"Azərbaycanda sabiq icra başçısı qızını yetkinlik yaşına çatmamış ərə verib" - Erkən nikahların fəsadları (ARAŞDIRMA)

"Azərbaycanda sabiq icra başçısı qızını yetkinlik yaşına çatmamış ərə verib" - Erkən nikahların fəsadları (ARAŞDIRMA)

Erkən nikahlar ölkəmizdə hər zaman olub, hətta nənə babalarımızdan 12 yaşlarında da ailə quran qadınlarımızın olduğunu eşitmişik. Lakin o vaxtlar heç kəs erkən yaşlarda nikaha cəlb olunmanın fəsadları barədə düşünməyib. Zaman keçdikcə xəstəliklərin və ailələrdə boşanmaların sayı artdıqca problemin ciddiliyinin fərqinə varan aidiyyəti qurumlar qabaqlayıcı tədbirlər hazırlayır və bu mövzularda maarifləndirici tədbirlər həyata keçirirlər.

Azərbaycan Respublikasının qanunvericiliyinə görə, erkən nikah 18 yaşından kiçik oğlanların və qızların (məcburi) ailə qurması və birgə yaşamasıdır. UNİCEF-in açıqlamasına əsasən Azərbaycanda bir il ərzində təxminən 15 yaşına çatmayan beş minə qədər qızın ailə qurması barədə informasiyalara rast gəlirik. Bu yaşda uşaqlar isə hələ ailə məfhumunun mahiyyətini anlamır. Gənc qızlar ailənin nə demək olduğunu dərk etsə də, onlar erkən yaşda ərə getmək haqda yox, uşaqlığını yaşamaq və təhsil almaq haqqında düşünürlər. Lakin yenə də mentalitet dediyimiz nəsnə hələ nikah yaşında və həvəsində olmayan bir qıza valideynlərinə etiraz etməyə imkan vermir. Beləcə könülsüz ailə qurulur.

Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanunu, həmçinin 1989-cu il tarixli Uşaq hüquqları haqqında Konvensiyaya görə tam fəaliyyət qabiliyyəti olmayan şəxslər uşaq hesab edilir. Belə olan halda uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. UNİCEF-in təklifi ilə Azərbaycan qanunvericiliyində 2011-dən qadın üçün nikah yaşı 17-dən 18-ə qaldırıldı. Bu, həmçinin Uşaq Hüquqları Konvensiyasına da uyğundur. BMT-nin Uşaq Fondu hökumətin dini liderlərlə yaxından əməkdaşlıq edərək, insanların hazırkı düşüncə tərzinin dəyişdirilməsinə nail olmağa çağırıb. Hazırda daha çox azərbaycanlı erkən nikahları məqbul hal sayırlar. Erkən nikah qanunvericiliyin müəyyən etdiyi minimal yaş həddini keçmədən qurulan bütün ailələri əhatə edir. Belə ailələrin sayı konkret bilinməsə də, dövlət rəsmilərinin, bu sahə ilə məşğul olan qeyri-hökumət təşkilatlarının dilə gətirdikləri narahatlıqlar sayın hədsiz çox olduğunu yazmağa əsas verir. Nikahda iki tərəf - kişi və qadın iştirak etsə də, erkən nikah dedikdə beyinlərdə qız uşaqlarının yetkinlik yaşına çatmamış ərə verilməsi canlanır. Azərbaycanda 16 ildə 50 976 erkən nikah bağlanıb. Erkən nikah qızların tükəndirilməsi, fizioloji olaraq qadınların istismar edilməsi, onların fundamental hüquqlarının pozulmasıdır.

Erkən yaşda qurulan nikahlar psixoloji tərəfdən də öz fəsadlarını göstərməkdədir.


Psixoloq, ailə terapevti Sevinc Baxışova mövzu ilə bağlı Xeberle.com-a təəssüf hissi ilə bildirib ki, erkən nikah doğurduğu fəsadlara və cəmiyyətə vurduğu ziyana görə dövrümüzün mühüm və aktual problemi olaraq qalmaqdadir: "Qızların erkən yaşda ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir şəxsiyyət kimi inkişafına mane olur və ən əsası psixologiyasina mənfi təsir göstərir. Erkən yaşda qurulan nikahlarda peşmançılıq, qəzəb kimi neqativ emosiyalar baş qaldırır. Hətta erkən ərə gedən qızların ana olan zaman öz uşaqlarına qarşı laqeyd yanaşmasının dəfələrlə şahidi oluruq, çünki o, özü hələ uşaqdır. Belə "ana”lar üçün həyat ya pisdir ya da ki, yaxşı. Ona görə də reaksiyaları bəzən çox kəskin olur. Nəticədə isə uşağını həm fiziki, həm də ki, mənəvi olaraq yetkin böyütməyə qabiliyyəti çatmayan yeniyetmə ana çox kəskin psixoloji travmalar alır”.


