“Azəriqaz” Prezidentin tənqidindən sonra necə işləyəcək? - “Jurnalistlər binası” problemin həllini gözləyir


“Azəriqaz” Prezidentin tənqidindən sonra necə işləyəcək? - “Jurnalistlər binası”problemin həllini gözləyir

İstehlakçıların təbii qazla bağlı ciddi problemləri var.

Paytaxtın bir çox ərazisində qazla təminatdan tez-tez şikayətlər eşidilir. Qazın tez-tez kəsilməsi, ya da aşağı təzyiqdə verilməsi adi hal alıb. Üstəlik son vaxtlar qazın keyfiyyəti ilə bağlı da şikayətlərin ardı kəsilmir. Qazın kəskin qoxusunun olması, qırmızı rəngdə yanması və istiliyinin azlığı ortaq problemdir.

Məsələn, Səbail rayonu ərazisində “Jurnalistlər binası” kimi tanınan binanın sakinləridəfələrlə qazın keyfiyyətindən şikayətlərini dilə gətiriblər. Bina sakinləri qazın çirkli və kəskin iyli olduğunu bildirirlər. Ancaq problem hələ də həll olunmayıb.

Məlumat üçün bildirək ki, bu günlərdə ölkə başçısı İlham Əliyev də qeyd olunan problemlərlə bağlı “Azəriqaz”a xəbərdarlıq edib. Dövlət başçısı hökumətin iclasında “Azəriqaz”ın birtərəfli olaraq hansısa qaydalar tətbiq etdiyini və insanlara problemlər yaratdığını bildirib. Ölkə başçısı bu sahədə şəffaflıq və ədalətin bərpa olunmasını, “Azəriqaz” tərəfindən əsası olmayan işlərə son qoyulmasını tələb edib.

“Azəriqaz” tənqiddən necə nəticə çıxaracaq? Qazın təzyiqi və keyfiyyəti ilə bağlı dəyişiklik ediləcək?

“Azəriqaz” İB-nin mətbuat katibi İbrahim Kərbalayev Cebhe.info-ya açıqlamasında deyib ki, Prezidentin qaldırdığı bütün məsələlər qurum tərəfindən təhlil edilir və tədbirlər həyata keçirilir:

“Vətəndaşların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində “Azəriqaz” tərəfindən intensiv işlər aparılır. Qaz təchizatı üzrə müraciətlərin araşdırılması və operativ həlli ilə bağlı Energetika Nazirliyində “Azəriqaz” İstehsalat Birliyi və Enerji məsələlərinin tənzimlənməsi Agentliyinin nümayəndələrinin iştirakı ilə müzakirələr aparılır. Tərəfimizdən bununla bağlı İşçi Qrupu da yaradılıb, görüşlər keçirilir və daxil olan müraciətlər ciddi təhlil olunur. Daxil olan müraciətlərin araşdırılması və həlli istiqamətində davamlı tədbirlər görülür. Qaz təchizatında yaranmış fasilələrə səbəb istehlakçıların artım tələbatıdır ki, bu istiqamətdə də Bakı və digər ərazilərdə ciddi işlər aparılır. İstismar müddətini başa vurmuş qaz tənzimləyici avadanlıqlar, qurğular, o cümlədən də qaz xətləri yeniləri ilə əvəzlənir. Artan qaz tələbatı ilə əlaqədar kiçik diametrli borular böyük diametrli daha dözümlü polietilen yeraltı qaz xətləri ilə əvəzlənir. Ölkə başçısının tapşırığına əsasən də məsələlərə daha ciddi yanaşılır”.

“Jurnalistlər binası”na verilən keyfiyyətsiz qazla bağlı müraciətlərə gəlincə, İbrahim Kərbalayev deyib ki, məsələ ilə bağlı konkret olaraq aidiyyətiquruma təkliflər verilib və hazırda bu istiqamətdə işlərin icrasına başlanılıb.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 199