Bakıda “Gənclər və elmi innovasiyalar” mövzusunda respublika elmi-texniki konfransı keçirilir

Bakıda “Gənclər və elmi innovasiyalar” mövzusunda respublika elmi-texniki konfransı keçirilir

Bakı, 2 may, AZƏRTAC

Mayın 2-də Azərbaycan Texniki Universitetində (AzTU) tələbə və gənc tədqiqatçıların ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Gənclər və elmi innovasiyalar” mövzusunda respublika elmi-texniki konfransı öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə konfrans iştirakçıları Ulu Öndərin universitetin foyesində yerləşən büstü önünə güllər düzüb, xatirəsini ehtiramla yad ediblər.

Plenar iclas Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb.

AzTU-nun prorektoru, professor İlham Pirməmmədov Azərbaycanda gənclərə olan dövlət qayğısından, ali təhsil müəssisələrində yaradılan şəraitdən, tələbələrin müsabiqə və olimpiadalardakı uğurlarından və konfransın əhəmiyyətindən danışıb. Professor əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib və Azərbaycan gənclərinin təhsilinə, hərtərəfli inkişafına diqqət və qayğını xüsusi vurğulayıb.

Sonra AzTU-nun tələbə və gənc tədqiqatçıları – informasiya texnologiyaları və proqramlaşdırma kafedrasının doktorantı, AzTU YAP Gənclər Birliyinin sədri Əsmər Nəbiyevanın “Heydər Əliyevin sayəsində Azərbaycan gəncliyi dövlət qayğısı ilə təmin olundu”, maşınqayırma texnologiyası kafedrasının baş müəllimi Heyran Abbasovanın “Müasir RPİ çoxməqsədli dəzgahlarında çoxalətli emalın məhsuldarlığının yüksəldilməsi” və optik telekommunikasiya sistemləri və informasiya təhlükəsizliyi elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi Məhiş Məhərrəmzadənin “Optik şəbəkələrdə informasiya təhlükəsizliyi” mövzularında məruzələri dinlənilib.

Ümumilikdə konfransa 695 məqalə daxil olub. Bunlardan 575-i AzTU-nun əməkdaşları, 120-si isə kənar müəssisələrin əməkdaşları tərəfindən təqdim edilib.

Konfrans işini “Avtomatika və kompüter texnikası”, “Nəqliyyat”, “Elektrotexnika və energetika”, “Metallurgiya”, “Maşınqayırma”, “Radiotexnika və rabitə”, “Mühəndis biznesi və menecment”, “Xüsusi texnika və texnologiya”, “Təbiət və fundamental elmlər”, “Humanitar elmlər” və “Dillər” bölmələri üzrə mayın 4-nə kimi davam etdirəcək. Yekun iclasda fərqlənən məqalə müəlliflərinə sertifikatlar təqdim olunacaq.

İqtisadiyyat xəbərləri
Azertag.az digər xəbərlər