Azərbaycana daha bir etimad göstərildi

Azərbaycana daha bir etimad göstərildi

Azərbaycan 2 il müddətinə Ümumdünya Gömrük Təşkilatının Gömrük Əməkdaşlıq Şurasının sədr müavini, Avropa Regionu üzrə rəhbəri seçilib

BAKI, 27 aprel - Sputnik. Sankt-Peterburqda (Rusiya) keçirilən Ümumdünya Gömrük Təşkilatı (ÜGT) Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransı bu gün başa çatıb.

Bu barədə Sputnik Azərbaycana DGK-dan məlumat verilib.

Məlumata görə, beynəlxalq tədbirdə Azərbaycan Respublikasını Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Konfransda Ümumdünya Gömrük Təşkilatı Avropa regionunun tranzit sistemlərinin uyğunlaşdırılması, ÜGT-də əlavə dillərin istifadəsi, ÜGT-yə qoşulma ilə əlaqədar işçi qrupun fəaliyyətinin nəticələri, ÜGT-də fəaliyyətin qiymətləndirilməsi alətinin hazırlanması, 2019-2022-ci illər üzrə hazırlanacaq Strateji Planda Avropa regionunun prioritetləri, ÜGT-nin qayda və prosedurlarının təkmilləşdirilməsi, ÜGT-nin regional laboratoriyalarının texniki şərtlərinin qəbul edilməsi, ÜGT Avropa regionunun ÜGT-nin Komitə və orqanlarında təmsil edilməsi məsələləri müzakirə edilib.

Konfransda ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Bakıda yerləşən Avropa Regional Ofisinin rəhbərinin və ÜGT-nin Maliyyə Komitəsinin sədrinin hesabatları dinlənilib və bundan sonra Ümumdünya Gömrük Təşkilatının Gömrük Əməkdaşlıq Şurasının sədr müavini, Avropa Regionu üzrə rəhbəri vəzifəsinə seçkilər keçirilib.

Seçkilər zamanı ayrılmış vaxtın sonuncu saatında qeyd olunan vəzifəyə Avropa İttifaqı tərəfindən Yunanıstanın namizədliyi irəli sürülüb. Məhz bu namizədlik Avropa İttifaqı tərəfindən dəstəkləndiyi üçün gərgin müzakirələr aparılıb. Ümumi razılıq əldə olunmadığından məsələnin müzakirəsi növbəti günə keçirilib. Bununla əlaqədar, Azərbaycan nümayəndə heyətinin gün boyunca Avropa İttifaqının nümayəndələri, o cümlədən Yunanıstan, Böyük Britaniya və Rusiya gömrük xidmətlərinin rəhbər vəzifəli şəxsləri ilə məsələyə dair geniş spektrli müzakirələri aparılıb.

Daha sonra, Konfransın öz işini davam etdirdiyi dövrdə məsələ yenidən müzakirə edilib və Böyük Britaniya gömrük xidmətinin rəhbəri Azərbaycanın namizədliyi barədə öz müsbət mövqeyini bildirib, bununla yanaşı, Qazaxıstan, Türkiyə, Belarus gömrük xidmətlərinin nümayəndələri də müsbət rəylə çıxış edib və ağır keçən müzakirələrdən sonra Azərbaycan 2 il müddətinə Ümumdünya Gömrük Təşkilatının Gömrük Əməkdaşlıq Şurasının sədr müavini, Avropa Regionu üzrə rəhbəri seçilib.

Açar sözlər
Səfər Mehdiyev , Avropa Ittifaqı , Dgk , Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi , Avropa Regional Ofis , Ümumdünya Gömrük Təşkilatının Gömrük Əməkdaşlıq Şurası , Britaniya Və Rusiya Gömrük Xidmətləri , Belarus Gömrük Xidmətləri , Britaniya Gömrük Xidməti , Türkiyə , Azərbaycan , Bakı , Qazaxıstan , Rusiya , Yunanıstan , Sankt-Peterburq
İqtisadiyyat xəbərləri
Sputnik.az digər xəbərlər