Bakıda Uruqvay-Azərbaycan danışıqları - Foto


Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan Uruqvay Şərq Respublikasının xarici işlər naziri Rodolfo Nin Novoa ilə görüşüb.

XİN-dən Teleqraf.com-a verilən məlumata görə, nazirlərin təkbətək görüşündən sonra danışıqlar geniş tərkibdə davam etdirilib. Danışıqlar zamanı tərəflər iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu qeyd ediblər.

Elmar Məmmədyarov hazırda Azərbaycanla Uruqvay arasında münasibətlərin genişlənməsi mərhələsinin müşahidə edildiyini bildirib.

Rodolfo Nin Novoa Bakıda keçirilən V Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcəyindən məmnunluğunu ifadə edib. O, ölkələr, xalqlar arasında xoş məramlı təmasların vacibliyini vurğulayıb və Uruqvayın məhz bu mövqedən çıxış edərək artıq 200 il ərzində davamlı şəkildə dünya ölkələrinin suverenliyi və ərazi bütüvlüyünə hörmətlə yanaşdığını, bu mövqeyə daim sadiq qaldığını bəyan edib.

Uruqvaylı nazir Azərbaycanı dost ölkə adlandıraraq, ikitərəfli münasibətlərin kifayət qədər geniş iqtisadi gündəmə malik olduğunu söyləyib. Buna misal olaraq o, ötən ilin nəticələrinə dair Azərbaycanın Uruqvaya ən çox neft ixrac edən 5 ölkə sırasında olduğunu yada salıb. Eyni zamanda ölkəsinin Azərbaycanla kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirən R.Nin Novoa ikitərəfli münasibətlərin müqavilə-hüquq bazasının genişləndiyini qeyd edib.

E.Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Uruqvayın nümayiş etdirdiyi prinsipial mövqeyinə görə təşəkkürü çatdırıb. Münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə əsasən, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum 4 qətnaməyə uyğun şəkildə həll olunmasının önəmini vurğulayıb və Uruqvay tərəfinin bəyan etdiyi rəsmi mövqeyinin bununla eyni olduğunu razılıqla qeyd edib.

İkitərəfli əlaqələrin müqavilə-hüquq bazasına toxunan E.Məmmədyarov iqtisadi, ticarət və humanitar əməkdaşlığın təşviqi üçün daha münbit şərait yaradan bir sıra saziş layihələrinin hal-hazırda baxılmaqda olduğunu və Rodolfo Nin Novoanın hazırkı səfəri çərçivəsində Azərbaycan və Uruqvay hökumətləri arasında “İqtisadi, ticarət və texniki əməkdaşlıq haqqında Saziş”in imzalanacağını söyləyib.


Siyasət xəbərləri
Teleqraf.com digər xəbərlər