Erkən nikahların baş verməsində məsuliyyət kimin üzərinə düşür?


Erkən yaşda nikaha daxilolma həm də sosial problem kimi aktual mövzulardan biri olduğu üçün sosioloq Cavid İmamoğlunun da fikirlərini öyrəndik. Sosioloq ölkəmizdə uşaqların müdafiəsi mexanizminin yaxşı inkşaf etməməsi və uşaq məcəlləsi olmaması səbəbindən nikah yaşına çatmayanların ailə qurmalarının şahidi olduğunu söyləyib: "Bu, ondan irəli gəlir ki, uşaqların müdafiəsinə cavabdeh orqan olaraq səlahiyyətləri tam müəyyənləşməyib. Nəticə etibarilə valideynlərin öz uşaqlarının erkən nikaha cəlb etməsinin qarşısını alacaq bir mexanizm yoxdur. Hər valideyn uşağı haqda istədiyini edir, lakin dövlətin də bir mexanizmi olmalıdır. Bu problemdə günahkar axtarmaq əvəzinə, ümumi olaraq çıxış yolları tapmaq lazımdır. İnsanlar dərk etməlidir ki, övladlarını erkən yaşda ailə qurmağa məcbur etmələri həm müxtəlif növ zorakılıqlara səbəb olur. Bu, həm də hüquqi baxımdan məsuliyyət yaradır. Obyektiv yanaşsaq, burada tək məsuliyyət valideynin üzərinə düşməməlidir, həm də orta məktəbin və məktəb rəhbərliyinin məsuliyyəti olmalıdır. Özüm orta məktəbdə təhsil aldığım dövrlərdən xatırlayıram ki, o zaman sinif rəhbərləri dərsə gəlməyən şagirdlərin arxasınca gedirdi. Çox təəssüf ki, indi bir çox valideyn məktəb direktorları ilə "razılaşırlar" ki, övladım dərsə gəlməsin. Çünki artıq ya nişanlıdır, ya da molla kəbini ilə ailə qurub. Hesab edirəm ki, bununla bağlı həm də cəmiyyət tərəfindən güclü ictimai qınaq olmalıdır. Əgər bu gün orta məktəbin partası arxasında oturub elm və təhsil haqda düşünməli olan bir yeniyetmə məktəbdən məcburən qoparılıb erkən nikaha cəlb olunursa, artıq təhsil ocaqları da həyəcan təbili çalmalıdır. Dərsdən uzaqlaşdırılıb toyu olan yeniyetməni məktəb axtarmalıdır. İş işdən keçdikdən sonra valideyni cərimələməklə problemi həll edə bilməyəcəyik”.


Xatırlatmaq yerinə düşər ki, erkən yaşlarda nikaha cəlb edənlərə qarşı Cinayət Məcəlləsində də müəyyən cərimələr, hətta azadlıqdan məhrum etmə kimi bəndlər də yer alıb. Bu barədə daha ətraflı hüquqşünas Ramil Süleymanov məlumat verərkən qeyd edib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 176-cı maddəsinin birinci bəndində göstərilir ki, insanı nikaha məcburetməyə görə iki min manatdan üç min manata qədər cərimə və iki ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq olunur: "Kimliyindən asılı olmayaraq, qanunla yaşı çatmayan birini heç kimsə nikaha məcbur edə bilməz. Həmin maddənin ikinci bəndində isə nikah yaşına çatmayan insanı nikaha məcbur etməyə görə dörd min manata qədər cərimə və yaxud dörd ilə qədər həbs nəzərdə tutulur. Məcbur edənin ata və ana, yaxud digər yaxınların olmasından asılı olmayaraq, ARCM-də açıq cəzalar müəyyənləşib. Bir hüquqşünas kimi uşaq yaşda qurulan nikahların əleyhinəyəm və düşünürəm ki, ilk olaraq uşaq yaşlarında nikahların qarşısını almaq üçün icma şəklində tədqiqat və təşviqat işləri aparılmalıdır".

Erkən yaşda qurulan ailələrin fəsadlarından sayılan boşanmalar da aktual problem olaraq qalır.

"Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım" İctimai Birliyinin sədri Zenfira Mustafayeva yetkinlik yaşına çatmayan qızların məcburən nikaha daxilolma hallarının birmənalı olaraq valideyn tərəfindən uşağa qarşı törədilən zorakılıq kimi qiymətləndirir. Qızlarını erkən yaşda ərə verən ailələr bunu maddi çətinliklə bağlayırlar. Bəzən mütəxəssislər də hesab edir ki, ailədəki sosial durumun zəif olması da erkən nikaha səbəb olur. Ailənin sosial durumu aşağı olduğundan, valideyn övladına lazım olan məktəbli forması və ləvazimatları ala bilmədiyindən çıxış yolu övladını məktəbdən çıxarmaq olur. Lakin araşdırmalar göstərir ki, maddi çətinlik məsələsi sadəcə olaraq bəhanədir. Maddi vəziyyəti yaxşı olan ailələr də qızlarını erkən yaşda ərə verirlər. Hətta Azərbaycanda sabiq bir icra başçısının də qızını erkən yaşda ərə verməsinə rast gəlinib. Müşahidələrə görə qızların erkən yaşda ailə qurması dəb halını alıb. Bəziləri isə bundan həvəslənir, adi hal kimi qəbul edir, bu "dəblə” ayaqlaşmağa çalışırlar. Təəssüf ki, bu, sonradan cəmiyyət üçün böyük yaraya çevrilir. Qızlarını erkən yaşda ərə verən valideynlər düşünürlər ki, övladımı erkən yaşda ərə verməsək, daha ərə verə bilməyəcəyik, "evdə qalacaq". Bu da əsas səbəblərdən biridir. Bizim kimi Şərq cəmiyyətlərinin çoxunda qız övladına münasibət birmənalı deyil. Bir sıra ailə var ki, qız deyil, xüsusən oğul övladı olmasını arzulayır. Və belə ailələrdə qız övladı varsa, tez bir zamanda onu ərə verməyə can atırlar. Həmçinin problemin kökündə ənənəvi davranış üsulları dayanır. Xüsusilə də daha çox ucqar rayon və kəndlərdə insanlar ənənəvi stereotiplərdən xilas ola bilmirlər, elə düşünürlər ki, qız uşağı bəlli bir yaşa çatıbsa, keçmişdə olduğu kimi mütləq ərə verilməlidir. Yoxsa qız onların başını aşağı edəcək nəsə etməyincə ərə versələr, yaxşıdır. Dilimizdə "Qız yükü duz yükü”, "Tez evlənənlə tez yuxudan duran qazanar” deyimlərini əldə bayraq edən insanlar erkən yaşda övladlarını ailə sahibi edir və bununla da öz valideynlik borclarını yerinə yetirmiş hesab edirlər. Onlar övladlarının təhsillərini davam etdirmələrini deyil, erkən yaşlarda nikaha cəlb edərək ailə qurmalarına üstünlük verirlər. Bu cür erkən nikahlar isə sonradan bir sıra böyük fəsada yol açır. Belə fəsadların sırasında isə məişət zorakılığından tutmuş doğuş zamanı ana-uşaq ölümləri və boşanmalar, fiziki-psixoloji çətinliklər var. Belə hallara normal yaşda evlənənlərlə müqayisədə erkən nikaha girən ailələrdə daha çox rast gəlinir. Bu istiqamətdə aparılan araşdırmalara görə Azərbaycanın cənub rayonlarında azyaşlı qızların ərə verilməsi halları daha çoxdur. Bəzi rayonların əksər məktəblərində 14-15 yaşında qızlar təhsildən yayınırlar. Həmin qızlar ərə verildiyindən çox zaman nişanlıları onların təhsillərini davam etdirməyə icazə vermir. Azyaşlı qızın təfəkkürü inkişaf etmədiyindən, hansı seçimin düzgün olması barədə qərar verə bilmir. Buna görə də, bu yaşda qızların ərə verilməsi düzgün hesab edilmir”.
Tibbə də məlumdur ki, analıq dövrü üçün ən azı 18 yaş həddi normal qəbul olunub. Hətta ailə anlayışını dərk edə bilməyən qızlar uğurlu ailəyə sahib ola bilmirlər. Həkim ginekoloq Sevda Hüseynova isə bildirir ki, qadında reproduktiv orqanlar tam yetişmədiyindən bətndəki uşağın da inkişafı ləngiyə və ya anormal uşaq dünyaya gələ bilər. Bundan başqa qızlar qadınlıq və analıq dövrlərində yaşı az olsa belə, onlarda qadınlaşma, püxtələşmə prosesləri başlayır. Beləliklə, orqanizmdə hormonal balanslaşma pozulur. Bu da qadının tez yaşlanmasına və xəstəliklərə tutulmasına səbəb olur. Təcrübədə qadın xəstəliklərinə əksər hallarda erkən yaşda ailə quran xanımlarda rast gəlinir. Həmin yaş həddində orqanizmdə formalaşma hələ tam başa çatmamış sayılır. İstisnaları çıxmaq şərti ilə mütəxəssislər erkən yaşda ana olmuş qadınların yeni missiyaya psixoloji hazırlığının aşağı olduğunu da vurğulayırlar. Bu isə cəmiyyət üçün yetişdiriləcək fərdin normal təlim-tərbiyədən məhrum edilməsinə yol açır. Eyni zamanda yetkinlik yaşına çatmadığı üçün həmin qızlar sağlam ailənin qurulmasına töhfə vermək üçün müvafiq bilik və bacarıqlara malik olmurlar. Digər tərəfdən onların fizioloji inkişafı da buna imkan verməyən amillərdəndir. Boşanmaların da əksəriyyəti erkən yaşda qurulan ailələrdə baş verir. Onlar boşandıqdan sonra heç bir təhsilləri olmadığına görə, qadın üçün ağır sayılan işlərlə məşğul olmağa məcbur olurlar. Bəzi hallarda isə çıxış yolu tapa bilməyərək intihara meyl edirlər. Bu gün erkən yaşda nikaha girib təhsildən yayınlar sabahın anaları olur. Beləcə, baş tutan erkən bir nikah gələcəkdə başqa bir erkən nikah riskini artırır. Cəmiyyət bütün bu fəsadlara etinasız qalmamalıdır”.

