Bakıdan “Barselona”nın biabırçı məğlubiyyətinə reaksiyalar

Bakıdan “Barselona”nın biabırçı məğlubiyyətinə reaksiyalar

Mayın 7-si gecəsi İspaniyanın “Barselona” klubu üçün zülmət gecə oldu. Kataloniya təmsilçisi Çempionlar Liqasının yarımfinalının cavab oyununda İngiltərədə “Liverpul” klubu tərəfindən darmadağın edildi. Bir həftə öncəki ilk oyunda 3-0 hesabı ilə qələbə qazanan “Barselona” qapısından 4 cavabsız qol buraxdı.


Ötən il eyni turnirin yarımfinalında İtaliyanın “Roma” klubunu ilk oyunda 4-1 məğlub edən ispan təmsilçisi cavab qarşılaşmasında 3-0 uduzaraq Çempionlar Liqası ilə vidalaşmışdı. İki il ard-arda bu cür şoklar yaşayan “Barselona” haqlı olaraq tənqid hədəfinə tuş gəlib. Bu dəfə Kataloniya təmsilçisi öz azarkeşlərinin də qınaqları ilə üzləşib.


Gedən müzakirələrdə “Barselona”nın argentinalı ulduzu Lionel Messi ilə portuqaliyalı hücumçu Kristiano Ronaldonun müqayisəsi də aparılır. Çoxları portuqaliyalı ulduzu daha üstün sayır və bunu da Ronaldonun indiyə qədər “Mançester Yunayted”, “Real Madrid” və hazırda oynadığı “Yuventus”da, eləcə də ölkə millisində lider olması ilə əsaslandırırlar. Ronaldo ilə müqayisədə Messinin “Barselona” və Argentina millisində belə bir uğur qazana bilmədiyi vurğulanır.


Natiq Muxtarlı: “Əlinin altında Messi, Suares kimi hücum futbolçuları olsun və onları müdafiədən oynamağa vadar edəsən...”


Tanınmış idman jurnalisti Natiq Muxtarlı məğlubiyyətdə ispan klubunun baş məşqçisini günahkar sayır: ““Barselona”nın “Liverpul” qarşısında belə aciz duruma düşməsinin əsas səbəbkarı baş məşqçidir. Ernesto Valverde “Barselona”nın oyun fəlsəfəsini dəyişdi. O, bu komandanı müdafiədən oynamağa məcbur etdi. “Barselona”nın özünəməxsus oyun fəlsəfəsi vardır. Bu komanda həmişə topla oynamağa alışıb. Heyətdə olan futbolçular da bu oyun fəlsəfəsinə uyğundurlar. Bu futbolçular həddindən artıq texnikalı olduqları üçün top ayaqlarında olanda özlərini rahat hiss edirlər. Vay o gündən ki, onları topsuz qoyasan. Valverde “Liverpul”la cavab qarşılaşmasında futbolçulara belə tapşırıq vermişdi: topu rəqibə verin, əks-hücumlara bel bağlayın.


Təbii, Valverde “Liverpul”un erkən qol vurmaq istəyində olacağını, bunun üçün də müdafiədə müəyyən boşluqlar buraxacağını bilirdi. Düşündüyü kimi də oldu. Amma Valverde onu nəzərə almamışdı ki, “Barselona”nın futbolçuları müdafiə olunmağı o qədər də yaxşı bacarmırlar. Onlar hücum etməyi sevirlər. Onların hücum qabiliyyəti müdafiə qabiliyyətindən qat-qat üstündür. Sənin futbolçularının belə üstünlüyü olduğu halda, onları müdafiə olunmağa məcbur etməyin bədəli də bu olmalı idi. Klopp Valverdenin səhvindən məharətlə yararlandı. Əlinin altında Messi, Suares kimi hücum futbolçuları olsun və onları müdafiədən oynamağa vadar edəsən... Bu, futbolun fəlsəfəsinə ziddir. Belə oyun fəlsəfəsi ilə Messidən nəsə tələb etmək olmaz. “Liverpul”la oyunda Messi topla demək olar ki, təchiz edilmədi. Çünki hamının başı müdafiə olunmağa qarışmışdı. Sən topu bilərəkdən rəqibə verirsənsə, rəqibin hücum potensialı ilə özünün müdafiə olunmaq bacarığının balansını bilməlisən. Valverde “Liverpul”un əsas hücum gücünün (Salahın) meydanda olmayacağını zənn edib, hesablamanı düzgün aparmamışdı. Hətta oyunun bəzi məqamlarında Messi də “Barselona”nın cərimə meydançasından kənara çıxa bilmirdi. Belə məqamda ümid qalırdı standart vəziyyətlərə ki, Messi cərimə zərbəsindən fərqlənsin. Ancaq “Liverpul”lu futbolçular bu amili nəzərə almışdılar. Onlar özlərinin cərimə meydançası həndəvərində demək olar ki, qayda pozuntusuna yol vermədilər. Belə yerdə Messi heç nə edə bilməzdi. Valverdenin taktikası onun ayağını bağlamışdı. “Barselona” ilk qarşılaşmada məhz Leonun fərdi ustalığı – bunu xüsusi vurğulayıram – Valverdenin taktiki sxemi yox, məhz Leonun fərdi ustalığı hesabına qələbə qazanmışdı. Amma cavab qarşılaşmasında “Liverpul”lular onu ustalıqla zərərsizləşdirdilər".


