“Bir kəmər, bir yol” layihəsi Azərbaycana nə vəd edir?

“Bir kəmər, bir yol” layihəsi Azərbaycana nə vəd edir?

Layihə Azərbaycanın iqtisadi cəhətdən güclənməsi, geosiyasi və geoiqtisadi nüfuzunun artmasına şərait yaradır

Aprelin 26-da Pekində 2-ci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumu işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Forumda iştirak edir. Xatırladaq ki, Forumda 37 dövlət və hökumət başçısı, beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər. Builki Foruma Azərbaycan, Rusiya, Pakistan, Qazaxıstan, Avstriya, Belarus, Çexiya, Yunanıstan, Macarıstan, İtaliya, Serbiya, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrin liderləri qatılıblar. "Bir kəmər, bir yol əməkdaşlığı, ümumi parlaq gələcəyin qurulması" mövzusunda keçirilən Forum çərçivəsində 12 panel iclası və digər tədbirlərin təşkili nəzərdə tutulur. Sayca ikinci olan "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumunda ilk forumdan sonra təşəbbüsü dəstəkləyən ölkələr arasında səmərəli əməkdaşlığın qurulduğunu deyən Çin Xalq Respublikasının Sədri Si Cinpin hazırda "Bir kəmər, bir yol" təşəbbüsünün 150 ölkə tərəfindən dəstəkləndiyini, bu sıraya bir sıra nüfuzlu beynəlxalq təşkilatların da daxil olduğunu diqqətə çatdırıb. "Bu da göstərir ki, bizim təşəbbüs bütün dünyanı əhatə edir", - deyən Si Cinpin həmin təşəbbüsün dünyanın inkişafında yeni mərhələ olduğunu diqqətə çatdırıb. "Bir kəmər, bir yol" layihəsinin həm də ölkələr arasında ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlığı da əhatə etdiyini vurğulayan Çin lideri iqtisadi, ticari, maliyyə və digər sahələrdə xüsusi əhəmiyyəti ilə seçilən bu təşəbbüsün qədim İpək Yolu üzərində yeni dəyərlərin formalaşmasına da dəstək göstərdiyini, qloballaşmanın iqtisadiyyata mənfi təsirlərini azaltdığını, bu layihənin beynəlxalq səviyyədə yüklərin daşınmasına və beləliklə də milli gəlirlərin artmasına, regional inkişafa ciddi təkan verdiyini bildirib. Həmin layihənin həyatın bütün sahələrinə, xüsusilə də sosial məsələlərə inkişaf baxımından ciddi təsir göstərdiyini deyən Çinin dövlət başçısı mədəni-humanitar əlaqələrin genişlənməsində də yeni mərhələnin başlandığını vurğulayıb. Maraqlıdır, "Bir kəmər, bir yol" layihəsinin Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir?

Əvvala onu qeyd edək ki, hazırda Azərbaycan Çin arasında çoxtərəfli əmkdaşlıq münasibətləri mövcuddur və bu əməkdaşlığın dairəsi genişlənməkdədir. Çin Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biridir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra Çin Azərbaycanın vacib ticarət tərəfdaşlarından birinə çevrilib. "Bir Kəmər, Bir Yol" təşəbbüsü ənənəvi dostluq münasibətlərinə malik olan ölkələr arasında əməkdaşlıq üçün yeni imkanlar yaradıb. Azərbaycanın "Bir Kəmər Bir Yol" layihəsini ilk dəstəkləyən ölkələrdən biri olub və indiyədək ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın inkişafı ilə bağlı çoxsaylı sazişlər imzalanıb. Onu da vurğulamaq yerinə düşərdi ki, dost və tərəfdaş ölkələr olan Azərbaycan ilə Çinin münasibətlərinin başlanğıcı tarixi İpək yolu vasitəsilə qoyulub. Hazırki Bakı-Tbilisi-Qars dəmir yolunun da daxil olduğu Transxəzər Şərq-Qrəb Nəqliyyat dəhlizi Azərbaycanın "Bir kəmər, Bir yol" strategiyasına ən böyük töhfəsidir. Millət vəkili Tahir Mirkişili qeyd edib ki, 2008-ci ildən etibarən dünya iqtisadiyyatında baş verən böhran, bütövlükdə dünya iqtisadiyyatının inkişaf sürətini zəiflətməyə başladı. Dünya iqtisadiyyatının həcmini artırmaq üçün ölkələr arasında əlaqələrin genişlənməsinə ehtiyac var idi. Bunun üçün yeni təşəbbüslərə, eyni zamanda iqtisadi əməkdaşlığın yeni formatının yaradılmasına ehtiyac var idi: "Azərbaycandan keçən qədim İpəkyolunun yenidən dirçəldilməsi ilə bağlı hər zaman müxtəlif təşəbbüslər olub. Azərbaycan müstəqillik əldə etdikdən sonra bu ideya yenidən gündəmə gəldi. Çinin 2013-cü ildən etibarən irəli sürdüyü "Bir kəmər - Bir yol" layihəsi əslində yeni bir layihə deyil. Çinin irəli sürdüyü bu layihə həm maliyyə, həm də əhatəlilik baxımından bu təşəbbüslərin içində ən böyüyüdür. Bu layihə 65 ölkəni əhatə edir. Layihənin bütövlükdə maliyyə yükü təxminən 1 trilyon dollardan çoxdur. Bu qədər ölkəni və bu həcmdə maliyyəni özündə birləşdirən layihə olduğuna görə hazırda bütövlükdə materikdə iqtisadi əməkdaşlıq formatını dəyişib". Millət vəkili vurğulayıb ki, eyni zamanda bu layihə həm də siyasi əlaqələrin genişlənməsi üçün əvəzedilməz platformadır: "Yol Azərbaycandan keçdiyi üçün bu layihənin həyata keçməsi Azərbaycanın iqtisadi cəhətdən güclənməsi, geosiyasi və geoiqtisadi nüfuzunun artması və Azərbaycanın öz milli maraqlarının təmininə şərait yaradacaq. Bu layihədə keçmiş SSRİ ölkələrindən cəmi 4 ölkə iştirak edir ki, bunlardan da biri Azərbaycandır. Bu gün Azərbaycanın həyata keçirdiyi infrastruktur layihələri, ölkənin qonşularla (Ermənistan istisna) kifayət qədər konstruktiv münasibətlərinin olması, ölkənin öz iqtisadi imkanlarının kifayət qədər böyük olması, ictimai-siyasi vəziyyətin sabitliyi bütövlükdə layihənin həyata keçməsində mühüm rol oynayır. Çinin qəbul etdiyi bu layihə İspaniyaya qədər uzanan bütövlükdə infrastruktrun dəyişilməsini nəzərdə tutur. Çin təkcə özü bu layihəyə insfrastrukturun yenilənməsi üçün 113 milyard dollar investisiya qoymağı planlaşdırır. Digər ölkələrin də qoyacağı investisiyanı nəzərə alsaq, burada çox böyük rəqəm alınır.Azərbaycan ilk gündən etibarən layihənin həyata keçməsində həm yaradıcı, həm də öz imkanlarını təqdim edən və gələcəkdə həyata keçirilən layihələrdən daha çox iqtisadi gəlir əldə etməyi bacaran dövlətdir".

Nurlan

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Siyasət xəbərləri
Olaylar.az digər xəbərlər