Azərbaycan Vergilər Nazirliyi yeni elektron xidməti istifadəyə verib - FOTOLAR

Azərbaycan Vergilər Nazirliyi yeni elektron xidməti istifadəyə verib - FOTOLAR

Azərbaycan Vergilər Nazirliyi daha bir elektron xidməti vətəndaşların istifadəsinə verib.

Bu xidmət sayəsində yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlər elektron imza olmadan mobil nömrə və FİN koddan istifadə edərək onlayn qaydada dövlət qeydiyyatına alınacaq. ATV.az nazirliyə istinadən xəbər verir ki, elektron imzası olmayan istifadəçi İnternet Vergi İdarəsinin "Onlayn Kargüzarlıq" bölməsinə daxil olmaq üçün mobil telefon nömrəsini və FİN kodunu daxil edib, "daxil ol" düyməsini sıxmalıdır. Daxil edilən mobil nömrənin həmin FİN koda aid olması yoxlanılır, uyğunsuzluq olduğu halda vətəndaşın sistemə daxil olmaq imkanı məhdudlaşdırılır. Bu barədə ekranda "Siz bu mobil nömrənin sahibi deyilsiniz. Dəqiqləşdirilməsi üçün mobil operatora müraciət etməyiniz tövsiyə olunur" yazısı çıxır.

Daxil edilən mobil nömrənin həmin FİN koda aid olduğu halda mobil nömrəyə 6 rəqəmli təsdiqləmə kodu göndərilir və həmin kodu açılan xanaya daxil etmək lazımdır. Təsdiq kodu ekrana gəlmədiyi halda yenidən təsdiq kodunu tələb etmək imkanı yaradılır. Təsdiqləmə kodu daxil edildikdən sonra "Qəbul" düyməsi sıxılır və istifadəçi "Onlayn Kargüzarlıq" bölməsinə daxil olur. Burada ərizə növü kimi "H/Ş elektron qeydiyyatı" seçilir və "Adi qeydiyyat ərizəsi (elektron imza olmadan)" bölməsinə klik edilir.

Hüquqi şəxsin elektron qeydiyyatı ekranı açılır və tələb olunan məlumatlar - MMC-nin adı, nizamnamə kapitalının məbləği və təsisçiləri, MMC-nin hüquqi ünvanı və idarəetmə orqanları, müşahidə şurası və MMC-nin fəaliyyət sahəsi barədə məlumatlar ardıcıllıqla sistemə daxil edilməlidir.

ATV.az

İKT xəbərləri
Atv.az digər xəbərlər