Erkən nikahın qanun pozuntusu olmaqla yanaşı, həm də insan psixologiyasına, xüsusilə də azyaşlı qızların sağlamlığına təhlükə yaratdığı barədə mütəxəssislərin fikirlərini öyrəndik. Eyni zamanda erkən yaşda ərə verilən qızlar 18 yaşından aşağı olduğu üçün heç bir hüquqi zəmanət olmadan molla kəbini ilə ərə verilirlər.

Molla kəbini isə heç bir hüquqi məsuliyyət kəsb etmir. Sumqayıt şəhər Cümə Məscidinin axundu Hacı Rauf Sərdarov bu barədə Xeberle.com-a danışarkən dini nikaha müraciət edilən zaman ilk olaraq tərəflərdən rəsmi nikahın olub olmadığı barədə soruşulduğunu, yaxud da ki, ASAN xidmətdə bununla bağlı qeydiyyata durmaları barədə rəsmi sənəd tələb olunduğunu söyləyib. "Bəzi hallarda isə toy günü müraciət edilir ki, bu zaman da tərəflərin şəxsiyyəti təsdiq edən sənədləri tələb olunmaqla valideynlərin də şahidliyi ilə dini nikah kəsilir. Sevindirici haldır ki, ötən illərlə müqayisədə erkən yaşda dini nikaha müraciət edənlərin sayında xeyli azalmalar müşahidə edilir. Belə hallarla qarşılaşdığımız zaman isə biz tərəflərə bunun qanunvericilikdə yolverilməz olduğunu bildirərək dini nikah kəsmirik”, - deyə axund qeyd edib.

Sonda onu da vurğulayaq ki, təhsil çox vacib amildir. Ən azından ibtidai təhsilli bir xanımla, orta məktəbi tam olaraq bitirmiş bir xanımın ailəsində çox böyük fərqlər olur. Bu, qarşılıqlı münasibətdə, övlad yetişdirməkdə özünü çox aydın büruzə verir. Təhsil həm psixoloji, həm sosioloji, həm də fiziki cəhətdən təsiredici amil kimi qiymətləndirilir. Buna görə də, valideynlər öz övladlarını erkən nikaha sövq etməkdən çəkinməli, onların təhsillərini bitirmələrinə imkan verməlidirlər. Onlar ənənəvi düşüncə tərzindən uzaqlaşmalı və bu kimi davranışlardan çəkinməlidirlər.

Xədicə Səxavətqızı

Xeberle.com


Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

PAYLAŞ

Hadisə xəbərləri
Xeberle.com digər xəbərlər