"Bir uşağımızı idarə etməkdə çətinlik çəkiriksə müəllim 30 şagirdi necə idarə etsin?”

“Ümumiyyətlə, intihar hadisələrinin qarşısını almağın başlıca yolu diqqətdir...”
Xaricdən idarə olunan “Mavi balina” adlı internet oyunu bir çox ölkələrdə, həmçinin Azərbaycanda da gənclərimizi intihara sürükləyir. Bir neçə gün öncə qardaş Türkiyədə də iki gənc qız bu oyunun təsirinə düşərək özlərini hündür mərtəbəli binadan ataraq intihar etməyə cəhd ediblər və ağır xəsarət alan qızlar yaxındakıların köməyi ilə xəstəxanaya çatdırılıb. Bu il fevralın 9-da Kürdəxanıda yaşayan 16 yaşlı Əli Quluzadənin də ailəsi gözlərinin ağı-qarası olan tək övladlarının bu oyuna görə intihar etdiyini bildirdmişdilər.
Bəs bundan çıxış yolu nədir? Gənclərimizi necə qoruyaq?
Moderator.az-ın sualını psixologiya elmləri namizədi Gülər Əhmədova cavablandırdı. Psixoloq bildirdi ki, gənclərin bu cür oyunlara girməsini əngəlləyən xüsusi proqramlar var və valideynlər övladlarının təhlükəsizliyi üçün bu cür proqramları alıb onların telefonlarına yükləməlidirlər:
““Mavi balina” adlı oyun var. Gənclərimizi bu oyundan uzaqlaşdırmaq üçün bu cür internet oyunlarına girişi əngəlləyən proqramlar var və onlar uşaqların telefonuna yazılmalıdır. Valideynlər bunu tətbiq eləsinlər. Yoxsa, başqa cür bunun qarşısını almaq mümkün deyil. Bununla yanaşı, valideynlər diqqətli olmalıdırlar. Yəni onların gözü yeniyetmə uşaqlarının üstündə olmalıdır ki, uşaqlarının hansı proqramlara girdiyini bilsinlər. Bu cür "iqra"larla oynayanlar əsasən “emo” adlandırdığımız gənclərdir. Onlar çox vaxt “Malakan” bağında otururlar və dodaqlarına da qara boya çəkirlər”.
Bu oyunu xaricdə idarə edirlər. Rus dilində və indi də deyilənə görə türk dilində olan versiyası da hazırlanıb. Ümumiyyətlə, intihar hadisələrinin qarşısını almağın başlıca yolu diqqətdir. Mənim də yeniyetmə oğlum var və məcbursan ki, diqqət edəsən. Fəsil dəyişməsində daha çox diqqətimizi övladlarımıza artırmalıyıq. Onların həyatlarında nə baş verdiyini bilməliyik. Bəzən deyirlər ki, məktəb yaxşı olsaydı, bu olmazdı. Burda müəllimi günahlandırmaq olmaz. Sinifdə 30 şagird var, onu müəlllim necə idarə etsin? Hansı ki, biz bir uşağımızı idarə etməkdə çətinlik çəkirik”.
Vasif Əlihüseyn