, müxtəlif məsələlər ətrafında iki dövlət daha asan razılaşsın. Misk Qrupu isə hər dəfə görüşdən sonra qeyd edilən üç ölkənin paytaxtında tərəflərdən birinə fırıldayırlar ki, indi müzakirədə olan həmin maddəyə razı olmayın. Beləliklə proses daha da düyünə düşür və biz görürük ki, bu düyün bizim bölgədə yaşayan xalqların arasından daha çox qlobal aralıq istəyində olan dövlətlərin arasındadır.

- Zahid bəy, bütün hallarda Ermənistan hətta Dağlıq Qarabağ ətrafında işğal etdiyi rayonları belə qaytarmağı düşünmürlər. Bu halda münaqişənin sülh yolu ilə həllinə ehtimal verirsiniz?

- Hətta savaş baş versə belə, bütün hallarda məsələ sülhdən keçəçək. Mən müharibələr qarşıyam. Çünki müharibə böyük hümanitar fəlakətlər, iqtisadi dağıntılar, uzun yüz illər boyu formalaşan düzənin dağılması deməkdir. Əbədi düşmənçiliyi meydana çıxaran savaş nə qədər ideallaşdırılsa da, insanlara məhrumiyyətlər gətirir. Əlbəttə ki, ədalətsiz sülh ədalətli silahlı qarşıdurmalar meydana gətirir.

Buna görə də başa düşürəm ki, bu qədər hərbi güc toplayandan sonra bizim içərimizdə işğal reallığına baxıb torpaqların təcavüz altında olduğu şəraitdə kimsə sülhpərvər mövqedən çıxış edəndə o insanlarımızın haqlı olaraq hədəfinə gələcək və narazılıqlar qazanacaq. Lakin bir qədər də onu düşünməliyik ki, Azərbaycan indiki şəraitdə beynəlxalq diplomatiyada tez-tez ifadə olunan güc yolu ilə təhdid etmə və danışıqlara razı salmaq alətindən istifadə edir. Yəni biz düşünməli deyillik ki, mütləq Ağdərəni keçib gedərək Xankəndi hövzəsində müəyyən bir mühüm strateji yüksəklikləri əldə tutandan sonra yalnız danışıqlar bəhrəsin verəcək və Xankəndində qərar tutan qüvvələr təslim olacaq. Bunlar baş vermədən də müxtəlif məsələlər ərtafında konsensus tapmaq olar.

Zahid Oruc: “Əgər Ermənistanda iqtidar Paşinyanın timsalında formalaşacaqsa, bundan sonra onlar mütləq Qarabağdakı rejimi dəyişdirəcəklər”.

Mən sizi inanıdıram ki, həm də bunu ona görə deyirəm ki, Ermənistanda keçmiş dövrdəki qarşıdurmalardan, birbaşa səngərdəki savaşdan, qaniçənlilikdən, cəlladlılıqdan kənar olan bir qüvvə iqtidara gələcəyi təqdirdə məsələ ayrı formada yoluna qoyula bilər. Əgər həmin iqtidar Paşinyanın timsalında formalaşacaqsa, bundan sonra onlar mütləq Qarabağdakı rejimi dəyişdirəcəklər. Buna heç şübhəniz olmasın. Görəcəyik ki, dekabrdan sonra Bako Saakyanın da təcavüz üzərində qurulmuş saxta hakimiyyətini yerlə yeksan edəcəklər. Bunu kim həyata keçirdəcək? Məhz İrəvanda qərar tutan qüvvələr və baş nazirin kabinetində əyləşəcək şəxs. Çünki o yaxşı biləcək ki, Bako Saakyan Sərkisyanın, Köçəryanın uzantısıdır.

Belə olan halda da bu yalnız səngər təffəkürü ilə biz torpaq almışıq onu verməyəcəyik, qan tökmüşük düşüncəsi ilə yanaşanlardan tamam fərqli bir qüvvənin orada olması və xalqı bu cilovluqdan çıxarılması istəyi meydana gətiriləcək. Əsarət rejimlərinə son qoyulanda birinci növbədə biz qarşı tərəf üçün söyləyirik ki, belə olanda bu Xankəndindəki vəziyyətə də təsir göstərəcək. Avtomatik ön cəbhələrdə əsgərin də əhval-ruhiyyəsi müəyyən qədər dəyişəcək. Mən istəyirəm ki, beyinlərimizdə bir qədər yenilənmə baş versin.

Biz hadisələrə yalnız klassik nəzəriyyələrlə baxmayaq. Dünya dəyişir. Buna görə də Ermənistan və Azərbaycan arasında danışıqların birbaşa keçirilməsi istəkləri bir çox buzları əridəcək. Həmçinin bu müəyyən düşmənçilik atmosferini azalda bilər. Hətta nizamlanma ilə bağlı bu istəklərin zəif közərtiləri qığılcıma çevirə bilər. Yaranan inamsızlığı da fərqli bir reallıqla əvəzləyər.(Nərminə UMUDLU)

MilliYol.Az