Azərbaycanda Satınalmalar, Dürüstlük, İdarəetmə və Açıqlıq üzrə forum keçiriləcək

Azərbaycanda Satınalmalar, Dürüstlük, İdarəetmə və Açıqlıq üzrə forum keçiriləcək

Bakı, 24 aprel, AZƏRTAC

Hesablama Palatasının dövlət borcunun təhlili, maliyyə-kredit fəaliyyətinin və dövlət əmlakının idarə olunmasının auditi şöbəsinin baş məsləhətçisi Həsən Nəcəfzadə Özbəkistan hökuməti, Dünya Bankı və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində "Dövlət investisiya layihələrində satınalmalar və icra məsələləri" mövzusunda təşkil edilmiş Satınalmalar, Dürüstlük, İdarəetmə və Açıqlıq (PRocurement, Integrity, Management and Openness – PRIMO) üzrə 15-ci Forumunda iştirak edib.

Palatadan AZƏRTAC-a bildirilib ki, 2005-ci ildən etibarən PRIMO Forumu dövlət satınalmaları üzrə islahatlar çərçivəsində bilik və təcrübə mübadiləsi üçün qlobal platforma kimi çıxış etməkdədir.

Builki forum Dünya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD), İslam İnkişaf Bankının (IsDB), eləcə də onlarla əməkdaşlıq edən Avropa İnvestisiya Bankının (EIB), Asiya İnkişaf Bankının (ADB), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD), Dünya Ticarət Təşkilatının (WTO) və Beynəlxalq Ticarət Hüququ üzrə BMT Komissiyasının (UNCITRAL) dəstəyi ilə Özbəkistan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təşkil edilib. Forum əsas diqqəti satınalmaların idarəedilməsinə və dövlət investisiya layihələrinin yerinə yetirilməsinə cəlb edərək dövlət satınlamaları üzrə islahatlar çərçivəsində öz təcrübələrini və tövsiyələrini bölüşmək üçün dövlət satınalma təşkilatlarına, iştirakçı ölkələrdən olan maraqlı tərəflərə və müxtəlif layihələrin yerinə yetirilməsi üzrə tərəfdaşlara müvafiq şərait yaradıb.

Tədbirin məqsədi dövlət satınalmalarının, eləcə də müqavilələrin idarə edilməsi sahəsində regional və qlobal əməkdaşlığın, işgüzar əlaqələrin, şəbəkələrin yaradılmasına kömək edilməsinə şəraitin yaradılmasının, dövlət investisiya layihələrinin son nəticələrinin keyfiyyətinin yaxşılaşdırılmasının və yekun olaraq vətəndaşlara daha yaxşı xidmət göstərilməsinin təmin edilməsidir.

Təşkilatın mövcud qaydalarına görə, hər il keçirilən forumun sonunda üç il sonra keçiriləcək forumun ev sahibi müəyyənləşdirilməlidir. Belə ki, 2022-ci ildə 18-ci Forumun keçirilməsi ilə bağlı iştirakçılar tərəfindən irəli sürülən namizəd ölkələr arasında (Azərbaycan, Ukrayna və Gürcüstan) Azərbaycan 67 faiz səs çoxluğu ilə qalib elan olunub.

İqtisadiyyat xəbərləri
Azertag.az digər xəbərlər