Bilgəhdə torpaq satan şəxsin başına oyun açdılar - MÜRACİƏT

Bilgəhdə torpaq satan şəxsin başına oyun açdılar - MÜRACİƏT

Bilgəh qəsəbəsi sakini Haşım Məlikov Nardaran qəsəbəsində mülkiyyətində olan torpaq sahəsini satıb, sonra problemlərlə üzləşib.

Teleqraf.com-un redaksiyasına şikayəti məktubu göndərən Haşım Məlikov bildirib ki, Nardaran-Maştağa yaşayış massivi, 34-cü məhəllə, 15 ünvanında 8,5 sot torpaq sahəsi olub: “Həmən torpaq sahəsini Nardaran sakini Züfail adlı şəxsdən almışam. Züfail mənim qonşum olub. Torpaq sahəsinin 6 sotunun sərəncamla çıxarışı, 2,5 sotunun isə sənədi olmayıb. İki sot yarım torpağın sənədi olmadığına baxmayaraq Züfailə 6000 min manat ödəmişəm.

Sonra orada öz vəsaitim hesabına hasar çəkib, kiçik dəmir qapı qoydurmuşam. 8,5 sotun içində ağdaşdan 50 kvadrat metr kürsülü ev tikmişəm”.

Şikayətçi qeyd edib ki, maddi çətinliyi olduğu üçün torpaq sahəsini satışa çıxarmalı olub: “2018-ci ilin təxminən iyununda mən öz torpaq sahəmi Talıbov Zaur İmamverdi oğluna satmaq niyyətində olmuşam. Əvvəlcədən danışdığımız kimi, o mənə beh verməli idi. Həqiqətən Fikrət adında şəxsin yanında mənə 500 manat verdi. Bir neçə gün sonra xalam oğlu Aslanov İlqar Tofiq oğlunun vasitəsilə 1000 manat da göndərdi.

Sonrakı aylar ərzində dəfələrlə Zaurla əlaqə saxlayırdım və o, hər dəfə mənə pulun əsas hissəsini müxtəlif bəhanələrlə verməkdən boyun qaçırırdı. Mən öz torpaq sahəmi 18 000-ə danışıb, 1500 beh aldım. Lakin o, pulun əsas hissəsini verilməsini gözləməyimi xahiş edirdi.

Eyni zamanda istəmirdi ki, atası İmamverdi Talıbov və qardaşı Telman Talıbov mənim satdığım evin əsl qiymətini bilsinlər. Səbəb kimi Zaurun Nardarandakı satılmış evindən 25000 manat məbləğindən atası və qardaşına verməmək istəyi idi. Zaur mənə dedi ki, torpaq sahəsini atama 18 minə yox, 25 minə satdığını de”.

Şikayətçi daha sonra müraciətində göstərib: “Dəfələrlə özünə, atasına, qardaşına müraciət etmişəm ki, zaman keçir, pulumu vermirsiniz. Mənə isə pul lazımdır, behin bir ay müddəti var. Bu proses 8 ay çəkdi. Çoxsaylı müraciətlərim Zaur tərəfdən boş vədlərlə yayındırılaraq nəticəsiz qalırdı.

Bir neçə dəfə qardaşı mənə telefon vasitəsilə torpağı başqasına satmağıma etiraz etmədiyini bildirdi.

Dedi ki, torpağı istəyirsən sat, istəyirsən yandır, istəyirsən daşını sök, mənə heç nə demə.

Mən də torpaq sahəmi və yarım tikilimi satışa çıxartmaq qərarına gəldim, Nardaran, Bilgəh, Maştağa qəsəbələrindəki alqı-satqı ofislərinə müraciət etdim. Zaur bir gün mənə zəng edərək dedi ki, sənin əsas pulunu verəcəm, amma icazə ver, natamam evini və qapını söküm. Mən ona icazə vermədim. Çünki o, pulumu verməmişdi. Təbii ki, bu halda onun həyətdə heç bir iş görməyə haqqı yox idi”.

Şikayətçinin sözlərinə görə, Zaura söküntü işlərinin aparılmasına icazə vermədiyi halda sonuncu onu saymayaraq söküntü işləri aparıb, onu həyətyanı torpaq sahəsini satmaqdan yayındırıb: “O mənə pulumu verəcəyinə inandırırdı. Ona inanıb, milli mentalitetimizə uyğun olaraq, polis bölməsinə müraciət etmirdim, lakin bilmirdim qarşıda məni nələr gözləyir.

