"Bakıxanov Qubada eşqbazlığa gedərkən..." Ağanın şəxsi cangüdəninin nəvəsi danışır - FOTOLAR

"Bakıxanov Qubada eşqbazlığa gedərkən..." Ağanın şəxsi cangüdəninin nəvəsi danışır - FOTOLAR

Qüdsiylə Məkkədə ölən cangüdəninin nəvəsindən xatirələr...


Moderator.az Abbasqulu Ağa Bakıxanovun Qubanın əmsar kəndində yerləşən ev muzeyi və onun şəxsi cangüdəninin nəvəsinin xatirələrinin yer aldığı reportajı təqdim edir.


Atası II Mirzəməhəmməd taxt-tac mübarizəsində əmioğlusu Hüseynquluya məğlub olmasaydı, Bakı xanı Hüseynqulu yox, Mirzəməhəmməd olacaqdı, o,Qubaya köçməyəcəkdi, dayısı Fətəli xan ona Əmsar kəndini hədiyyə etməyəcəkdi. Yəqin ki, Qubada qələmə aldığı, Azərbaycan və Dağıstan tarixindən bəhs edən “Gülüstani-İrəm” əsəri də olmayacaqdı. Bəlkə də atasının bu məğlubiyyəti balaca Abbasqulunun genetik xanlıq, hökmdarlıq potensialını maarifçiliyə, elmə yönəlməyə məcbur etdi və o Azərbaycan tarixşünaslığının banisi Abbasqulu Bakıxanov oldu. Bəlkə də belə olmadı...

Şəxsiyyətlər adətən şişirdilir. Yəqin ki, bunu tarixçilər, qələm sahibləri edir və ona görə edir ki, adları amansızcasına tarixləşən zamanın kəşməkəşindən boylana biləcək qədər qeyri adi-olsun. Ancaq sadə insanlar belə eləmir, onlar hər rəngi öz yerində vururlar. Onlar tarix yazmırlar, danışırlar sadəcə....

Abbasqulu Ağa Bakıxanov haqqında tarixçilərin, alimlərin bizim üçün müəyyənləşdirdikləri məlumatları çoxumuz oxumuşuq. Bu yazı isə tarixdə qalmaqallı şəxsiyyət kimi tanınan Bakıxanovun cangüdəni Yəhya Zülfüqarovun nəticəsi Əkrəm Zülfüqarovun xatirələri üzərində qurulub. Əkrəm dayı Qubanın Amsar kəndində yaşayır. 80 yaşı var. Deyir ki, ulu babam, yəni atasının babası Hacı Yəhya Abbasqulu ağa Bakıxanovun yaxın sirdaşı olub. (Bu yaxınlıq Abbasqulu ağanın həyatından bəhs edən bədii əsərlər və tarixi sənədlərdə də göstərilir . Yəhya Abbasqulu ağanın şəxsi darğası, “adyutant”ı kimi qeyd olunur).


1802-ci ildə 6 yaşlı Abbasqulu Amsar kəndinə gələrkən burada ən çox bəyəndiyi ərazi Zülfqar nəslinə məxsus bağ olur. Elə onun istəyilə burada böyük imarət tikilir. Və beləcə Abbasqulu Amsarda yeniyetməlik və gənclik illərini yaşayır. Bakıxanovlar Amsar kəndindən axan Ağçayın sol sahilində yaşamağa başlayır. Abbasqulu Qubada mədrəsə təhsili alır. Onun həyatına bir az bədii yanaşsaq gənc Abbasqulunun şeir yazması üçün çoxlu səbəb tapmaq olar; canında gəzdirdiyi “xan geni”, damarında qaynayan iki sivilizasiyanın toqquşmasından yaranan qan qarışıqlığı, (A.A. Bakıxanovun atası Bakı xanı nəslindən, anası isə gürcü olub) daşıdığı “Bakıxan” soyadına təzadən, qismən əzilmiş, məğlub olaraq Bakıdan uzaq, sakit bir kənddə qərar tutan əhval və ən əsası da səfalı Qubanın Ağçay sahilində yerləşən ecazkar Amsar təbiəti...

