Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqladı – YENİLƏNİB

Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqladı – YENİLƏNİB

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini aşağı saldı

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 9%-dən 8.75%-ə endirilməsi haqda qərar qəbul etmişdir. Faiz dəhlizinin yuxarı həddi 10.75%, aşağı həddi isə 6.75% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilmişdir. Qərar 26 aprel 2019-cu ildən qüvvəyə minir.

Bu qərar inflyasiya səviyyəsinin hədəf (4±2%) daxilində olması, inflyasiya gözləntilərinin sabitliyi, əlverişli xarici mühit nəzərə alınmaqla qəbul edilmişdir. İnflyasiyanın hədəf diapazonunun aşağısına yaxın olması monetar siyasətin normallaşdırılması prosesinin davam etdirilməsinə imkan verir.

İnflyasiya prosesləri. 2019-cu ilin mart ayında 12 aylıq inflyasiya 2.5% təşkil etmişdir və bu, hədəf çərçivəsinin aşağı həddinə yaxındır.

İllik inflyasiya başlıca olaraq pullu xidmətlərin qiymət-tarif dinamikasından təsirlənir (3.7%), uyğun olaraq illik inflyasiyanın artımının təxminən yarısı bu amilin payına düşür. Ərzaq (2.3%) və qeyri-ərzaq qiymətlərinin (1.3%) dinamikası ümumi inflyasiya dinamikasından aşağıdır.

Məcmu tələbin genişlənməsi və bir sıra qeyri-monetar amillərin qiymətlərə artırıcı təsirinə baxmayaraq ikitərəfli və nominal effektiv məzənnənin dinamikası, həmçinin monetar şərait inflyasiyanın hədəf çərçivəsində qalmasını şərtləndirmişdir.

İnflyasiya gözləntiləri. Aşağı faktiki inflyasiya fonunda inflyasiya gözləntiləri stabil olaraq qalır. Mərkəzi Bankın həyata keçirdiyi real sektorun monitorinqinin nəticələrinə əsasən son ayda qiymət gözləntiləri qeyri-neft emal sənayesində və tikintidə azalmışdır. Ev təsərrüfatları arasında mart ayında aparılan sorğunun nəticələrinə görə inflyasiya tempinin yüksələcəyini gözləyən respondentlərin payı cəmi 3.2%-dir.

Son proqnozlar 2019-cu ilin qalan dövründə də inflyasiyanın hədəf daxilində (4±2%) qalacağını göstərir. Beynəlxalq maliyyə-kredit təşkilatları da özlərinin son hesabtlarında 2019-cu ildə Azərbaycanda inflyasiyanın aşağı birrəqəmli səviyyədə qalacağını proqnozlaşdırırlar.

Xarici şərait. Xarici sektorda müsbət dinamika davam edir. Cari ilin I rübündə ixracın 34%, o cümlədən qeyri-neft ixracının 17% artması nəticəsində xarici ticarət balansında 1.3 mlrd. dolları məbləğində müsbət saldo yaranmışdır. Monetar qızıl idxalı nəzərə alınmadan xalis qeyri-neft idxalı isə 9.7% artmışdır.

Dünya əmtəə bazarlarında qiymət konyunkturu Azərbaycan üçün əlverişlidir. Neftin qiyməti ilin əvvəlindən 34% yüksələrək 70 ABŞ dollarını üstələmişdir. Neftin orta qiyməti 65 ABŞ dollarından yüksək olmuşdur.

I rübdə strateji ehtiyatlar 1.9 mlrd. dollar artaraq 46.7 mlrd. dollara çatmışdır.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə dünya ərzaq qiymətləri indeksi yanvar-mart aylarında 3.4% yüksəlsə də, ötən ilin eyni dövrünə nəzərən 3.6% aşağıdır. Martda ötən ayla müqayisədə ət və süd məhsulları bahalaşmış, taxıl, bitki yağı və şəkər ucuzlaşmışdır.

İlin sonuna tədiyə balansının cari hesabında əhəmiyyətli profisitin olacağı proqnozlaşdırılır. Bununla bağlı Mərkəzi Bankın və beynəlxalq təşkilatların proqnozları bir-birinə yaxındır.