O mənim xoş, insanpərvər münasibətimdən istifadə edib, ora daş tökmək istəyirdi.

O, qapımı, yarım tikilimi icazəsiz və tam pulumu ödəmədən sökdüyü kimi, daşı da icazəsiz həyətinə tökdü, beləliklə mənə maddi və mənəvi ziyan vurdu. Artıq həyətimi yarım tikili ilə yox, yalnız boş torpaq sahəsi kimi satışa çıxarmalı oldum”.

Haşım Məlikov deyib ki, 2018-ci il oktyabrında həmin torpaq sahəsini Ofelya Əsgərovaya satıb: “Bundan belə bu xanım və mənim başı ağrılı günlərimiz başladı. Talıbovlar mənə, ailəmə, Ofelya Əsgərovaya və onun ailəsinə təhqir, təhdid, hədə-qorxu gəlməyə başladılar. Onlar bizim evə gələrək, ailəmə, atama, qardaşıma hər dəfə müxtəlif məbləğlər söyləyərək pul tələb edirdilər.

Məbləğ 1500-20 000 manata, daha sonra 20-30 000 manata, hətta daha yuxarı qalxırdı. Bir gün son qiyməti dedi: “Uşaqlarının xətrinə 10 000 keçirəm, gətir, mənə 40 000 ver. Səndən və o xanımdan əl çəkim, əks halda torpağı mənə qaytaracaqsan. Qadını da məcbur edəcəksən çıxarışı mənə qaytarsın, pulumu da 2 qat artıq verəcəksən”.

Əks halda məni həbsə saldıracaqlarını bildirdilər. İndi də hədə-qorxu gəlirlər ki, həmin xanım orada yaşaya bilməyəcək. Deyirlər ki, torpaq bizimdir, nə tiksə onu sökəcəyik, biz qanun tanımırıq, kənd qanunu ilə gedirik, özgə adamın kənddə yaşamağına, burda ev yiyəsi olmağına razılıq verməyəcəyiklər.

Onlar mənimlə elə təhqiredici davranırdılar ki, məni özümə sui-qəsd həddinə çatdırırdılar. Onlardan yarı tikili evimin pulunu istəyəndə “get yarı tikili evinin pulunu xanımdan al” deyərək məni ələ salırdılar.

Halbuki Ofelya xanım mənim evimin yarı tikili olmasını görməmişdi. O, yalnız torpaq sahəsini almalı olmuşdu. Mən də xanımı müştərim olaraq 8-10 ay sonra tanımışam”.

Şikayətçi bildirib ki, Talıbovların hədələri müxtəlif formada bu gün də özünü göstərir və günü-gündən maddi iştahaları böyürür, hədələri getdikcə artır: “Vəziyyət artıq dözülməz həddə çatıb. Hazırda torpaq sahəsi Ofelya xanımın mülkiyyəti olmasına baxmayaraq, onlar ora maşınla daş tökür. Qaz xəttinin dəyişməsi prosesində Zaurun atası İmamverdi 2 nəfərlə gəlib, Ofeliya xanımın Məmməd adlı qohumunu hədələyərək işin dayandırılmasını tələb edib.

O, Ofeliya xanımın şəxsi mülkiyyətinə yiyələnmək istəyir. Talıbovlar ailəsi mənə də təzyiqlər göstərərək ki, Ofeliya xanımın həyətdən imtina etməsini, çıxarışı Talıbovlara verməsini və mənə qarşı polisə şikayət ərizəsi yazmasını tələb edirlər.

Talıbovlar hesab edirlər ki, hər şeyin günahkarı mənəm, Ofeliya xanımdır və onlar bizimlə istədikləri kimi davrana bilərlər. Mən bütün insani və mənəvi qanunlara riayət edib, nə mülkümün söküldüyü zaman, nə həyətə daş töküləndə, nə də evimə gələrək ailəmi, qonşularımın arasında şərəf və ləyaqətimi alçaltanda onlardan şikayət etmədim. Düşündüm ki, bir gün onlar öz səhvlərini anlayarlar”.

Haşım Məlikov Prezident İlham Əliyevə müraciət etdiyini, bu problemin həll olunması üçün müvafiq göstəriş verməsini xahiş edib: “Bu haqsızlıqlara, hədə-qorxulara, təzyiqlərə son qoyulmasını xahiş edirəm”.

Mədəniyyət xəbərləri
Publika.az digər xəbərlər