"Bir kəmər, bir yol" təşəbbüsünü150 ölkə dəstəkləyir

"Bir kəmər, bir yol" təşəbbüsünü150 ölkə dəstəkləyir

Qabil Hüseyinli: "Bu razılaşmalar Asiya və Avropa qitələrinin bir-birinə daha

sıx şəkildə bağlanmasına, inteqrasiyanın genişlənməsinə böyük töhfə verəcək"

Elxan Şahinoğlu: "Cənubi Qafqaz ölkələrindən tədbirə Azərbaycan Prezidenti İlham Əliyev dəvət

edilib, çünki Azərbaycan gələcəkdə "bir kəmər, bir yol" təşəbbüsünün bir parçasına çevriləcək"

Si Cinpin: "Azərbaycan Avrasiya məkanında əməkdaşlıq üzrə Çinin əsas tərəfdaşlarından

biridir. Azərbaycan Böyük İpək Yolu

üzərində yerləşir və bu yolun bərpasında

təbii tərəfdaşdır"

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Çinə səfəri iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni imkanlar açır. Səfər zamanı ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi, "İpək Yolu İqtisadi Kəməri"nin yaradılması, məhkumların qarşılıqlı mübadiləsi və nəqliyyat sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumları, dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Göründüyü kimi, iki ölkə arasında daha sıx əməkdaşlıq üçün geniş imkanlar açılmaqdadır. Bu səfər çoxdan gözlənilən bir prosesin rəsmiləşdirilməsi mərasimi kimi də şərh edilə bilər. Çünki hələ "Bakı-Tiflis-Qars" dəmiryolunun təməli qoyulanda deyilirdi ki, bu yol yalnız Azərbaycanı Avropaya bağlayan dəmiryolu deyil, Brüssellə Şanxayı birləşdirən beynəlxalq iqtisadi nəqliyyat dəhlizinin bir həlqəsidir. Həqiqətən də, bu günlərdə Azərbaycanla Çin arasında imzalanan sənədlərin siyahısına nəzər salanda yalnız nəqliyyat deyil, göz önündə həm də sözügedən istiqamətdə enerji dəhlizlərinin konturları canlanır.

Məsələni politoloq Qabil Hüseynli ilə müzakirə edərkən o bildirdi ki, Azərbaycan-Çin münasibətləri son zamanlar yüksək sürətlə inkişaf edir. Azərbaycan Çinə hal-hazırda 1,5 milyard dollar həcmində, Çin isə Azərbaycana 800 milyon dollar həcmində qarşılıqlı sərmayə yatırıb: "Çinin daha 800 milyon dollar həcmində ölkəmizə sərmayə yatırması barədə saziş imzalanıb. Üstəlik, Çin tərəfi "Bir yol, bir kəmər" ideyası altında qədim "İpək Yolu" boyunca nəqliyyat və enerji dəhlizlərinin yaradılmasının fəal iştirakçısı olacağını bəyan edib və bununla bağlı razılaşmalar imzalanıb. Bütün bunları nəzərə alaraq demək olar ki, Çin-Azərbaycan münasibətləri qarşıdakı dönəmdə durmadan inkişaf edəcək. Çin hökuməti hesab edir ki, həm "Bakı-Tiflis-Qars" dəmiryolu, həm «Bakı-Tiflis-Ceyhan" neft kəməri, həm də qaz kəmərləri gələcəkdə Xəzərin dibi ilə çəkiləcək "Transxəzər" qaz kəməri vasitəsilə Orta Asiya ölkələrinin hasil etdiyi "mavi yanacaq"ı TANAP-a daşıya bilər. Bu razılaşmalar Asiya və Avropa qitələrinin bir-birinə daha sıx şəkildə bağlanmasına, inteqrasiyanın genişlənməsinə böyük töhfə verəcək. Bunlarla yanaşı, Azərbaycanın bir sıra beynəlxalq layihələrdə öncül mövqeləri var və Çinlə əməkdaşlıq ölkəmizin beynəlxalq logistikada rolunu daha da gücləndirəcək. Gələcəkdə Türkmənistan, Özbəkistan və Qazaxıstan qazının Azərbaycan üzərindən Avropaya daşınması məsələsi gündəmin əsas mövzusuna çevriləcək".

Politoloq Prezident İlham Əliyevlə Vladimir. Putinin görüşündən söhbət açaraq bildirdi ki, görüşdə Azərbaycanla Avropa İttfaqı arasında imzalanacaq saziş, bu görüşün çox az ehtimal edilən mövzusu ola bilər: "Məsələ Putinin təşəbbüsü ilə müzakirəyə çıxarılarsa, Rusiya prezidenti bizimlə razılaşmaq məcburiyyətində qalacaq".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu görüşlə bağlı öz Fb.com səhifəsində yazır ki, aprelin 26-da Pekində 2-ci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumunda 37 dövlət və hökumət başçısı, beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər: "Builki Foruma Azərbaycan, Rusiya, Pakistan, Qazaxıstan, Avstriya, Belarus, Çexiya, Yunanıstan, Macarıstan, İtaliya, Serbiya, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrin liderləri qatılıblar.