Profisitli tədiyə balansı şəraitində 2019-cu ilin I rübündə ölkənin daxili valyuta balansı tarazlığını qorumuş, Mərkəzi Bankda keçirilən valyuta hərraclarında tələb təklifə demək olar ki, bərabər olmuşdur.

İqtisadi aktivlik. İlin əvvəlindən iqtisadi artım tempində başlayan yüksəliş davam edir. 2019-cu ilin I rübündə ötən ilin müvafiq dövrünə nəzərən real iqtisadi artım 3% təşkil etmişdir. İqtisadi artım qeyri-neft sektorunda 1.7% olmuşdur ki, bu da əsasən ticari sektordan qaynaqlanmışdır. Qeyri-neft sənayesində 16.1%, kənd təsərrüfatında 3.6% artım müşahidə olunmuşdur.

Mərkəzi Bank tərəfindən həyata keçirilən real sektorun monitorinqi əsasında hesablanan biznes inam indeksi ötən 3 ayda ticarət və tikinti sektorunda artmışdır.

Sosial islahat paketi çərçivəsində iqtisadiyyata veriləcək fiskal stimulların ilin qalan dövründə daxili tələbi genişləndirməklə iqtisadi aktivliyi yüksəldəcəyi gözlənilir. İstehlak tələbinin genişlənməsinin izafi inflyasiya təzyiqi yaratmamasının başlıca şərti daxili istehsalın artımıdır.

İnflyasiya riskləri. İdarə Heyətinin monetar siyasətə həsr olunmuş son iclasından bəri inflyasiyanın risk balansında əhəmiyyətli dəyişiklik baş verməmişdir.

Sabitləşdirici amillərə antiinflyasion monetar şərait, profisitli tədiyə balansı şəraitində məzənnənin dayanıqlığı və faktiki inflyasiya səviyyəsində möhkəmlənən inflyasiya gözləntiləri aiddir.

Bununla belə xarici və daxili risk amilləri də qalır. Xarici amillərə qlobal iqtisadi artımın səngiməsinin enerji daşıyıcıları qiymətlərinə mümkün təsirləri, dünya ərzaq bazarlarında bahalaşma meylinin davam etməsi, ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya və məzənnə dəyişkənliyi ilə bağlı qeyri-müəyyənliklər aiddir. Beynəlxalq Valyuta Fondu cari ilin aprelində 2019-cu ilə qlobal iqtisadi artım proqnozunu yanvar hesabatı ilə müqayisədə azalma istiqamətində təshih etmişdir.

Daxili amillərə isə başlıca olaraq fiskal stimulların istehlak bazarına və monetar sektora təsirləri, ayrı-ayrı kənd təsərrüfatı məhsulları üzrə təklif şokları və kredit aktivliyinin bərpasının kredit ekspansiyasına keçməsi aiddir. Cari ildə və orta müddətli dövrdə fiskal siyasətin sabitliyi davamlı qiymət sabitliyinin və məzənnənin dayanıqlığının əsas şərtlərindən biri olaraq qalır.

Monetar şərait. Mərkəzi Bankın qiymətləndirmələrinə görə monetar siyasətin normallaşdırılmasının davam etdirilməsi iqtisadi artımın dəstəklənməsi və makroiqtisadi sabitliyin qorunması arasında balansın təmin edilməsinə müsbət təsir göstərəcəkdir.

Pul təklifi və bank sisteminin likvidlik mövqeyi dövlət büdcəsinin profisiti və real sektorun kreditlərə olan tələbatından asılı olaraq formalaşır. I rübdə kredit qoyuluşları 0.3%, o cümlədən ev təsərrüfatlarına kreditlər 2.1% artmışdır. Kreditlər artım nümayiş etdirsə də bank sisteminin likvidlik mövqeyində iri həcmli struktur profisiti qalır.

Dollarlaşmanın azalması davam edir. Fiziki şəxslərin əmanətlərinin dollarlaşması 60.5%-ə, o cümlədən rezident fiziki şəxslər üzrə 58.7%-ə enmişdir.

Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarının açıqlanması 2019-ci il iyunun 7-də ictimaiyyətə təqdim ediləcəkdir.

XXX 11:00

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında faiz dəhlizinin yeni parametrlərini elan etdi.


"Marja"nın məlumatına görə, Elman Rüstəmov bildirib ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 9%-dən 8,75%-ə endirilməsi haqda qərar qəbul edib. Faiz dəhlizinin yuxarı həddi 10,75%, aşağı həddi isə 6,75% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib.

