AYAZ MÜTƏLLİBOV BİRİNCİ VİTSE-PREZİDENTDƏN DANIŞDI:“Ana Vətən bu xanımı hazırlaşdırıb”-VİDEO

AYAZ MÜTƏLLİBOV BİRİNCİ VİTSE-PREZİDENTDƏN DANIŞDI:“Ana Vətən bu xanımı hazırlaşdırıb”-VİDEO

AYAZ MÜTƏLLİBOV BİRİNCİ VİTSE-PREZİDENTDƏN DANIŞDI:“Ana Vətən bu xanımı hazırlaşdırıb”-VİDEO

Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovla “Qaynar Qazan”da müsahibə götürmək ilk günlərdən planımızda vardı.Bunun üçün siyahımızda olan digər siyasi xadimlər kimi, onunla da zaman-zaman əlaqə yaratmağa təşəbbüs etmişdik. Onun köməkçisi ilə (indi o, köməkçisi deyil) təxminən, ilyarım danışıqlar apardıq. Nə etdik, nə dediksə, təsiri olmadı, Ayaz Mütəllibovla xəttə çıxa bilmədik. Nəhayət, əlimizi müsahibə istəyindən üzdük.

Ta… bu günlərə qədər.“Tövbə” Cəmiyyətinin sədriHacı Əbdülün müsahibəsindən sonra Ayaz Mütəllibovun köməkçisiQulu müəllimzəng etdi və onunla bəzi məsələlər ətrafında söhbətləşdik. Qulu müəllimlə söhbətimiz alındı və bu, Ayaz Mütəllibovla “Qaynar Qazan”da söhbətə qədər irəlilədi və Azərbaycanın birinci prezidenti ilə tarixi bir müsahibə götürdük.

Ayaz Mütəllibov Azərbaycan tarixinin ən ziddiyyətli siyasi liderlərindən biridir.Onun dövrü elə tarixi mərhələlərə düşüb ki, demək olar, çağ dəyişib Azərbaycan.Azərbaycan müstəqilliyinin ən həssas zamanları, eyni zamanda ən böyük faciələri də bu dövrdə yaşanıb.Ən ağrılı zamanlarımız onun dövründə olub. Müstəqilliyimizin, demək olar ki, bütün atributlarını onun dövründə qazanmışıq və indi bizə xəyal kimi görünən maraqlı bir demokratiya dönəmi də məhz onun dövründə yaşanıb.

Ayaz Mütəllibov mətbuata hər zaman məsafəli adam olub.Bu məsafə onu daha da uzaqlaşdırıb ictimai-siyasi həyatdan. O səbəbdəndir, bəlkə, həm də çox az danışıb ilk prezident. Mən onun televiziya kanallarında uzun verilişlərinə heç bir zaman rast gəlməmişəm. Son illərdə bəzi-para verilişlər olub ki, onlar da çox nadirən 1 saatı keçib. Zatən Ayaz Mütəllibovun 1 saatdan çox müsahibəsini seyr etmək mümkün də olmayıb, çünki olmayıb.
Ancaq “Qaynar Qazan” bu nizamı pozdu. Mən biləni, ilk dəfə idi ki, ilk prezident bu qədər kamera qarşısında danışırdı. Həm də təxminən canlı efir kimi. Bilənlər bilir ki, “Qaynar Qazan” elə təxminən canlı kimidir – biz çəkilişdən sonra çox az dəyişikliklər edirik. Amma Ayaz Mütəllibovla danışanda onun istədiyi dəyişiklikləri edəcəyimizə söz vermişdik. O qədər də etmədi. Və çox uzun – 3 saatdan çox ekran qarşısında suallarımı ona yönəldə bildim.

Təbii ki, Mütəllibovun miqyası çox böyükdür.Onun şəxsiyyətinə və yürütdüyü siyasətə kimin necə baxmasından asılı olmayaraq, Ayaz Mütəllibov bu ölkənin ən kritik zamanlarında bu ölkənin birinci adamı olub.Azərbaycanı ən qarışıq zamanlarda idarə edib. Moskvaya çox bağlı adam olub və çox şeyləri, çox sirləri bilir. Onunla danışarkən çox şey bildiyini, amma hələ də çox az şey danışdığını hiss etdim. Kaş ki, bütün bildiklərini Azərbaycanın gələcəyi üçün danışaydı da, biz də yorulmadan onu çəkib millətin ixtiyarına verə biləydik.

Daşıdığı tarixi missiya və önəm digər bütün qonaqlarımız kimi, Ayaz Mütəllibova da həssas və diqqətli yanaşmamızı əmr edirdi. Suallar da həddindən artıq çox idi. Təkcə sosial şəbəkələrdən gələn suallar yox, həm də başqa suallar vardı, özümüzü maraqlandıran suallar vardı. Buna görə də Mütəllibova sualları müxtəlif kateqoriyalarda qruplaşdırdıq. Ümumi suallar, 20 yanvar 1990-cı il hadisələri ilə bağlı suallar, 20 noyabr 1991-ci il hadisələri ilə bağlı suallar, 26 fevral 1992-ci illə və 14 may 1992-ci illə bağlı suallar… Təbii ki, Heydər Əliyevlə, İlham Əliyevlə, Mehriban Əliyeva ilə bağlı suallar, eyni zamanda digər maraqlı suallar da vardı və bütün bunları ardıcıl düzmək və yerində istifadə etmək, həm də prezident olmuş bir tarixi şəxsiyyətlə, etiraf edim ki, asan iş deyildi.Həm də bu, mənim Ayaz Mütəllibovla ilk görüşüm idi və mən onu hər zaman qaraqabaq, qaşqabaqlı və bir az da əsəbi görmüşdüm kanallarda.Düşünürdüm və ehtiyat edirdim ki, elə olsa çox çətin olacaq müsahibənin taleyi.

