“Ayaz müəllim, Yaqub müəllim, biz ölüm astanasındayıq- gəlin, xalqa gerçəkləri danışaq...”

“Ayaz müəllim, Yaqub müəllim, biz ölüm astanasındayıq- gəlin, xalqa gerçəkləri danışaq...”

“Gəlin, dəyirmi masa təşkil edək, lap məni müttəhim kimi, əliqandallı əyləşdirin orda...”

Moderator.az əməkdaşı sabiq Müdafiə naziri Rəhim Qazıyevlə Şuşanın işğalı ərəfəsində Azərbaycanda baş vermiş ziddiyyətli proses və hadisələrdə iştirakı, müəmmalı hərbi-siyasi fiqurlarla münasibəti haqda bəzi mübhəm məqamlara aydınlıq gətirməyə çalışıb.



(Əvvəli bu linkdə:http:

http://www.moderator.az/news/270029.html)



-Rəhim bəy, siz Azərbaycan Respublikasının Müdafiə naziri olarkən, o cümlədən Şuşa və Laçının işğalı günlərində Baş Qərargah rəisi işləmiş Şahin Musayevlə ilk dəfə harada və necə tanış olmusuz?


- Şahin Musayevin sifətini ilk dəfə 1992-ci il yanvarın əvvəlində o vaxt Müdafiə Nazirliyinin yerləşdiyi (indiki Şəhriyar adına klubun olduğu bina) binanın beşinci mərtəbəsində görmüşəm. Onda dedilər ki, o, Moskvadan gəlib, hərbi cəhətdən çox savadlı adamdır. Öyrəndim ki, atası azərbaycanlıdır, Ağdaşdandır, anası isə rusdur. Gördüm özü də ora qaçır- bura qaçır, çalışır, enerjilidir. Mən onu yaxından tanımırdım ki?.. Düzdü, Şahin Musayevin çox kəskin xarakteri var idi, özü də çox təkəbbürlü, ibarəli və iddialıydı. Sonradan bəlli oldu ki, avantüristliyi də var. Mən onu bir neçə gündə tanıya bilməzdim. Amma görürdüm ki, çılğındır, tez özündən çıxandır. Bir dəfə mənim kabinetimdə keçmiş Laçın alayının komandiri Arif Paşa ilə mübahisə etdi və ona ağır sözlər dedi. Onda mən dərhal Şahin Musayevi oturtdum və məcbur elədim ki, Arif bəydən üzr istəsin. Arif Paşa da bunu təsdiqləyər...


-O vaxt faktiki dövlət başçısı olmuş Yaqub Məmmədov deyir ki, Rəhim Qazıyevin Şahin Musayevlə başqa hansısa əlaqəsi olub-olmamasını araşdıra bilmədim...


-Şahin Musayevlə mənim torpaqlarımızın müdafiəsi ilə bağlı işlərdən başqa nə əlaqəm ola bilərdi? Allaha and olsun ki, mənim əvvəllər onunla heç bir tanışlığım olmayıb. Onda mən də soruşuram, ay Yaqub müəllim, sizin İranla, Rəfsəncani ilə nə əlaqəniz olub. Rəfsəncani sizə nə vəd etmişdi? Niyə getmişdiniz Tehrana?..


Yeri gəlmişkən onu da deyim ki, mən həbsdə olanda, məhkəməm gedəndə Yaqub Məmmədovun cəsarəti çatmadı ki, şahid kimi məhkəmə zalına girəndə gəlib qəfəsdə mənimlə əl verib görüşsün. Mənimlə məhkəmə də yalnız 3 nəfər görüşməyə cəsarət etmədi: Yaqub Məmmədov, “Azal”ın keçmiş rəhbəri Ədalət Əliyev və Şuşanın keçmiş icra başçısı Nizami Bəhmənov... Məni şəxsən tanıyan qalan bütün şahidlər əl verib görüşdü...


Ayaz Mütəllibov da, Yaqub Məmmədov da unutmasınlar ki, onlar dövlət başçısı olublar. Müvəqqəti, ya seçilmiş, fərqi yoxdu. Azərbaycanda isə hələki prezidentdən üstün heç kəs olmur. Əgər sizlər prezident kreslosunda oturub deyirsinizsə ki, mən bacarmamışam, daha nə deyim. Yaqub müəllim, siz Mütəllibovdan da səlahiyyətli olmusuz. Çünki həm parlement sədri, həm də prezident səlahiyyətlərini icra edirdiniz. Bacarmırdınızsa, Rəhim pis idi, xain idisə, Rəhimi tutub qoyaydın dama, Əhməd pis idi, onu basardın türməyə. Əgər Şahin Musayev baş qərargah rəisi kimi sizə mane olurdusa, onu sərəncam verib azad etməyə kimi sizə mane olurdu? Guya mən Rəhim Qazıyev qoymurdum?..


