“Beş ildir kartof, çiyələk, sarımsaq və digər tərəvəzlər becərirəm...”- Reportaj, (FOTOLAR)

“Beş ildir kartof, çiyələk, sarımsaq və digər tərəvəzlər becərirəm...”- Reportaj, (FOTOLAR)

Ölkənin cənub bölgəsinin sakinləri daha çox əkinəcəklə məşğul olurlar. Burada kartof, çiyələk, qarğıdalı, sarımsaq, lobya, və digər tərəvəzlər yetişdirilir. Haqqında danışacağımız gənc sahibkar Samir Bayramov da sahəsində “gecəsini gündüzünə qatıb” işləyir ki, bol məhsul əldə etsin.


Samir Bayramov 1983-cü ildə Cəlilabadın Göytəpə qəsəbəsində anadan olub. Bir müddət Rusiyada işləsə də o, yenidən vətənə qayıdıb. Sahibkar deyir ki, zəhmət çəksən, qazanmaq olar. S.Bayramov bu gün bizi əkin əkdiyi 15 hektarlıq sahəyə dəvət etdi.



Biz sahəyə gələndə işçilər çiyələk və lobya yığımı ilə məşğul olurdular. Sahibkar deyir ki, yay vaxtı yüz nəfər işçi işlədir. Payız vaxtı isə əkinəcək zəiflədiyindən 30-40 nəfər işçi işləyir. Əslində bu işsizliyin qarşısının alınmasına da öz müsbət töhfəsini verir. Sahədə işləyən qadın işçilərlə söhbətimizdə onlar da bunu təsdiq edib, sahibkardan razılıq etdilər. İşçilərin günlük əmək haqqısı isə on manatdır. Beş il öncə fəaliyyətə başlayan S.Bayramov ilk günlərini belə xatırlayır:


“Beş il öncə ilk dəfə kartof əkdim, sonra çiyələk, sarımsaq və lobya əkməyə başladım. İndi sahədə pomidor, xiyar və bir hektarlıq üzüm bağı da salmışam. Bundan başqa sahədə taxıl da əkirəm. Bu zonada lobyanı məndən başqa əkən yoxdur”.



Sahibkar müvafiq qurumlardan da razılıq edir: “Maneçilik edən yoxdur. Sərbəs təsərrüfatımızla məşğul oluruq. İstədimiz vaxt rayon bankları bizə kreditə pul verə bilir”.



Lənkəran sakini olan Gülsüm xanım da işindən razılıq edir: “Çox sağ olsunlar bizi incidən yoxdur, rahat işimizi görüb əmək haqqımızı alırıq. Xüsusi marşurut tutmuşuq o bizi hər gün işə aparıb-gətirir. Sağ olsun ki, dövlətimiz sahibkarlara belə şərait yaradıb, onların sahəsində biz də işlə təmin olunuruq”.



Sahibkar hələ gələcək üçün təsərrüfatını genişləndirmək fikirindədir. S.Bayramov deyir ki, əkin əkməyən sakinlərdən torpaq sahələrini icarəyə götürərək, daha çox torpaq sahəsi əkəcək.


Vasif Əlihüseyn

Fotolar müəllifindir.

Açar sözlər
Samir Bayramov , Rusiya , Lənkəran , Cəlilabad , Göytəpə
İqtisadiyyat xəbərləri
Moderator.az digər xəbərlər