Çin "Bir kəmər, Bir yol" strategiyasını 2013-cü ildə irəli sürüb. Strategiya tarixi İpək yolunun yeni variantda bərpası ilə Çinin Avropa və digər dünya ölkələri ilə iqtisadi əməkdaşlığının genişləndirilməsini nəzərdə tutur. Çin hökuməti müxtəlif ölkələrin strategiyanın icrasına cəlb olunması istiqamətində aktiv siyasət yürütməkdədir. Ayrı-ayrı ölkələrə maliyyə-iqtisadi dəstəyin göstərilməsi bu siyasətin əsas tərkib hissəsidir. 2013-2018-ci illərdə "Bir kəmər, Bir yol" strategiyasının əhatə etdiyi ölkələrlə Çin arasında ticarət dövriyyəsinin ümumi məbləği 6 trilyon ABŞ dollarını ötüb.

Çinin irəli sürdüyü "Bir kəmər, Bir yol" təşəbbüsünü 150 ölkə, o cümlədən müxtəlif beynəlxalq təşkilatlar dəstəkləyir. Bu o deməkdir ki, faktiki olaraq bu təşəbbüs dünyanın əməkdaşlıq xəritəsini dəyişmək gücündədir. Aydındır ki, bu layihənin reallaşmasında maraqlı olan əsas ölkə Çindir.

Birincisi, Çin bu təşəbbüs vasitəsilə dünya bazarlarına daha çox mal nəql etmək imkanına malik olur.

İkincisi, Çin "Bir kəmər, Bir yol" təşəbbüsü vasitəsilə müxtəlif qitələrin müxtəlif ölkələri ilə daha sıx əlaqələrə malik olacaq. İqtisadi və ticarət əlaqələri siyasi əlaqələri də gücləndirəcək. Məsələn, Çin lideri Pekindəki konfransdan əvvəl Avropa ölkələrində olub, İtaliya və Fransa ilə milyardlarla dollarlıq müqavilələr imzalayıb.

Cənubi Qafqaz ölkələrindən tədbirə Azərbaycan Prezidenti İlham Əliyev dəvət edilib. Çünki Azərbaycan gələcəkdə "Bir kəmər, Bir yol" təşəbbüsünün bir parçasına çevriləcək. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti ilə görüşdə Çin Xalq Respublikasının sədri Si Cinpin belə bir ifadə işlədib: "Azərbaycan Avrasiya məkanında əməkdaşlıq üzrə Çinin əsas tərəfdaşlarından biridir. Azərbaycan Böyük İpək Yolu üzərində yerləşir və bu yolun bərpasında təbii tərəfdaşdır". Çin lideri eyni zamanda "Bir kəmər, Bir yol" layihəsi çərçivəsində Trans-Xəzər nəqliyyat dəhlizinin əhəmiyyətini qeyd edib.

Çin liderinin sözlərindən çıxan nəticə budur ki, Çin gələcəkdə Mərkəzi Asiya, Xəzər dənizi və Azərbaycan üzərindən dünya bazarlarına daha çox mal daşımağı planlaşdırır. Rəsmi Bakı da illərdir buna çalışır. Rəsmi Bakı Çinin Ələt limanından və Bakı-Tbilisi-Qars dəmiryolundan istifadəsini istəyir. Çin Azərbaycan üzərindən mallarının nəqlinə başlasa da, yüklərin həcmi hələ yüksək deyil. Pekin sanki bu marşruta bir az ehtiyatla yanaşır. Ancaq Çin liderinin son açqılamasından sonra Pekinin artıq Azərbaycanın nəqliyyat imkanlarından istifadəyə qərar verdiyini söyləmək mümkündür. Çin mallarının 5-7 faizini Azərbaycan üzərindən Avropaya daşımağa qərar versə, bu həm Ələt limanının, həm də Bakı-Tbilisi-Qars dəmir yolunun kifayət qədər yüklənməsinə və Azərbaycanın gəlirlərinin artmasına imkan verəcək. Bunun Azərbaycan üçün siyasi əhəmiyyəti də var. Azərbaycanın Avrasiya bölgəsindəki rolu artacaq.

Prezident İlham Əliyev Çində bu ölkənin bir çox rəsmiləri və şirkət rəhbərləri ilə də görüşüb. Səfər nəticəsində iki ölkə arasında 821 milyon dollarlıq 10 müqavilə imzalanıb. Çin investorları Azərbaycana 800 milyon dollardan çox sərmayə qoyublar. Azərbaycanın Çin iqtisadiyyatına yatırdığı investisiyaların həcmi isə 1,7 milyard dollar təşkil edir. İki ölkə arasında sənaye, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, humanitar sahələrdə əlaqələr genişlənir. Çin Azərbaycanda sənaye parklarının yaradılmasına maraq göstərir.

İlham Əliyev səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə də görüşüb. Prezidentlər iki ölkə arasında artan iqtisadi və ticarət əməkdaşlığından məmnun qaldıqlarını söyləyiblər. Ticarət mübadiləsi 2.5 milyard dollara çatıb. Bu görüşdə səslənən digər xəbər odur ki, avqust ayında Rusiyada növbəti Rusiya-Azərbaycan-İran sammiti keçiriləcək. Bu sammitdə də əsas mövzulardan biri nəqliyyat xətlərinin istifadəsi olacaq. Ancaq bu görüş İran üçün ağır bir dövrə təsadüf edəcək. ABŞ mayın 2-dən başlayaraq İrandan neft alan ölkələrə qarşı da sanksiyaların tətbiqinə başlayacaq. Bu səbəbdən İran üçün qonşularla iqtisadi və siyasi əlaqələri gücləndirmək və birgə layihələrdə iştirak etməyin əhəmiyyəti artır".

Akif Nəsirli

Siyasət xəbərləri
Paralel.az digər xəbərlər