Mərkəzi Bankın sədri qeyd edib ki, faiz endirimi qərarı verilən zaman ölkə daxilindəki müsbət makro-iqtisadi prosesləri və əlverişli xarici mühiti nəzərə alınıb.

"2019-cu ilin Mart ayında 12 aylıq inflyasiya 2,5% təşkil etmişdir ki, bu da Mərkəzi Bankın hədəfi çərçivəsindədir. Xatırladım ki, Mərkəzi Bankın illik inflyasiya hədəfi 4%-dir (2% yuxarı və aşağı olmaqla). İnflyasiya gözləntiləri stabil olaraq qalır və hədəf çərçivəsində qalacağını nəzərdə tuturuq.",- Elman Rüstəmov bildirib.

Sədr qeyd edib ki, ixracın daha çox artması nəticəsində ticarət balansında 1,3 milyard dollar məbləğində müsbət saldo yaranıb.

Beynəlxalq bazarlardakı vəziyyət Azərbaycan üçün əlverişlidir, ilin əvvəlindən neftin qiyməti 34% yüksəlmiş və 70 dolları ötüb keçmişdir. Bu da Azərbaycanın büdcə üçün nəzərdə tutduğu 60 dollardan yüksəkdir.

Qeyd edək ki, 2019-cu ilin Mart ayında Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 9.25%-dən 9%-ə endirilməsi haqda qərar qəbul etmişdi. Faiz dəhlizinin yuxarı həddi 11%, aşağı həddi isə 7% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilmişdi. Qərar 15 mart 2019-cu ildən qüvvəyə minmişdi.

Elman Rüstəmov qeyd edib?

-1-ci rübdə strateji valyuta ehtiyatları 1,9 milyard dollar artaraq 46,7 milyard dollara çatıb,

- O cümlədən bu dövrdə Mərkəzi Bankın valyuta ehtiyatları təxminən 153 milyon dolar artıb,

-FAO-nun məlumatına görə, Dünya Ərzaq Qiymətləri İndeksi Yanvar-Mart aylarında 3,4% yüksəlsə də, ötən ilin eyni dövrü ilə müqayisədə 3,6% aşağıdır. Bu göstərici xaricdən inflyasiya idxalı üçün olduqca əhəmiyyətlidir,

-İqtisadi aktivlik bərpa olunub və daha da sürətlənib, real iqtisadi artım 3% təşkil edib,

-Sosial islahat paketi çərçivəsində iqtisadiyyata veriləcək ilin qalan dövründə fiskal stimulların daxili tələbi genişləndirməklə iqtisadi aktivliyi yüksəldəcəyi gözlənilir,

-İstehlak tələbinin genişlənməsi izafi inflyasiya təzyiqlərinin olmasının başlıca şərtidir.

TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN

UÇOT DƏRƏCƏSİ NƏDİR?

Məlumat üçün bildirək ki, uçot dərəcəsi (faiz dərəcəsi) pulun dəyəri rolunu oynayır. Pula olan tələb də faiz dərəcəsindən asılı olaraq dəyişir. Məsələn, faiz dərəcələri azaldığı zaman kreditlərə tələb artır, insanların banklara əmanət qoymaq meyli isə azalır. Bu zaman iqtisadi subyektlər daha çox kredit almağa meyl göstərirlər, əllərində olan nağd pulu isə banklarda aşağı faizlərlə saxlamaqdansa xərcləməyə çalışırlar. Nəticədə məcmu tələb artır ki, bu da həm iqtisadi artıma və məşğulluğa, həm də inflyasiyaya artırıcı təsir göstərir.

Faiz dərəcələri artdıqda isə kreditlərə tələb azalır, insanların banklara əmanət qoymaq meyli güclənir. Çünki, əmanətlər üzrə faizlər nağd pulu saxlamağın “alternativ xərci”dir. Nəticədə iqtisadi subyektlər daha az kreditlər alırlar və qazandıqları pulun çox hissəsini xərcləməyərək yığıma yönəldirlər. Beləliklə də məcmu tələb daralır və inflyasiyanın azalması üçün şərait yaranır.

İqtisadiyyat xəbərləri
Marja.az digər xəbərlər