“Azərbaycanda müxalifətin gücü yoxdur” - E.Millidən qalmaqallı açıqlama

“Azərbaycanda müxalifətin gücü yoxdur” - E.Millidən qalmaqallı açıqlama

Meydan TV-nin keçmiş rəhbəri: “Bu hakimiyyətin legitimliyini də bu xalq susmağı ilə, etiraz etməməyi ilə, Meydan TV kimi layihələri dəstəkləməməklə qəbul edib”

“Müxalifətin Azərbaycanda siyasi prosesləri dəyişməyə gücü yoxdur. 3 ay mitinq icazəsini gözləmək, olmayan seçkilərdə qələbə qazanmaq illuziyası ilə yaşamaq elə bu vəziyyətin bariz göstəricisidir”.

Bunu Meydan TV-nin keçmiş rəhbəri, siyasi mühacir Emin Milli deyib. O, qeyd edib ki, bunları sevinərək demir, sadəcə istəyir ki, reallığı olduğu kimi deyək, acı həqiqəti görək və özümüzə və xalqımıza nağıl danışmayaq: “Yalnız bu halda biz bu vəziyyətdən real çıxış yolunu tapa bilərik”.

E. Milli bildirib ki, xalqın tam əksəriyyəti mövcud olan durumu qəbul edib: “Bu hakimiyyətin legitimliyini də bu xalq susmağı ilə, etiraz etməməyi ilə, Meydan TV kimi layihələri dəstəkləməməklə qəbul edib.

Heç bir sosial qrup və ya müxalifət partiyası da bu durumu dəyişə bilmir. Bu cür avtoritar sistemlər də buna heç vaxt imkan verməzlər. Güc yalnız bu hakimiyyətin əlindədir.

Vəziyyət yalnız neftin hasilatının və qiymətlərinin aşağı düşdüyü halda dəyişə bilər. Amma bu baş versə də bu müxalifətin mübarizəsi nəticəsində yaranan vəziyyət olmayacaq və bu vəziyyətdə ciddi idarəedilməz xaos təhlükəsi də yarana bilər. Buna da hamımız dövlət, xalq olaraq indidən hazırlaşmalıyıq. Necə? Keyfiyyətli dövlət bürokratiyası, meritokratiya və ciddi iqtisadi islahatlar aparmaq ilə, orta təbəqənin yaranmasının bünövrəsini qoymaq ilə.

Son zamanlarda ölkədə əhalinin gəlirləri nisbətən azalıb və sosial narazılıq bir az artıb. Amma bu hökumət üçün təhlükə yaradacaq bir nöqtəyə hələ çatmamışıq. Bu yalnız hökumətə ciddi bir siqnaldır. Məncə hökumət də bu siqnalı indi qəbul edir.

Hökumət indiki mərhələdə real olaraq yalnız iqtisadiyyatda və idarəçilikdə dərin və cəsarətli islahatlar apara bilər. Bütün ölkənin və ilk növbədə bu hakimiyyətin buna ehtiyacı var. Ümid edirəm ki, bu hakimiyyət yuxarıda qeyd etdiyim təhlükəni indidən həll etmək üçün ciddi islahatlara gedəcək.

Bu hökumət əvvəllər islahatlar etməyib, bəs indi niyə etsin? Haqlısız. İslahatlara getməyə də bilərlər, amma məncə indi onların bu islahatlara siyasi və iqtisadi ehtiyacları və marağları vadar etməlidir.

Azərbaycan indiki mərhələdə Sinqapur, Cənubi Koreya, "developmental state" yolunu getməlidir. Hökumət bunu çəkinmədən açıq elan etməlidir. Hər kəsin iqtisadi azadlıqlarını təmin edəcəyini, amma siyasi azadlığlarını hələ bu mərhələdə təmin edə bilməyəcəyi haqqında açıq danışmalıdır. Heç kimdən də qorxmaq lazım deyil. Belə səmimi söhbəti xalq mütləq dəstəkləyəcək.

Lee Kuan Yew kimi açıq bu barədə danışmaq lazımdır. Amma onun kimi də verilən sözlərə əməl etmək lazımdır. Xalqın gözləntiləri düzgün idarə edilsə biz dövlət və cəmiyyət olaraq çox irəliyə gedə bilərik.

Eyni zamanda insanlar da, müxtəlif sosial qruplar da, öz haqqlarını tələb etməkdə davam etməlidilər, issue-based məsələləri qaldırmalıdılar, etiraz etməlidilər, hökumətin nöqsanlarını açıq müzakirə etmək imkanına malik olmalıdılar. Siyasi sistem Lukaşenko sistemindən daha qapalı olmamalıdır. Amma Qorbaçovun iqtisadiyyatı dəyişmədən siyasi açılıma getmək səhvini də bu hakimiyyətin edəcəyinə inanmıram”.(Yeni Sabah)

pia.az