Beləcə “Qüdsi” təxəllüslü şeirlər doğulmağa başlaır.

Bəlkə də Abbasqulu ağa bu sətirləri yazarkən nəzərdə tutduğu şəhərlər arasında incik ayrıldığı Bakı da var idi:


Qüdsi, xoşdur Əmsar adlı məskənin

Şəhərlərdən gözəldir kəndin sənin.


Gənc Abbasqulu Qubada yaşadığı illərdə xeyli tarixi məlumatlar toplayır. Eyni zamanda həmin mühüm faktları novatorluq bacarığıyla tarixi əsər formasında qələmə alır. Və özünün ən mükəmməl əsərlərindən olan “Gülüstani-İrəm”i məhz Qubada, Amsar kəndində yazır.

Qəhrəmanım Əkrəm Zülfüqarov deyir ki, Abbasqulu ağanın kütləyə məlum olan həyat və yaradıcılığı ilə yanaşı, əsrlərlə ürəklərdə daşınıb, indi bir neçə ağsaqqalın dilində can verən maraqlı xatirələri də var. Əkrəm dayı söhbətə başlayanda dedi ki, bu sözləri ona babasının dilindən atası danışıb. Onun sözlərinə görə Abbasqulu ağa gənclikdən kənd camaatı tərəfindən çox sevilən, hörmət qazanan biri olub. Bir axşam gənc Abbasqulu Qubanın Amsar kəndinə eşqbazlığa çıxırmış. Bu an cavan bir oğlan qarşısını kəsib onu iki saatdan sonra imarətlərinin partladılacağı barədə xəbərdar edir. Həmin oğlan birbaşa Bakıdan Qubaya Abbasqulu ağaya xəbəri yetişdirmk üçün gəlibmiş. Xəbərə uyğun imarətin ətrafı qazıldıqda, oradan doğrudan da böyük həcmdə barıt çıxır. Xəbəri çatdıran şəxs illər öncə gözləri çıxarılarkən Abbasqulu ağa tərəfindən xilas olunan qul olurmuş. Hansı ki, Abbasqulu ağanın köməyilə sağ qalan həmin qul sonradan o dövrün imkanlı şəxslərdən olur. Beləcə Abbasqulu ağaya gənc ikən Qubada təşkil olunan sui-qəsdin qarşısı alınır.

Bakıxanov 1819-cu ildə general Yermolovun dəvətilə Tiflisdə Qafqaz Baş Hərbi İdarəsində tərcüməçilik vəzifəsini qəbul edib, ömrünün sonunadək, 26 il bu vəzifədə çalışsa da, Quba ilə əlaqəsini kəsmir.

Tarixdə A.Bakıxanovun 1946-cı ildə başladığı səfər “Yaxın Şərq ölkələrinə səyahət”kimi qiymətləndirilsə də Amsar sakinləri bu səyahətə “Həcc ziyarəti” deyir. Hansı ki, bu səfər zamanı Bakıxanovla Amsar sakini Yəhya Zülfüqarov və onun oğlu Həmdulla Zülfüqarov da olur. Səfərdən öncə Yəhya bəy A. Bakıxanova o vaxtlar üçün ən böyük hədiyyələrdən sayılan yəhərli səmənd at hədiyyə edir. Bundan əlavə səfər zamanı lazım olacaq ləvazimatlardan olan xüsusi işlənmiş qırmanc və 80 sm-lik - el dilində “abdulbağı xəncəri” adlanan qılınc da Abbasqulu ağaya hədiyyə olunur.

