Azərbaycanın model olaraq hədəf seçdiyi ölkələrdə...

Azərbaycanın model olaraq hədəf seçdiyi ölkələrdə...

Biznes-vətəndaş cəmiyyəti münasibətləri gözəl nəticələr verir

Hər bir ölkənin həyatında vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatlarının rolu və fəaliyyıəti də danılmazdır. Azərbaycan kimi müstəqil siyasət yolunu tutmuş ölkələrdə vətəndaş cəmiyyətinə daha çox önəm verilir, onun fəaliyyəti stimullaşdırılır. Etiraf etmək lazımdır ki, ötən illər ərzində Azərbaycanda vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi istiqamətində kifayət qədər işlər görülüb, addımlar atılıb. Sevindirici hal ondan ibarətdir ki, bu proses, müsbət tendensiya günümüzdə də davam edir. Və nəticə etibarilə Azərbaycanda vətəndaş cəmiyyəti bir qədər də inkişaf edir. Elə "Hilal" təşkilatının sədri Arzuman Abdulkərimov dab u qənaətdədir. O. bildirib ki, vətəndaş cəmiyyətinin inkişafı hər bir ölkədə şəffaf mühitin yaradılması üçün olduqca vacibdir. Təşkilat sədrinin sözlərinə görə, ölkəni narahat edən məsələlərlə bağlı ictimai təşəbbüslərin mərkəzləşməsi, müzakirələr aparılması, vətəndaşların tələblərinin rəsmilərə çatdırılması, eyni zamanda çözüm prosesinin sonadək nəzarətdə saxlanması qeyri-hökumət təşkilatlarının əsas funksiyalarındandır: "Azərbaycanda vətəndaş cəmiyyətinin yaradılması prosesi müstəqilliyin ilk illərində sürətlə getsə də sonradan zəiflədi. Bu sektorda ciddi sağlamlaşdırma tədbirlərindən sonra Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Fondu yaradıldı və vətəndaş cəmiyyətinin yenidən - daha keyfiyyətli, milli maraqlara uyğun qurulması prosesi daxildən stimullaşdırıldı. Bu gün də bu siyasət davam edir, şəffaflıq prosesini dövlət birbaşa dəstəkləyir. Ancaq sağlam cəmiyyət üçün vacib olan bu institutun inkişafını birmənalı dövlətin resursları üzərində qurmaq QHT sektorunun gəlişməsinin yalnız bir variantıdır. Bir sıra ölkələrdə uğurla sınaqdan çıxan iş dünyası-vətəndaş cəmiyyəti institutu birliyi hələ Azərbaycanda yaradılmayıb".

Təşkilat sədri qeyd edib ki, bu gün Azərbaycanın model olaraq hədəf seçdiyi ölkələrdə biznes-vətəndaş cəmiyyəti münasibətləri çox gözəl nəticələr verir: "İqtisadiyyatın müxtəlif sahələrində çalışan şirkətlər öz profillərinə uyğun layihələri məhz vətəndaş cəmiyyəti institutları ilə bir yerdə həyata keçirir, nəticə hər iki tərəfin, geniş mənada isə cəmiyyətin inkişafına xidmət edir. Məsələn, Azərbaycanda dövlət payı olan və ya olmayan şirkətləri çevrə təmizliyi, gələcəyimizin təmiantı olan insan kapitalının formalaşdırılması üçün gənclər arasında olimpiadalar, aqrar sektorun dəstəklənməsi, qanunların vətəndaş qrupları arasında təbliği, Azərbaycan brendlərinin, eləcə də mədəniyyətinin beynəlxalq məkanda tanıdılması kimi çoxşaxəli layihələri vətəndaş cəmiyyətinin profil üzrə uğurlu təcrübəsi olan institutları ilə birgə həyata keçirsə, ölkəmiz üçün nə qədər faydalı olar. Bu, eyni zamanda iş dünyası ilə vətəndaş cəmiyyəti arasında sağlam körpülər qurulmasına, toplumun ayrı-ayrı təbəqələri arasında işgüzar münasibətlər yaradılmasına təkan verər. Sağlam cəmiyyətlərə baxdığımızda görürük ki, işbirlikləri artıqca meydana yeni ideyalar, yeni persperktivlər çıxır və sonucda hər təbəqə özündən asılı olan mexanizmi işə salaraq innovasiyalara yol açır, qazanan bütün ölkə olur. Bu məsələdə iş dünyasına yalnız maliyyə təminatçısı kimi baxmaq doğru olmaz. Biznes həm də ideya müəllifi olmalıdır. Əməkdaşlıqdan yaranan yeni innovasiyalar biznes mühiti üçün yeni üfüqlər aça, hər təcrübə, yeniliyə doğru hər cəhd içgüzar çevrənin genişlənməsinin təminatçısına çevrilə bilər. Sözsüz, bu işdə dövlətin də üzərinə müəyyən yük düşür. Sosial layihələrin dəstəklənməsini prioritetə çevirən biznes strukturlarına daha sadələşdirilmiş biznes mühitinin yaradılması, məsələn, gömrük, vergi güzəştlərinin edilməsi bu əməkdaşlığı stimullaşdıra bilər. Hətta iş dünyasında sosial layihələrə dəstəklə bağlı sağlam rəqabət mühiti də yarada bilər".

Arzuman Abdulkərimov hesab edir ki, Azərbaycanda daxili və xarici sərmayə ilə yaradılan və ölkənin biznes mühitini formalaşdıran şirkətlərin bu ideya üzərində düşünməsi son dərəcə önəmlidir: "Çünki Azərbaycan dövlətinin əsas hədəflərindən olan iqtisadiyyatın liberallaşdırılması, geniş mənada götürdükdə iş dünyası ilə xalq arasında bağların möhkəmləndirilməsi, əlaqələrin sadələşdirilməsi anlamına gəlir. Bu işin vətəndaş cəmiyyəti üzərindən görülməsi mümkün variantların ən perspektivlisidir".

Süleyman İsmayılbəyli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

İqtisadiyyat xəbərləri
Olaylar.az digər xəbərlər