Bakıda qeyri-qanuni tikinti dayandırıldı

Bakıda qeyri-qanuni tikinti dayandırıldı

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 17 ünvanında aparılan qeyri-qanuni tikinti işlərini dayandırıb.

Bu barədə Komitə məlumat yayıb.

Məlumata görə, 2018-ci ilin noyabr ayında Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 17 ünvanında yerləşən yaşayış kompleksinin sakinləri tərəfindən yaşadıqları binalar qarşısında boş sahədə hündürmərtəbəli evlərin tikintisinə başlamaq cəhdləri barədə kollektiv şikayət Komitəyə daxil olub.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mütəxəssisləri tərəfindən məsələ ilə bağlı aparılmış araşdırma nəticəsində məlum olub ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 2018-ci ilin mart ayında həmin ərazidə çoxmərtəbəli yaşayış binasının “Azenne Group” MMC tərəfindən tikintisinə icazə icraatına başlansa da, icraat başa çatdırılmayıb və həmin binanın tikintisinə icazə verilməyib.

Bununla əlaqədar, Komitə tərəfindən aidiyyəti dövlət qurumlarına qanunvericiliklə müəyyən olunmuş qaydada tikintiyə icazə alınana qədər bu ərazidə tikinti işlərinin dayandırılması ilə bağlı müraciət ünvanlanıb.

“Azenne Group” MMC tərəfindən təqdim olunmuş layihəyə əsasən, dörd girişli 22-25 mərtəbəli yaşayış binasının tikintisi nəzərdə tutulurdu ki, bu da şəhərsalma qanunvericiliyi ilə tikinti sıxlığı üzrə həmin ərazi üçün müəyyən olunmuş normaları bir neçə dəfə üstələyir.

Ötən müddət ərzində Komitənin mütəxəssisləri tərəfindən sözügedən MMC-nin nümayəndələri ilə layihənin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması ilə bağlı danışıqlar aparılıb, zəruri tövsiyyələr verilib.

Bununla belə, qeyd olunan ünvanda Azərbaycan Respublikasının şəhərsalma qanunvericiliyinin tələblərinə cavab verən tikinti layihəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə bugünədək təqdim olunmayıb.

Buna baxmayaraq, cari ilin aprel ayında Süleyman Vəzirov küçəsi, 17 ünvanında yaşayan sakinlərin sözügedən ərazidə tikinti işlərinin yenidən bərpa olunması ilə bağlı təkrar kollektiv müraciəti Komitəyə daxil olub. Müraciət yerində araşdırıldıqdan və bu fakt təsdiqini tapdıqdan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən tikinti işlərinin dayandırılması məqsədilə dərhal zəruri tədbirlər görülüb.

Eyni zamanda, gələcəkdə həmin ərazidə hər hansı qeyri-qanuni tikinti işlərinin aparılması cəhdlərinin qarşısını almaq məqsədilə bu barədə yerli icra hakimiyyəti orqanlarına və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə, habelə hüquq-mühafizə orqanlarına məlumat verilib.

Bununla yanaşı, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəhbərliyi tərəfindən həmin sakinlərlə görüş keçirilmiş və qeyri-qanuni tikinti işlərinin qarşısının alınması üçün təşəbbüskarlığa və vətəndaş borcunun yerinə yetirilməsinə görə onlara təşəkkür bildirilib.

Sakinlərin diqqətinə çatdırılıb ki, bu ərazidə tikinti layihəsinin yerinə yetirilməsi ilə bağlı gələcəkdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yeni müraciət daxil olacağı təqdirdə həmin layihə şəhərsalma qanunvericiliyi ilə müəyyən olunan norma və tələblər çərçivəsində dəyərləndiriləcək, qonşuluqda yaşayan insanların hüquq və mənafeləri nəzərə alınacaq.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə bir daha müraciət edərək, Azərbaycan Respublikasının şəhərsalma qanunvericiliyinin bütün tələblərinə riayət etməyə çağırır. Müvafiq icra hakimiyyəti orqanlarından tikintiyə icazə sənədi alınmadan hər hansı tikinti işlərinin aparılması qadağandır və bu sahədə mövcud qanunvericiliyin tələblərini pozan şəxslərə qarşı ciddi tədbirlərin görülməsi təmin ediləcək.

İqtisadiyyat xəbərləri
Prezident “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nı təsdiqləyib

Prezident “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nı təsdiqləyib

26-04-2019 09:55 - Milliyol.az - İqtisadiyyat


 

 Prezident İlham Əliyev “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb


 
 
 Sənəd müəyyən edilmiş iqtisadi və sosial siyasət kursunun qısamüddətli və ortamüddətli dövrlər üçün hədəflərini özündə aydın ehtiva edən ortamüddətli xərclər çərçivəsinin hazırlanması və bu zəmində nəticəəsaslı büdcə tərtibi mexanizminə keçid üçün ilkin zəruri tədbirlərin görülməsi məqsədi daşıyır.
Fərmanla “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”təsdiq edilib.
Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu fərmanla təsdiq edilmiş “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nın 4.7-ci bəndində qeyd olunan büdcə təşkilatlarının sektor strateji planlarının hazırlanması qaydasını, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu fərmanla təsdiq edilmiş “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nın 2020-ci və 2021-ci illərin dövlət büdcəsi layihəsinin tərtibi prosesinə və büdcə təqviminə paralel olaraq tətbiqini təmin etmək, bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.
MilliYol.
Oxu.az digər xəbərlər