A. Bakıxanovun bu səfəri yarımçıq qalır. O, Məkkə yaxınlığında vəbaya mübtəla olur. 53 yaşında Səudiyyə Ərəbistanında can verir. Cangüdəni Yəhya bəy işində olduğu kimi, ömrüylə də ona sadiqliyini göstərir, ölümünü də ondan əsrigəmir. Abbasqulu ağa ilə birgə vəbaya düçar olan Yəhya Zülfüqarov da Ərəbistan yarımadasının “Vadiyi-Fatimə” torpağında canını tapşırır. Həmin qrupdan sağ qalan şəxslərdən biri, Yəhya bəyin oğlu Həmdulla Zülfüqarov (qəhrəmanımın babası) olur. Dünyasını dəyişənlərinin nəşinin Vətənə gətirilməsi o zaman üçün qeyri-mümkün olduğundan Abbasqulu ağa və Yəhya bəyi “Vadiyi-Fatimə”də dəfn edirlər.

İllər keçdikdən sonra A. Bakıxanovun Qubadakı imarəti dağıdılır, əşyaları qeyb olur. 1930-cu illərdə Amsarda, Ağçayın sol sahilindəki imarətin yerində mal ferması tikilir. Hətta imarətin tikildiyi yerin torpağını da qazıyırlar ki, bəlkə qızıl tapdılar. Nə xoş ki, Abbasqulu ağa qiymətli nəyi vardısa, torpağın altına yox, üstündə - daha doğrusu insanların düşüncələrində basdırdışdı; Qanuni-Qüdsi,Əsrarül-Mələkut, Təhzibül-Əxlaq, Kəşfül-qəraib, Eynul-Mizan, Gülüstani-İrəm, Nəsihətnamə və başqa adlarla...

İmarətin söküldüyünü görən Zülüqarovlar isə tikilinin kərpiclərini çayın sağ sahilinə daşıyaraq yeni bir ev ucaldırlar. Hətta bu işi Bakıxanovun imarətinin çayın sağ sahilinə daşınması kimi qiymətləndirən Amsar sakinləri, təxminən 1 kilometrlik bu məsafəyə düzülərək, kərpicləri beləcə əldən-ələ ötürür, yeni evin tikilməsinə kömək edirlər. Həmin evdə bu gün qəhrəmanım Əkrəm Zülfüqarov yaşayır.

Abbasqulu ağa Bakıxanovdan bizə qalan yeganə əşya isə onun şəxsi qırmancıdır. Yox, bunu yozmaq fikrim yoxdu. Ola bilsin ki, qırmac bir təsadüfdür. Həmin qırmanc, bəzi fotoşəkillər, “Gülüstani-İrəm” əsərinin bir səhifəsinin orjinalı, ağanın şəxsi möhür izi hazırda Qubanın amsar kəndində yerləşən A.Bakıxanovun ev muzeyində saxlanılır.


Abbasqulu ağanın Amsardakı torpaqlarını yuyub aparan Ağçayın suları indi durulsa da, Amsar sakinləri ağanı unutmurlar. Bunu kənd sakinləriylə sağollaşanda eşitdiyim dialoq bir daha təsdiqlədi. Kəndin aşağı hissəsindən mərkəzə yaxınlaşan bir qoca ona verilən suala belə cavab verir:

- Hə, gördüm, gördüm, ağanın bağları tərəf getdi.

Yanımda duran bələdçiyə pıçıldayıram:

- “Ağanın bağları” deyəndə o, “o ağa”nı nəzərdə tutur?

Gülümsünüb eyni tonda cavab verir:

- Hə, “o ağa”nı deyir.


P.S. Əkrəm dayı isə söhbət boyu israr edirdi ki, sənədlərdə Abbasqulu ağa Bakıxanovun ölüm tarixi düzgün göstərilməyib, o kişilər 1848-ci ildə ölüblər.


Amin


Açar sözlər
Ağa Bakıxanov , Abbasqulu Bakıxanov , Yəhya Bəy , Həmdulla Zülfüqarov , Əkrəm Zülfüqarov , Imarət , Qafqaz Baş Hərbi Idarəsi , Azərbaycan , Bakı , Səudiyyə Ərəbistanı , Quba , Məkkə , Qüds
Mədəniyyət xəbərləri
Moderator.az digər xəbərlər