Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağı keçirilib

Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağı keçirilib

Bakı, 2 may, AZƏRTAC

Mayın 2-də Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə qəsəbə bələdiyyələrinin fəaliyyətinə dair fotostendə baxıblar.

Binəqədi Mərkəzi Mədəniyyət Evində keçirilən tədbirdə Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov məruzə ilə çıxış edib. Bildirilib ki, hesabat dövründə ölkəmizdə mühüm inkişaf prosesləri, əhalinin gündən-günə maddi rifahının yüksəlməsi müşahidə olunub. Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və məqsədyönlü siyasət nəticəsində respublikamız qüdrətlənir, beynəlxalq aləmdə nüfuzu daha da artır. Azərbaycanda sosial-iqtisadi və siyasi islahatların bir-birini tamamlaması uğurların davamlılığını təmin edir. Bu dövrdə bələdiyyələr də daim inkişafda olub. Bələdiyyələrin Azərbaycanın sürətli sosial-iqtisadi tərəqqisində rolunun artmasına nail olunub, onlar yerlərdə konkret işlərin görülməsinə çalışıblar.

Sonra nəzarət-təftiş komissiyasının hesabatı dinlənilib.

Daha sonra bir sıra qəsəbə bələdiyyə sədrlərinin hesabatları təqdim edilib.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Rəhman Məmmədov bələdiyyələrin fəaliyyətində bir sıra uğurlar əldə edilməsinə baxmayaraq, bu sahədə bəzi çatışmazlıqların olduğunu bildirib. Qeyd edib ki, bəzi bələdiyyələrin vəzifəli şəxsləri öz işlərinə məsuliyyətsiz yanaşır, bəzi hallarda isə qanunsuzluqlara yol verirlər. Bu, vergi yığımı işində özünü daha çox göstərir. Bu sahədə qanunvericiliyin tələblərinə ciddi əməl edilməlidir. 64 bələdiyyənin Dövlət Sosial Müdafiə Fonduna borcu yaranıb. Bu, bələdiyyələrin vəzifəli şəxslərinin məsuliyyətsizliyinin nəticəsidir. Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş gəlir mənbələrindən səmərəli istifadə edə bilmirlər.

Milli Məclisin deputatı Kamran Bayramov təəssüflə bildirib ki, bələdiyyələr ölkəmizin hazırkı inkişaf templəri ilə ayaqlaşa bilmir. Dövlətimiz bələdiyyələrə bütün sahələrdə dəstək göstərsə də, bələdiyyələr bunu layiqincə qiymətləndirə bilmirlər. Dövlətimizin başçısı son dövrlərdə bələdiyyələrlə bağlı bir sıra mühüm qərarlar qəbul edib. Həmin qərarlar üzrə düzgün şəkildə fəaliyyət aparılsa, bu, bələdiyyələrin büdcəsinin formalaşdırılmasına böyük töhfə olar. Bələdiyyələr gördükləri işlər barədə mütəmadi olaraq cəmiyyəti məlumatlandırmalıdır.

Prezident Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov yerli büdcənin həcminin xeyli azaldığını bildirib. Qeyd edib ki, bələdiyyələr bunu bir sıra səbəblərlə əlaqələndirsə də, bu, birbaşa uçot işinin düzgün aparılmaması və vergi yığımı sahəsində məsuliyyətsizliklə bağlıdır. İyirmi ilə yaxın fəaliyyət göstərmələrinə baxmayaraq, bəzi bələdiyyələr uçot sistemini hələ də düzgün qura bilməyiblər. Bələdiyyələrin Dövlət Sosial Müdafiə Fonduna olan borcları ötən ilə nisbətən iki dəfə azalıb. Tezliklə bu problem öz həllini tapacaq. Lakin məqsəd yaranan borcu ödəmək deyil, borcun səbəblərini tapmaq olmalıdır. Bələdiyyə sədrləri məsuliyyətli olmalı, öz işlərində dönüş yaratmalıdırlar.

Sonra iclasın qərarı oxunub, qərar layihəsi və nəzarət-təftiş komissiyasının hesabatı qəbul edilib.

Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının 2019-cu il büdcəsi təsdiqlənib.

Daha sonra bir sıra təşkilati məsələlər səsə qoyularaq qəbul olunub.

Siyasət xəbərləri
Azertag.az digər xəbərlər