“Bəs hanı, gərdəyini düşmənəmi verdi Şuşa?”

“Bəs hanı, gərdəyini düşmənəmi verdi Şuşa?”

“Şuşa doğrudan da hər bir azərbaycanlının qürur mənbəyi, fəxr etdiyi yerdir”


Bunu Moderator.az-a açıqlamasında şair Vaqif Bəhmənli Şuşanın işğal günü haqda danışarkən deyib. V.Bəhmənli bildirib ki, hamı kimi o, da bir gün torpaqlarımıza qayıdacağımıza ümid edir:


“Ümidim heç vaxt ölmür və həmişə ümidim var ki, yatıb-durub eşidəcəyik ki, Şuşa azad edildi, ya da gedirik Şuşanı azad etməyə. Şuşa bizim tariximin ən müəqəddəs bir yeridir. Azərbaycanın təbiət və tarix etibarilə şah əsəridir. Şuşa doğrudan da hər bir azərbaycanlının qürur mənbəyi, fəxr etdiyi yerdir. Mənim də həyatım gənclikdən Şuşayla çox bağlı olub. 1970-ci illərdə bizi məktəbdən Şuşaya ekskursiyaya aparırdılar. Cıdır düzü və qayalar mənim üçün əzizdir. Təkcə Şuşanın yox, bütövlükdə Qarabağın işğaldan azad edilməsi xalqımızın arzusudur. Qarabağda elə bir yer yoxdur ki, ora müqəddəs olmasın. Arzumuz budur ki, torpaqlarımız tezliklə işğaldan azad edilsin”.



Vaqif Bəhmənlinin Şuşa haqqında yazdığı şeirlərini də təqdim edirik:


Şuşa


Dağı dağ üstdə duran dağlı səməndərdi Şuşa,

Necə bəs dil-dil ötür gül-gül açan dərdi Şuşa?


Qol açıb hər yetənə; pis nəzərə gəldi yəqin –

Partlamışlar uladı: gör nə qəşəng yerdi Şuşa!..

Qaldırıb dik başına zatıqırıq qor-qoduğu,

Tullayıb dar dərəyə dərdləri min mərdi Şuşa!

O xəcil, axdı təri, qan bələnən köynəyini

Xarı-bülbül gülünün yarpağına sərdi Şuşa?

Bəlkə nərd taxtasıdı yek Cıdırın tas sinəsi –

Fəndgir əllərdə gəzən şeşli-beşli zərdi Şuşa?

Tanrıya asi olub qövr eləsəm hiddətdən,

Deyərəm, dərd yuvası, otlu-sulu şərdi Şuşa!

Əhdi Vaqiflə idi, peymanımız qəbrə qədər...

Bəs hanı? Gərdəyini düşmənəmi verdi Şuşa?


Şuşa yerindədi, Elnarə!

Səsində ana kədərinin ruhunu yaşadan bənzərsiz xanəndə

Elnarə xanım Abdullayevanın “Görən Şuşa yerindəmi” oxusunun təsiri ilə.

Batıb Şuşanın dili,

Zili, pəsi çatışmır.

Tarixdi Pənahəli –

Xan nəvəsi çatışmır!

Orman yaşıl daraqdı,

Sıldırımlar yaraqdı,

Şuşa yanar çıraqdı,

Pərvanəsi çatışmır.

Kafər kəsib yolağı,

Kardı Kirsin qulağı!..

Cabbarsız Qarabağın

zənguləsi çatışmır.

İtkin düşüb qonağı,

Sağ şikəstə, sol ağı.

Axır İsa bulağı,

Piyaləsi çatışmır!

Halal haqqın payı yox,

Ulduz qəmin sayı yox...

Yurd dərdinin tayı yox –

Səlnaməsi çatışmır.

Dağ durur dağ tuşunda-

Dərədi ağuşunda.

Çağlar bulaq başında

El nərəsi çatışmır!

Bürünüb duman Şuşa,

Tökür gözdən qan Şuşa!

Yerindədi xan Şuşa –

Elnarəsi çatışmır”.


Vasif Əlihüseyn

Konuşma Sonu

Bir mesaj yaz...

Mədəniyyət xəbərləri
Moderator.az digər xəbərlər