Söhbətimizin sonunda Rəhim Qazıyev başda Ayaz Mütəllibov, Yaqub Məmmədov, İsa Qəmbər olmaqla özünün müdafiə naziri işlədiyi dövrdə ölkənin aparıcı siyasi liderləri olmuş şəxslərə müraciət ünvanlayaraq onları debata, dəyirmi masaya dəvət etdi:



“Mən həqiqətləri demək üçün, heç kəsdən, heç nədən qorxmuram. Bu gün yalnız Ayaz Mütəllibovla Yaqub Məmmədovu deyil, İsa Qəmbəri də, Pənah Hüseyni də, Arif Hacılını, Sülhəddin Əkbəri və s. də dəvət edirəm. Gəlin oturaq dəyirmi masada, Vətənini gerçəkdən sevən, namusunu, vicdanını pula-paraya satmayan müstəqil jurnalistlər, eləcə də şəhid ailələrinin, qaçqınların nümayəndələri də əyləşsin. Əgər siz keçmiş prezident, spiker, baş nazir kimi hansısa adi müəllim olan Rəhim Qazıyevlə bir masada əyləşməyi şəxsiyyətinizə yaraşdırmısınızsa, onda eybi yox, qoy məni də lap müttəhim kimi əliqandallı gətirsinlər, ortada da bir dəmir stul qoysunlar, oturum orada. Hamımız danışaq, suallara cavab verək, görək Azərbaycanın bu günə düşməsində, torpaqlarımızın 20 faizinin işğalında kimin nə qədər rolu var. Gəlin, heç olmasa, 27 ildən sonra da olsa, cəsarət tapıb onu-bunu günahlandırmaqdan öncə öz məsuliyyətimizdən də danışaq.


Yaxşı, hər şeyi Rəhim Qazıeyev etdi: Şuşanı satdı - Rəhim, Laçını verdi – Rəhim, dövlət çevrilişinə cəhd etdi- Rəhim. Bəs sizlər nə iş gördünüz? Axı həmişə deyirsiniz ki, Rəhimin elmi savadı bizdən az idi, adi institut müəllimi idi.Mən desəm ki, məni qoymadılar işləməyə, bunun yeri var. Çünki məndən böyük baş nazir, spiker və prezident olub. Ay Ayaz müəllim, ay Yaqub müəllim, o vaxt sizdən böyük kim var idi Azərbaycanda? Kim qoymurdu sizi işləməyə? Kim əlinizdən tuturdu? Belə çıxır ki, ya Rusiya, ya İran, ya Trkiyə, ya da Qərb qoymurdu?..


Bir daha deyirəm, Ayaz müəllim, Yaqub məllim, biz üçümüz də ölüm astanasındayıq, hər an dünyadan köçə bilərik. Gəlin, xalqa gerçəyi, doğrunu danışaq və deyək ki, bax, bizim filan-filan səhvlərimiz oldu. Allah xatirinə, gəlin xalqı da, özümüzü də bu mübahisələrdən, çək-çevirdən qurtaraq. Buna cəsarətiniz çatırmı? Mən hazıram. Konkret Şuşanın işğalı ərəfəsindəki aylarda ən böyük məsulliyyət əvvəlcə Ayaz Mütəllibovun, sonra isə Yaqub Məmmədovun üzərinə düşüb. Mən, Rəhim Qazıyev də o vaxtkı müdafiə naziri kimi öz məsuliyyətimi daşıyıram. Bu günədək həmişə düzümü də, səhvimi də demişəm və bundan sonra da deyəcəm. Xahiş ediərm, gəlin siz də öz səhv və xətalarınızı etiraf edin. Müsahibələrinizdə yalnız digərlərini yanlış yerə ittiham etməkdən çəkinin, doğrunu deyin. Gəlin bu xalqın ağır vaxtında, torpaqlarımızın işğal altında qaldığı vaxtda yalan danışmayaq... Bu gün ölkəmiz daha böyük təhlükələr qarşısındadır. Ermənilər dünən Qarabağdan danışırdılarsa, bu gün artıq Kür çayının sağ sahilindəki bütün ərazilərimizdən və Naxçıvandan danışırlar... Bu gün xalqa yalan danışmaq, onun müstəqilliyinə, dövlətinə, ərazi bütövlüyünə, sosial vəziyyətinə növbəti dəfə qəsd etməkdir...”


Söhbətləşdi: Sultan Laçın


Siyasət xəbərləri
Moderator.az digər xəbərlər