Azərbaycanda Türkiyə təcrübəsi tətbiq edilsin

Azərbaycanda Türkiyə təcrübəsi tətbiq edilsin

Sənətkarları sənətin ətrafına toplayıb onların yaradıcılığından faydalanmaq lazımdır

BAKI, 18 aprel — Sputnik. Tarix təcrübələr kitabıdır. Tarixə baxanda görürük ki, bu gün dünyaya meydan oxuyan bütün ölkələrin inkişafı elm və mədəniyyətin tərəqqisindən keçir. Bu gün güc sahibi olan Amerika, Avropa ölkələri, Rusiya, Çin, Yaponiya, İsrail kimi ölkələr də elm və mədəniyyət hesabına indiki zirvəyə yüksəlib.

Təəssüf ki, bizim ölkədə elm və mədəniyyətlə bağlı bir sıra problemlər hələ də tam həllini tapmayıb. Nəticədə bəzi elm, sənət adamlarımız xaricə üz tutmaq məcburiyyətində qalıblar. Dünyanın fizika, riyaziyyat, kimya olimpiyadalarında böyük uğurlar qazanmış gənclərimiz, əsasən Amerikaya, Avropaya yerləşib orada fəaliyyət göstəriblər. Bu gün Slikon Vadisində yaşayan "Twitter"də, "Facebook"da çalışan azərbaycanlı gənclər var.

Azərbaycanda sənətin qarşısında bəzi əngəllər durur. Əgər bu gün bir sənət adamının öz yaradıcılığı ilə uğur qazanması üçün keçdiyi yola baxsaq, bu yolu keçmək üçün insani sevgidən başqa heç bir amil məcbur edə bilməz. Sənət adamlarının yaralı yeri də məhz o sevgidir. Məhz o sevgidən imtina edə bilmədikləri üçün hər əziyyətə tab gətirirlər.

Bu əngəllərin aradan qaldırılması üçün, təkrarçılıq olmasın, sənət adamlarına sərbəstlik vermək və yaradıcı adamların maddi rifahını yaxşılaşdırmaq lazımdır. Müasir dünyamızda musiqi və kino sahələri böyük gəlirli biznes sahələrinə çevrilib. Bizdə isə musiqinin gəliri toy səhnəsindən, kinonun gəliri bayağı komediyalardan keçir.

Bunu həll etmək üçün, mədəni həyatımızı inkişaf etmiş ölkələrin mədəni həyatı ilə eyni səviyyəyə qaldırmaq üçün onların təcrübələrindən faydalanmalı, onların üsulların öz inkişaf prosesimizə tətbiq etməliyik. Məsələn, Türkiyədə kinoya, seriala vəsait ayıran özəl şirkətlər dövlət vergilərindən müəyyən faizlə azad olunur. Bununla həm dövlət, həm şirkət, həm də mədəniyyət qazanır.

Olduqca ağıllı və əlverişli üsuldur. Dövlət öz hesabına kinoya pul ayırmaqdansa, sahibkarları bu işə cəlb edir, əvəzinə vergi faizlərini azaldır. Sahibkar da həm vergi ödəmək, həm də reklam xərci çəkməkdənsə, hər ikisini bir yoldan ödəməklə kino və seriala maraq göstərir. Daha sonra kino və serial gəlirlərindən dövlət yenə öz vergisini götürür. Ortada itirən yoxdur, qazanan isə çox. Mükəmməl deyilmi?

Mən bu üsulun Azərbaycandakı kino və serial sektoruna tətbiq olunmasını vacib hesab edirəm. Son dönəm mədəniyyətin və mədəniyyət adamlarının dövlət diqqətində olması ürəkaçandır. Lakin bunun mühüm və uğurlu nəticələr verməsi üçün, müasir və ağıllı təcrübələrdən bəhrələnmək lazımdır. Ənənəvi, sovet üsulu ilə mədəni dirçəliş müasir dünyamızda elə də uğurlu olmayacaq.

Bir faktı unutmamaq lazımdır ki, hər bir istedadı itirdikcə, dövlət də, xalq da, sənət də itirir. Bu itirməklə bir yerə vara bilməyəcəyik. Sənətkarları sənətin ətrafına toplayıb onların yaradıcılığından faydalanmaq, ölkəni və xalqı mədəniyyətlə təmsil etmək, mədəniyyətlə dirçəltmək zamanıdır.

Açar sözlər
Facebook , Twitter , Israil , Çin , Rusiya , Yaponiya , Türkiyə , Azərbaycan
Mədəniyyət xəbərləri
“İblis” İstanbulda

“İblis” İstanbulda

18-04-2019 18:18 - Yenisabah.az - Mədəniyyət
İstanbulun Harbiyə-Muhsin Ərtuğrul səhnəsində Hüseyn Cavidin “İblis” əsəri tamaşaya qoyulub.  "Yeni Sabah" xəbər verir ki, tamaşa İstanbul Şəhər Teatrları və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilati dəstəyi ilə hazırlanıb.  Səhnə əsərinin hazırlanmasında İstanbul Şəhər Teatrlarının direktoru Sedat Çakır tərəfindən mənəvi dəstək verilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev, tanınmış şairə Sona Vəliyeva, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, səfirliyin və konsulluğun əməkdaşları, ziyalılar, media nümayəndələri və digərləri iştirak ediblər.  Tamaşanın quruluşçu rejissoru Azərbaycanın əməkdar incəsənət xadimi, İstanbul Şəhər Teatrlarının direktor müavini Məlahət Abbasova, əsərin mətnini müasir türk dilinə uyğunlaşdıran dramaturq Hilmi Zəfər Şahin, baş məsləhətçisi isə filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevadır.  Baş rollarda Türkiyənin tanınmış aktyorlarından Rıdvan Çələbi, Əmrə Narcı, İskəndər Bağcılar, Şenay Bağ, Nurseli Tırışkan və Çağatay Palabıyık iştirak edirlər.  Səhnə əsərinin musiqisi xüsusi olaraq bu tamaşa üçün Azərbaycanın Xalq artisti, bəstəkar Aygün Səmədzadə tərəfindən bəstələnib.  Tamaşada ilk dəfə olaraq “Maping” 3D işıq cihazlarından istifadə edilib.
Sputnik.az digər xəbərlər