"İsrafil Hüseynov" gəmisində partlayış: 3 nəfərin həyati təhlükəsi var

"İsrafil Hüseynov" gəmisində partlayış: 3 nəfərin həyati təhlükəsi var

Xəzər dənizində, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus olan və İtaliyanın “Saipem” şirkətinə icarəyə verilmiş “İsrafil Hüseynov” borudüzən gəmisində dünən baş vermiş partlayışda xəsarət alanlar gecə saatlarında Mərkəzi Neftçilər Xəstəxansına yerləşdirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov virtualaz.org-a bildirib ki, xəsarət alan 14 nəfərdən 7-i xəstəxananın reanimasiya şöbəsindədir. “Reanimasiya şöbəsindəki 4 yaralının vəziyyəti stabil ağırdır. Üç nəfərin isə yuxarı tənəffüs yolları yanıb, həyati təhlükəsi var”-o deyib.

* * *09:54

Xəzər dənizində "Saipem" şirkəti tərəfindən əməliyyat işləri aparan "İsarfil Hüseynov" borudüzən gəmisində yanğın boru istehsal xəttində layihə ilə əlaqəli avadanlıqda baş verən qəza nəticəsində meydana gəlib.

Trend-ə şirkətdən verilən məlumata əsasən, baş verən yanğın nəticəsində müxtəlif dərəcəli yanğın xəsarətləri alan 14 nəfər "Citadel" gəmisi vasitəsi ilə gecə saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılıb.

Şirkət qeyd edib ki, baş verən hadisə zamanı gəmi heyətindən xəsarət alan olmayıb və hazırda gəminin gələcək təhlükəsizlik fəaliyyətinə səbəb olacaq risk yoxdur: "Saipem" şirkəti gedişatı nəzarətə götürüb və müntəzəm olaraq yenilənən xəbərləri çatdıracaq".

Bu arada məlum olub ki, Mərkəzi Neftçilər Xəstəxanasına gətirilən 14 nəfərdən 1-i artıq evə buraxılıb.

Xəstəxanadan verilən məlumata görə, qalan 13 nəfərdən 7-si reanimasiya şöbəsinə, 6 nəfər isə xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib: "Ümumilikdə gəmidə14 nəfər xəsarət alıb. Onlardan 1 nəfər - gəminin mətbəxində işləyən şəxsin xəsarətləri yüngül olduğu üçün bu gün səhər saatlarında evə buraxılıb. Xəsarət alanlardan 1 nəfərin yanıq xəsarətləri çox olduğundan həmin şəxs Respublika Yanıq Mərkəzində müayinə olunduqdan sonra yenidən Mərkəzi Neftçilər Xəstəxanasına qaytarılıb".

**

00:22

Xəzər dənizində borudüzən gəmisində baş verən qəza nəticəsində 14 nəfər xəsarət alıb. Bu barədə "Saipem" şirkətindən bildiriblər.

Şirkət qeyd edib: "Mayın 8-də, təqribən saat 18:30 radələrində "Saipem" şirkəti tərəfindən əməliyyat işləri aparan "İsrafil Hüseynov" borudüzən gəmisində yanğın baş verib. Yanğın zamanı 14 nəfər müxtəlif dərəcəli yanğın xəsarətləri alıb və hal hazırda "Citadel" gəmisi vasitəsi ilə Bakı sahilinə çatdırılması işləri aparılır".

"Saipem" həmçinin bildirib ki, gəminin 01:45 radələrində sahilə çatması gözlənilir: "Yaralananları dərhal Mərkəzi Nefçilər Xəstəxanasına çatdırmaq üçün limanda təcili tibbi yardım maşınları hazır şəkildə gözləməkdədir. "Saipem" şirkəti gedişatı nəzarətə götürüb və müntəzəm olaraq yenilənən xəbərləri çatdıracaqdır".

Şirkətdən verilən məlumata əsasən, gəmidə baş verən yanğın söndürülüb. (Trend)

* * *23:34 (08.05.2019)

Xəzər Dəniz Neft Donanmasına məxsus “İsrafil Hüseynov” gəmisində partlayış baş verib.

“Qafqazinfo” xəbər verir ki, partlayış nəticəsində 10-dan çox yaralı var. Yaralılardan 3-nün vəziyyəti ağırdır.

İlkin məlumata görə, zərərçəkənlər sahilə çatdırılmaq üçün başqa bir gəmiyə evakuasiya olunublar.

Xəzər Dəniz Gəmiçiliyinin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev hadisə barədə açıqlama verib. O, “İsrafil Hüseynov” boru düzən gəmisinin borudüzmə zonasında hansısa texnoloji avadanlıqda qəza baş verməsi hadisəsindən xəbərdar olduqlarını açıqlayıb: "Gəmi ilə davamlı əlaqədəyik. Heyətdən heç kim xəsarət almayıb. Gəmini hazırda “Saipem” şirkətinə icarəyə vermişik. Qəza baş verən ərazidə həmin şirkətin nümayəndələri çalışırlar. Bütün məlumatları, o cümlədən işçilərin xəsarət alıb-almaması ilə bağlı informasiyanı həmin şirkətdən ala bilərsiniz".

Qeyd olunur ki, vəziyyəti ağır olanlardan ikisi azərbaycanlı, biri malayziyalıdır.

Hadisə xəbərləri
Virtualaz.org digər xəbərlər