“Azərbaycan qadının tarixən qəhrəmanlığı müxtəlif sahələrdə özünü göstərməkdədir...”

“Bu cür tədbirlərdə iştirak etmək çox çətindir, amma çətin olduğu qədər də qürurludur və bu, şəhidlərimizi itirdiyimiz gündən ağır ola bilməz”
Bunu
Moderator.az-a açıqlamasında əməkdar artist Gülüstan Əliyeva şəhid ailələri ilə keçirilən bayram şənliklərində iştirakından danışarkən deyib. G.Əliyeva bildirib ki, belə tədbirlərdə iştirak etmək hər birimizin borcudur:“Bir şəhid ailəsi olaraq bayram günlərində şəhid analarımızın yanında olmaq hər birimiz kimi, mənim də borcumdur. Hər il şəhid ailələri ilə keçirilən bayramlarda iştirak edirəm. Şəhid ailələri bu bayramı daha çox haqq edirlər, çünki onlar şəhidlərimizin bizlərə qoyduqları əmanətləridir. Ona görə istədim ki, 8 Mart Qadınlar Günündə şəhid analarımızın yanında olum. Bu cür tədbirlərdə iştirak etmək çox çətindir, amma çətin olduğu qədər də qürurludur və bu, şəhidlərimizi itirdiyimiz gündən ağır ola bilməz. Şəhid ailələrimizin yanında olmaq, onların bayram gününü bərabər keçirmək bir şərəfdir. Hörmətli millət vəkilimiz Qənirə xanım Paşayeva həmişə olduğu kimi yenə də yanımızdaydı.
Çox möhtəşəm bir çıxışlar, “Azərbaycan qadını keçmişdən gələcəyə” adı altında tədbir keçirildi. Çünki Azərbaycan qadını tarixən qəhrəman qadın olub və bu gün də o qəhrəmanlıq müxtəlif sahələrdə özünü göstərməkdədir. Bizim aprel döyüşlərində şəhid olan polkovnik-leytenantımız Raquf Orucovun həyat yoldaşı, eyni zamanda “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc xanım Əlizadə bu tədbiri təşkil etdi. Şəhid ailələrimizin qadınlarına daha çox diqqət yetirilməlidir”.
Vasif Əlihüseyn