Bakı Ali Neft Məktəbi Cenevrə Biznes Məktəbi ilə əməkdaşlığa başlayır

Bakı Ali Neft Məktəbi Cenevrə Biznes Məktəbi ilə əməkdaşlığa başlayır

Bakı, 2 may, AZƏRTAC

Bakı Ali Neft Məktəbində (BANM) Cenevrə Biznes Məktəbi (GBS) ilə Neft və Qaz Menecmenti üzrə birgə MBA proqramı barədə Əməkdaşlıq haqqında Razılaşma imzalanıb.

Ali Neft Məktəbindən AZƏRTAC-a bildirilib ki, razılaşmanın məqsədi Beynəlxalq Biznes Məktəbləri (IBS) vasitəsilə GBS və BANM arasında tədris və akademik sahələrdə tərəfdaşlıqdır. İmzalanma mərasimində Ali Neft Məktəbinin professor-müəllim heyəti və əməkdaşları ilə yanaşı, SOCAR-ın əmək şəraiti normalarının işlənməsi idarəsinin rəis müavini Kamran Dadaşov və idarənin iqtisadi göstəricilər və maliyyə modelləşdirməsi şöbəsinin rəisi Ziya Mürsəlov da iştirak ediblər. Razılaşmaya görə, Bakı Ali Neft Məktəbi növbəti tədris ilindən etibarən GBS-in tədris proqramı əsasında Neft və Qaz Menecmenti üzrə MBA proqramına qəbul həyata keçirəcək. Proqram çərçivəsində tələbələrə neft-qazın treydinqi, rəqəmsal idarəetmə (digital management), blokçeyn menecment və digər müasir fənlər tədris olunacaq. Tədrisin yekununda tələbələr həm BANM, həm də GBS-in diplomlarını alacaq.

Qonaqları salamlayan BANM-in rektoru Elmar Qasımov GBS ilə danışıqların uğurla nəticələnməsindən məmnun olduğunu söyləyib. O, Azərbaycanda ilk dəfə tədris olunacaq yeni MBA proqramının tələbələr arasında böyük maraq doğuracağını, eyni zamanda, bu proqramın təhsilin beynəlmiləlləşməsində mühüm rol oynayacağını bildirib. Rektor, həmçinin deyib ki, BANM-in bütün proqramları kimi, sözügedən MBA proqramı da beynəlxalq standartlara tam cavab verir.

GBS-in Cenevrə kampusunun rektoru Mark Hatton BANM ilə Əməkdaşlıq haqqında Razılaşmanın imzalanmasından məmnun olduğunu, xüsusilə birgə tədris olunacaq Neft və Qaz Menecmenti üzrə MBA proqramının ən yüksək keyfiyyətlə icrası istiqamətində Ali Neft Məktəbinə hərtərəfli dəstək göstərəcəklərini bildirib. Mark Hatton əlavə edib ki, bu əməkdaşlıqdan əsas gözləntisi tələbələrin daha çox sosial bacarıqlarının inkişafı və bu bacarıqların biznesdə tətbiq olunmasına nail olmaqdır.

GBS İsveçrənin ən nüfuzlu tədris müəssisələrindən biridir və dünyanın altı şəhərində bakalavr, magistratura və doktorantura üzrə təhsil verir.

İqtisadiyyat xəbərləri
Azertag.az digər xəbərlər