Biz böyük bir binanın foyesində görüşdük Ayaz Mütəllibovla.Foyenin böyük olması səsin bir az dağılmasına səbəb olub – hiss edəcəksiniz. Ayrıca, bizə səs-küy olmayacağını vəd etsələr də, binanın zəngin sakinləri sanki bir az da səs salmaq istəyircəsinə xüsusi əda ilə səs-küy salmağa çalışırdılar və sağ olsunlar, buna mümkün qədər də nail ola bildilər. Diqqətli tamaşaçılar müsahibə boyu ədalı kabluk səslərini, səs-küylü lift qapılarının cırıltısını və hündürdən danışılan səsləri eşidəcəklər. Görünür, özümüzün keyfiyyətli studiyalarımız olana qədər biz belə məşəqqətlərə dözməliyik. O da olacaqmı, hələ bilinməz…

Ayaz Mütəllibovla qarşılaşan kimi, kefini yaxşı gördüm.Ekrandan məni tanıyırdı və çoxdanın tanışı kimi görüşdük və görüşümüz müsahibə boyunca da xoş ovqatla davam etdi. Pozitiv idi.Mən onu nadir hallarda gülən görmüşdüm, müsahibə boyunca mümkün qədər pozitivliyini və gülərüzlüyünü də göstərməyə çalışdı.Təbii ki, verilən ağır suallara o qədər səmimi olacağını heç düşünmürdüm də. Ayaz Mütəllibov başından olmazın fəlakətlər keçən və qarışıqlıqlar içində ömür sürən bir adamdır. Gözü ilə od görüb. Onun tam səmimi olacağını düşünmək bir az da xəyal ola bilərdi, amma ilk müsahibə kimi, 3 saatdan çox danışmaq və yorulmamaq özü artıq bir göstərici idi.Ayrıca, Ayaz Mütəllibov elə şeylər danışıb ki, Azərbaycanda aylar boyu müzakirə olunacaq, bilirəm.

Beləcə, sözü çox uzatmadan Ayaz Mütəllibova – Azərbaycanın ilk prezidentinə vermək istəyirəm.Hər şeyi tamaşaçı qərarlaşacaq. Harada səmimidir, harada yox, nələri daha deyə bilərdi, nələri yox – seçim onundur. Elə isə o zaman söz “Qaynar Qazan”ın 52-ci qonağınındır –Ayaz Mütəllibovun…

Əvəz Zeynallı
“Qaynar Qazan”

I hissəni buradan oxuya bilərsiniz:

AZƏRBAYCANIN İLK PREZİDENTİ 30 İLİN SİRR SANDIĞINI AÇIR:

Açar sözlər
Ilham Əliyev , Mehriban Əliyeva , Heydər Əliyev , Rəşad Əliyev , Isa Qəmbər , Əbülfəz Elçibəy , Allahşükür Paşazadə , Əmin Rəsulzadə , Sabir Rüstəmxanlı , Ayaz Mütəllibov , Bəxtiyar Hacıyev , Rüfət Ağayev , Nəriman Nərimanov , Əlikram Hümbətov , Mehdi Mustafayev , Ilqar Məmmədov , Pənah Hüseyn , Nemət Pənahlı , Əvəz Zeynallı , Imam Rza , Araz Əlizadə , Firudin Cəlilov , Tamerlan Qarayev , Qurban Məmmədov , Afiyəddin Cəlilov , Nizami Süleymanov , Boris Nikolayeviç , Rəhim Hüseynov , Nəsir Ağayev , Eldar Mirzəyev , Dilqəm Əhmədli , Əziz Tağıyev , Mərdan Seyidbəyli , Rahim Qazıyev , Elvin Cavadzadə , Malik Rzazadə , Tahirə Qafarlı , Şükür Cəlilov , Ağamalı Kim , Mdb , Avropa Birliyi , Avropa Şurası , Naxçıvan Ali Məclis , Kommunist Partiyası , Harvard Universiteti , Ana Vətən Partiyası , Azərbaycan Kommunist Partiyası , Azərbaycanın Onurğa Sistemi , Sovet Ittifaqı , Türkiyə , Azərbaycan , Bakı , Iran , Sumqayıt , Qarabağ , Moskva , Gəncə , Ankara , Minsk , Estoniya , Naxçıvan , Tehran , Ermənistan , Lənkəran , Ordubad , Məşhəd , Şamaxı , Şirvan , Sabirabad , Sədərək , Kərbəla , Belarusiya
Siyasət xəbərləri
Strateq.az digər xəbərlər