Avtovağzal şlaqbaumla cib soyur: “Heç bir ölkədə belə biabırçılıq yoxdur”

Avtovağzal şlaqbaumla cib soyur: “Heç bir ölkədə belə biabırçılıq yoxdur”

"Əsas olan vətəndaşların soyulmasıdır. Vətəndaşı harada soymaq mümkündürsə, orada da soyurlar”.

"Vətəndaş avtovağzala və yaxud başqa yerə niyə pul ödəməlidir? Bu harada görülüb?!”

Qanunvericiliyə görə, dövlət mülkiyyətində olan əraziyə girişə heç kim qadağa qoya bilməz. Amma nədənsə Bakı Beynəlxalq Avtovağzal Kompleksi bu qaydanı istisna edir. Məlumdur ki, kimisə qarşılamaq və yaxud yola salmaq üçün avtomobillə avtovağzala daxil olan hər kəs 1 manat ödəniş tələb olunur. Oradakı "başbilənlər” isə "gözdən pərdə asmaq” üçün formal xarakterli qəbz verirlər. Qəbzdə ödənişin qanuni olmasına dair heç bir məlumat yoxdur.

Avtovağzalda cəmi 5 dəqiqə müddətinə qalsalar belə,sürücülərdən bu məbləği ödəmək tələb olunur. Əks təqdirdə ərazini tərk etmək istəyərəkən yolu şlaqbaum kəsir. Hər gün yüzlərlə nəqliyyat vasitəsinin kompleksə daxil olduğunu nəzərə alsaq şlaqbaum vasitəsilə ciblərə gedən məbləği təyin etmək bir qədər çətinləşir.


Bəs, bu qanunsuzluğa niyə göz yumulur və buradan gələn gəlir hara sərf olunur?


7News.Az xəbər verir ki, bu barədə "Sherg.az”a açıqlama verən millət vəkili Fazil Mustafa baş verənləri normal qarşıladığını deyib:


"Çünki, Azərbaycanda qanunlardan çox qaydalar işləyir. Onsuz da əksər qurumlar qanunları tanımır. Dayanacaqlarda yığılan pulların heç biri dövlət büdcəsinə getmir. Guya maşınlar saxlanılan yerlərdə qayda-qanun yaradılıb. Avtovağzalda da təqribən eyni vəziyyət müşahidə olunur. Biz düzələ bilmirik. Ümumiyyətlə, hər şeyə rüşvət vasitəsi kimi baxılır. Ona görə də həmin yerlər kimin əlindədirsə, fikirləşir ki, buradan da pul qazanım.


Əsas olan vətəndaşların soyulmasıdır. Vətəndaşı harada soymaq mümkündürsə, orada da soyurlar. Heç kim buna qarışa bilmir. Günorta vaxtı ağacı kəsib qırağa atırlar, yaxud da dibinə kislota töküb məhv edirlər. Onda bir adama söz deyən oldumu? Çünki qaydalar belədir və qaydalara da dözməyimiz lazımdır. Ölkədə qanun işləmir.


Vətəndaş avtovağzala və yaxud başqa yerə niyə pul ödəməlidir? Bu harada görülüb? Adi dayanacaqlarda belə biabrçı vəziyyətdir. Məsələn, dayanacaqlarda 1 saatdan 1 dəqiqə artıq qaldınsa, 2 manat ödəməlisən. Dünyanın heç bir yerində belə biabırçılıq yoxdur”.


Parlament üzvü vurğulayıb ki, dövlət hesabına tikilən hər bir yerə özəl mülkiyyət kimi baxıldığı üçün belə problemlər yaşanır:


"Belə hadisələrin yaşanmasına səbəb ümumi korrupsiya probleminin olmasıdır. Azərbaycanda korrupsiyaya qarşı hər hansı bir əlac yoxdur. Əldə olunan gəlirlərin heç biri dövlət büdcəsinə daxil olmur. Büdcənin yükünü çəkən də yazıq sahibkardır. Sahibkardan qəpiyə qədər tələb olunur, amma yığılan pullar ayrı-ayrı ciblərə gedir. Problemin kökü bundadır”.

7News.Az



Hadisə xəbərləri
DİN: Yol nişanlarını oğurlayan MMC direktoru və tanışları saxlanılıb

DİN: Yol nişanlarını oğurlayan MMC direktoru və tanışları saxlanılıb

09-05-2019 15:24 - Xeberle.com - Hadisə


Aprel ayının 28-nə keçən gecə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun hər iki istiqamətində quraşdırılmış yol nişanlarının oğurlanması barədə Baş Dövlət Yol Polisi İdarəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, məlumatla əlaqədar aparılmış araşdırmalarla qeyd olunan avtomobil yolunun 26-101-ci kilometrliyində - Şamaxı və əks istiqamətlərdə nəqliyyat vasitələrinin təhlükəsiz və nizamlı hərəkətini təmin etmək, habelə yol hərəkəti iştirakçılarını məlumatlandırmaq məqsədilə quraşdırılmış 59 ədəd yol nişanları və göstəricilərinin gizli yolla talandığı məlum olub.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Baş İstintaq və Təhqiqat İdarəsi və Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının birgə keçirdikləri istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, "Yol Nişan” MMC-nin direktoru Şamxal Qurbanov tanışları Bəxtiyar Umudov, Elşad Mənəfov və Elgün Salahovla qabaqcadan əlbir olaraq aprelin 27-dən 28-nə keçən gecə sözügedən magistral yolun qeyd olunan hissəsində quraşdırılmış yol nişanları və göstəricilərini oğurlayaraq "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə ümumilikdə 6,4 min manata yaxın maddi ziyan vurublar.
 

Mayın 8-də adları çəkilən şəxslər polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulub, oğurlanmış yol nişanları və göstəricilər aşkar olunaraq maddi sübut kimi götürülüb.
Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.
7news.az digər xəbərlər