Bərdədə daha bir körpə ölümü

Bərdədə daha bir körpə ölümü

Bərdə Doğum Evində daha bir uşaq doğuş zamanı ölüb

Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, rayonun Muğanlı kənd sakini, 1979-ci il təvəllüdlü Bəşirova Vüsalə Novruz qızı “vaxtından əvvəl cərrahiyyə doğuşu” diaqnozu ilə doğum evinə daxil olub.

Doğulan körpə doğum evində ölüb.

Hadisə ilə bağlı Bərdə rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinin müdiri Tünzalə Quliyeva bildirib ki, V.Bəşirova beşinci hamiləliyi ilə doğum şöbəsinə daxil olub. 34-35 həftəlik olan uşaq ana bətnində ölü olub.

Qadının vəziyyəti ağır olduğundan təcili əməliyyat olunaraq uşaq ana bətnindən götürülüb. Əməliyyatdan əvvəl qadın müayinə edilib, məlum olub ki, uşağın ürək döyüntüləri yoxdur.

Şöbə müdiri T.Quliyeva onu da qeyd edib ki, qadın beş dəfə hamiləlik dövrü yaşasa da, yalnız bir uşağı var. Digər hamiləlik dövründə də qadının uşaqları ana bətnində ölüb. V.Bəşirova hamilə qadın kimi rayon mərkəzi xəstəxanasının doğum məsləhətxanasında qeydiyyatdan keçməyib. Həkim müayinəsi və müalicəsi aparılmayıb.

Qeyd edək ki, son aylarda Bərdə Doğum Evində uşaq ölümü tez-tez təkrarlanır. Fevral, mart və aprel aylarında orada 10 uşaq vəfat edib.

Xatırladaq ki, bundan öncə Bərdə və Sumqayıtda da yeni doğulan körpə ölümü qeydə alınmışdı. Bu gün İmişlidə bir, Sabirabadda isə əkiz körpələrin doğuşdan sonra ölməsi barədə xəbər yayılmışdı.

pia.az