Bir Sumqayıt məktəbində - "Son zəng"dən REPORTAJ (FOTOLAR)

Bir Sumqayıt məktəbində - "Son zəng"dən REPORTAJ (FOTOLAR)

İyunun 14-də "Son zəng” tədbirləri Azərbaycanın müxtəlif şəhər və bölgələrində olduğu kimi, Sumqayıt şəhər məktəblərində də təntənəli şəkildə qeyd olunub.

Xeberle.com saytı şəhər məktəblərindən birində olub. 8-ci mkr-da yerləşən Zülfü Hacıyev adına 17 saylı tam orta məktəbin "Son zəng” tədbiri maraqlı alınıb. Əməkdaşlarımız bu dəfə məhz bu təhsil müəssisəsindən reportaj hazırlayıblar. Mərasimin qonaqları sırasında Sumqayıt şəhər İcra Hakimiyyətinin 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Orxan Rəcəbli, Sumqayıt Şəhər Təhsil Şöbəsinin metodisti Ülviyyə Cavadova, 47 saylı bağça müdirəsi Mətanət Əzizova, 46 saylı bağça müdirəsi Sidqiyyə Xıdırova və başqaları iştirak ediblər.

Məktəbin direktoru Mehriban Nəcəfova təəssüratlarını Xeberle.com-la bölüşüb. İllər uzunu təhsil sahəsində olan təcrübəsindən, buraxılış müəssisəsindən söhbət açıb:

"1988-ci ildən ilk əmək fəaliyyətinə müəllim kimi başlamışam. Bu günə qədər də müəllim olaraq işləyirəm. Amma 2008-ci ildən, Sumqayıt şəhər 24 saylı tam orta məktəbinə direktor təyin olunmuşam. 2016-cı ilin yanvar ayının 30-dan bu günə qədər bu məktəbdə direktor əvəzi kimi işləyirəm. Direktor təyin olunandan, bu məktəbdə üçüncü buraxılışdır ki, yola salıram.

M.Nəcəfova hazırkı buraxılışın bəzi tərəfləri haqqında danışıb:

İlbəil şagirdlərimizin davranışında, təlim-tərbiyəsində, nizam-intizamında inkişaf dinamikasını götürsək, müsbət mənada irəliləyişlər var. 2-3 il əvvəlki məzunlarla, indiki məzunlar arasındakı fərq müqayisə olunmazdır. Həm tərbiyə, həm də təhsil cəhətdən. Ötənilki məzunların 85%-i ölkənin müxtlif ali məktəblərində təhsil alırlar.

"2017-18-ci tədris ilində 2 məzun sinfimiz var: 11A və 11B. 2 sinifdə 37 şagird təhsil alır. Onlardan 3-4 nəfəri ali məktəbə sənəd verməyib. Onların böyük əksəriyyəti qəbul imtahanının birinci turundan keçərək yaxşı nəticələr əldə ediblər. Əvvəlki illərin məzunları ilə müqayisədə ali məktəbə qəbulda böyük irəliləyişlər var. Məsələn keçənilki məzunlarımızın qəbul nəticəsi 85%-ə yaxındır.

Bu il isə inanıram ki, bundan da yuxarı qəbul olacaq.

Direktor əlaçıların faiz nisbəti və onlardan gözləntiləri barədə də fikirlərini bildirib: "Builki məzunlarımızdan 5-i əlaçıdır və 500-dən yuxarı bal toplayıb. Ən yüksək nəticəni 11A sinif şagirdi Cahid Qurbanov 635 bal toplamaqla nail olub. Lakin bu nəticəyə qane olmayaraq, qəbul imtahanlarının ikinci mərhələsində iştirak etmək istəyir. "Prezident təqaüdü"nü özünə hədəf seçib. Bir məzunumuz isə, IIIixtisas qrupu üzrə 599 bal toplamışdır. Bu əlaçı şagirdimizə də ikinci turda arxayınam. Cahid bizim məktəbə IX sinifdən qoşulub. O, "Bristish School”dan gəlib. İnşallah ali məktəbə qəbul olduqdan sonra təhsilini ölkə xaricində davam etdirmək istəyir.

Mehriban Nəcəfova sonda məzunlara arzu və tövsiyələrini də deyib:

"Əvvəl oxumaq deyirdim. İndi isə zəhmətkeş, vətənpərvər və ən əsas insan olmaq. Oxumaq da öz yerində. Öncə el-obasına, dövlətinə, millətinə yararlı övlad olmaq lazımdır”.

Biz də öz növbəmizdə həm 17 saylı, həm də şəhərimizin digər məktəblərinin bütün məzunlarına və müəllimlərinə uğurlar və təhsil nailiyyətləri arzu edirik!

Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

PAYLAŞ

Siyasət xəbərləri
Xeberle.com digər xəbərlər