Azaraq Ermənistana keçən Azərbaycan vətəndaşı əməliyyat olunub

Azaraq Ermənistana keçən Azərbaycan vətəndaşı əməliyyat olunub

Azaraq Ermənistana keçmiş Azərbaycan vətəndaşı Elvin Arif oğlu İbrahimov əməliyyat olunub.

ONA-nın məlumatına görə, bu barədə Ermənistanın Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, aprelin 24-də o, “Erebuni” tibb mərkəzinə aparılıb. Müayinə zamanı təcili əməliyyata ehtiyac olduğu qənaətinə gəlinib. Açıq əməliyyat zamanı onun mədəsindən yad cisim götürülüb.

Əməliyyat barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatlı olduğu deyilir.

Qeyd edək ki, Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu cari il mart ayının 15-dən 16-na keçən gecə Qazax rayonunun Ermənistan Respublikası Noyemberyan rayonu ilə sərhəd xəttində yolu azaraq qarşı tərəfə keçib.

E.İbrahimov sərhədi keçərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralanıb. Aidiyyəti beynəlxalq təşkilatlar E.İbrahimovun yaralanması və Ermənistan hərbçiləri tərəfindən saxlanılması faktını təsdiq edərək həyatı üçün təhlükənin olmadığını bildiriblər.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aparılmış ilkin araşdırma zamanı məlum olub ki, E.İbrahimov Qazax rayonlararası ruhi xəstəxanasında qeydiyyatdadır.

Dövlət Komissiyası E.İbrahimovun azad edilməsi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara müraciət edib.

Hadisə xəbərləri
Ona.az digər xəbərlər