Aviabilet və turpaketlərin satışını həyata keçirən hüquqi şəxslər mənfəət vergisinin ödəyiciləridir

Aviabilet və turpaketlərin satışını həyata keçirən hüquqi şəxslər mənfəət vergisinin ödəyiciləridir

Bakı, 24 aprel, AZƏRTAC

Vergi Məcəlləsinin 2019-cu il yanvarın 1-dən qüvvədə olan maddəsinə əsasən, aviabilet və turpaketlərin satışı ilə bağlı vergiödəyicilərinə xidmət göstərən agentlər (turagentlər) sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnu itiriblər.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, hazırda aviabilet və turpaketlərin satışını həyata keçirən hüquqi şəxslər mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərirlər. Onların vergi tutulan gəlirləri əldə olunan komisyon haqlarından (alış və satış qiyməti arasındakı fərq) ibarətdir, turagentlər mənfəət və ya gəlir vergisinin ödəyiciləridir.

Aviabilet və turpaketlərin komisyon qaydada satışını həyata keçirən şəxslər tərəfindən əldə edilən komisyon haqlarının həcmi 200 min manatdan çox olduqda, həmin şəxslər növbəti ayın ilk 10 günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludurlar. Bu zaman ƏDV məqsədləri üçün qeydiyyatda olan aviabilet və turpaketlərin komisyon qaydada satışını həyata keçirən şəxslər tərəfindən aviabilet satışı ilə bağlı göstərilən turizm xidmətləri (komisyon haqları) ƏDV-nin vergitutma obyektini təşkil edir.

Xarici turistlərə xidmət göstərən turoperatorların gəlirləri də ƏDV-yə cəlb edilir. Qanuna əsasən, xaricdən alınan vəsait turizm xidmətini göstərən turoperatorun vergiyə cəlb olunan gəlirlərinə aid edilir, həmin xidmətlərə görə daxil olan vəsait ƏDV və mənfəət vergisinə cəlb olunur. Turoperatorların xarici turistlərə göstərdikləri xidmətlər Azərbaycan Respublikasında həyata keçirilən xidmətlər hesab edilir və 18 faiz dərəcə ilə ƏDV-yə cəlb olunur.

Eyni zamanda, daxil olan vəsait tam həcmdə turoperatorun gəlirlərinə, bu xidmətlərin həyata keçirilməsinə görə çəkilən xərclərə, o cümlədən otellərdə qonaqlama xidmətlərinə görə, iaşə obyektlərində göstərilən xidmətlərə görə, nəqliyyat xərclərinə və işçilər üzrə əməkhaqqı və sosial sığorta ödəmələrinə görə, habelə digər gəlirin əldə edilməsi ilə bağlı xərclər çıxıldıqdan sonra qalan fərq məbləği mənfəət vergisinə cəlb olunur. Turoperator mikro sahibkarlıq subyekti olduğu halda, Vergi Məcəlləsi ilə müəyyən edilmiş 75 faiz mənfəət vergisi üzrə güzəştlərdən istifadə edir. Digər tərəfdən, çəkilən xərclər üzrə ödənilən ƏDV məbləğləri Vergi Məcəlləsinin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilir.

Turagentlərə ödəmələr isə "Nağdsız hesablaşmalar haqqında" Qanunun 3.4.9-cu maddəsinə əsasən yalnız nağdsız qaydada həyata keçirilməlidir. Bununla yanaşı, biletlərin ayrılıqda, turizm məhsulunun tərkib hissəsi olmadan satışı həyata keçirildikdə həmin biletlərin dəyəri nağd qaydada ödənilə bilər.

Bu qanunun məqsədləri üçün nağdsız hesablaşma dedikdə, bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə, o cümlədən ödəniş alətləri və ödəniş vasitələri ilə həyata keçirilən hesablaşmalar, ödəniş terminalları ilə aparılan hesablaşmalar və birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar nəzərdə tutulur.

İqtisadiyyat xəbərləri
Azertag.az digər xəbərlər