Kənan Məstəliyev: “”Barsa"nın yenilənməyə, dəyişikliyə ehtiyacı var”


Rekord.az saytının baş redaktoru Kənan Məstəliyev: “Bu möcüzənin səbəbləri haqda çox danışmaq olar. Əsas iki istiqamət var: məşqçi və futbolçular. Məşqçi haqda danışarkən onu demək olar ki, Ernesto Valverde bu il komandasını ölkə çempionu etdi ki, bunu ən azından minimal hədəfin öhdəsindən gəlmək kimi qəbul etmək olar. Amma ”Barselona" kimi komandalara daxildəki qələbələr yetərli deyil. Burada tələblər çox yüksəkdir. Məşqçi Çempionlar Liqasını qazanmırsa, ən azı finala çıxmırsa, uğursuz kimi qəbul edilir. Valverde də səhvlər etdi. Əvvəla, o, ötənilki səhvlərdən nəticə çıxarmadı, müasir futbol ən kiçik səhvi belə bağışlamır. “Liverpul” ilk oyunda 0:3 hesabıyla uduzacaq oyun oynamamışdı, “Barsa” da 3:0 udacaq. Valverde bunlara diqqət etməli idi. Etmədi və məğlubiyyət qaçılmaz oldu. Daha bir məsələ də motivasiya oldu. “Barsa”nın məşqçisi yaxşı motivator olmalıdır, hətta deyərdim ilk öncə motivator olmalıdır, sonra məşqçi. Çünki Messi, Pike, Suares kimi hər şeyi qazanmış superulduzları növbəti kuboka, titula kökləmək ən əsas məsələdir. Valverde bunu da bacarmadı. “Barselona” keçid dövrünü yaşayır. Uzun illərdir ki, komandanı arxasınca aparan ulduzların, böyük futbolçuların əksəri ya artıq yoxdur, qalanların isə yaşı keçib. Onlar fiziki, həm də mental baxımdan qocalıblar. Elə həmin Suares, Pike və Messinin yaşı 30-u ötüb. Bəli, onlar hələ də nəhəng qüvvədirlər, istənilən rəqibi yenə bilərlər, amma zaman dəyişib. Yenilər ya çox cavandırlar, ya da lazımi qədər yetişməyiblər. Kənardan bir enerji olduğu görünsə də, bu, belə deyil. Mentallıq da öz sözünü deyir. Yuxarıda da qeyd etdim ki, Messi kimi futbolçunu daha bir çempionluğa kökləmək çətin işdir. O da, bir çox digər komanda yoldaşları da yorulublar. Yetərincə qazancları var, özlərini sübut edib, adlarını futbol tarixinə yazıblar. İstəyəcəkləri bir şey qalmayıb... “Barsa”nın da yenilənməyə, dəyişikliyə ehtiyacı var və bu, aşkar şəkildə ortadadır. Məncə, bir daha ardıcıl çempionluqları sıralayacaq “Barselona”nı görməyimiz üçün xeyli gözləməli olacağıq. O ki qaldı Ronaldo-Messi müqayisəsinə, bu haqda qəti fikir ola bilməz. Hər ikisi dahidir. Biz bu futbolçularla eyni zamanı bölüşdüyümüzlə fəxr etməliyik, edirik, edəcəyik də. Fantastik oyunçu, planetar səviyyəli də personalardır. Hərəsi hansısa oyun komponentində digərini üstələyə bilər, ancaq toplamda ikisi də eyni dərəcədə möhtəşəmdir".(musavat.com)


İdman xəbərləri
Moderator.az digər xəbərlər