“Biz bakılı, naxçıvanlı, lənkəranlı, zaqatalalı, qarabağlı yarlıqlarından qurtarmışıqmı?..”

“Biz bakılı, naxçıvanlı, lənkəranlı, zaqatalalı, qarabağlı yarlıqlarından qurtarmışıqmı?..”

“Nə qədər ki, bu suallara müsbət cavab verə bilmirik, Xocalının sönmüş külü hər il ürəklərimizi qızmar dəmir kimi yandıracaq...”

“Nəyə görə Xocalı əməliyyatına getməli olan bəzi komandirlər fevralın 25-dəöz dəstələrini gətirmədilər?..”


Moderator.az 1992-ci ilin yazından başlanılmış araşdırmalar əsasında 1993-cü ilin fevralında Milli Məclisin iclasında qəbul olunmuş “Azərbaycan Respublikası Milli Məclisinin Dağlıq Qarabağda, o cümlədən Xocalıda törədilmiş soyqırımı hadisələrini aydınlaşdıran deputat- istintaq komissiyasının RƏYİ”nin hələ 27 il sonra – bu gün də mübahisələr doğuran əsas, diqqətəlayiq məqamlarının təqdimatını yekunlaşdırır. Bu günədək həmin məqamları nəzərinizə çatdırmaqda əsas məqsəd ilk növbədə Xocalı faciəsini daim ictimaiyyətin gündəmində saxlamaqdır. Yəni, biz bütövlükdə bəşəriyyətə, türk-müsəlman dünyasına, xalqımıza qarşı bu soyqırım aktını bir gün, bir həftə yox, o şəhərimiz, o yurdlarımız düşməndən azad edilənədək, orada amansız işgəncələrə məruz qalmış, qətlə yetirilmiş soydaşlarımızın qisası alınan günədək hər gün anmalıyıq...

Bir daha təkrar edirik; deyə bilmərik ki, DEPUTAT-İSTİNTAQ KOMİSSİYASININ RƏYİndə Xocalı və 1988-1992-ci illərdə Qarabağda və ümumiyyətlə, Azərbaycanda yaşanmış ictimai-siyasi və hərbi olaylar tam obyektiv əks etdirilib. Lakin 26-27 il öncə neçə-neçə insanın zəhməti sayəsində tərtib olunmuş və bəhs edilən faciələr barədə ilk rəsmi sənədlərdən olan həmin sənədi yenidən ictimaiyyətin müzakirəsinə çıxarmaq hələ də bir sıra məqamları qaranlıq qalan bəzi gizlinlərin üzə çıxmasına səbəb ola bilər. Bu sənəd son iki onillikdə, demək olar ki, qəzet və saytlarda dərc edilməyib, ictimailəşdirilməyib. Mümkündür ki, 25-26 il öncə sözügedən rəylə tanış olmuş adamlar, o cümlədən tanınmış siyasət nümayəndələri, ziyalı, hərbçi və qazilər, hətta sənəd müəlliflərinin özləri belə, bu gün həmin sənədi yenidən nəzərdən keçirdikdən sonra hansısa fakt, olay, məqam, proses barədə tamamilə fərqli şərhlər versin. Bu baxımdan oxucuların, həmçinin materialda adları çəkilən şəxslərin, o dövr olaylarının şahidi olmuş hər bir kəsin fikir və mülahizələrini də olduğu kimi təqdim etməyə hazırıq. Və xahiş edirik ki, təqdim etdiyimiz sənəddə razılaşmadığınız məqamlar barədə bizə məlumat verməkdən çəkinməyəsiniz...


“Nəyə görə Xocalını xilas etməli olan komandirlər bir-birlərinə inanmırdılar?..”


“...Nəyə görə fevralın 25-də bəzi komandirlər öz dəstələrini gətirmədilər? Bəlkə yalnız ona görə ki, onların məxfi yiyələri, şefləri bir-birləri ilə sözləşmişdilər? Nəyə görə həmin səhər milis polkovniki Şahin Cahangirov tabeliyindəki bölməni başqa yerə göndərdi? Olmaya gecə pis yuxu görmüşdü? Nə üçün deputat Qasım Kərimov adamları Fəhmin Hacıyevin əleyhinə qaldırırdı? Bəlkə ona görə ki, Hacıyev Xalq Cəbhəsinin üzvü idi? Bəs eləsə, nəyə görə Fəhmin Hacıyev öz növbəsində bələdçi Musayevə etibar etmədi? Bəlkə ona görə ki, Musayev Xalq Cəbhəsindən deyildi, adi bir kəndli idi?

Nəyə görə komandirlər bir-birlərinə inanmırdılar? Yoxsa ona görə ki, biri milisdə, o birisi orduda qulluq edirdi? Bəs nə üçün bəziləri Dadaş Rzayevə inanmırlar? Bəlkə ona görə ki, bir vaxtlar o, Polyaniçko ilə işləyib?


Yadınızdadırmı, Ağdam “Qrad”ları barədənə qədər söhbət getdi, nə qədər yazıldı və onların nə üçün həmin gecə atılmadığı ilə əlaqədar nə qədər gümanlar dilə gətirildi? Onları Ağcabədiyə kim göndərmişdi? Satqın kimdir? Vallah-billah, bu suallara cavab vermək belə, çətindir. Ona görə ki, həmin “Qrad”lar əslində heç bir hərbi təşkilata məxsus deyil.

Elə mülki təşkilata da. Yəqin ki, onlar formal olaraq kiminsə hesabındadır. Lakin əslində onlar bir adamınkıdır. Qeyri-rəsmi şəxsin, adı, atasının, soyadı bəlli bir nəfərin. Bunlar onun əşyalarıdır. Bəlkə ona bunları bağışlayıblar, bəlkə də öz puluna alıb – biz bilmirik. Fakt odur ki, “qrad”lar onunkudur. İstəsə Ağcabədiyə aparar, istəsə Bərdəyə, ya da Yevlağa. Vəssəlam...


Yeri gəlmişkən, “Qrad”lar həmin gecə hər halda atəş açmışdı. Onları, gec də olsa, Ağcabədidən gətirmişdilər. Amma necə atəş açmışdılar? Yəqin ki, necə gəldi. Hətta peşəkar hərbçi də axtarmamışdılar. Halbuki, polkovnik Niçepurenko onların qulağının dibində, Ağdam mehmanxanasında gecələyirdi...


Bu cür hadisələrin dəhşəti onların tipikliyindədir. Əslində bu, satqınlıqdan daha pisdir. Çünki satqını tapmaq və zərərsizləşdirmək mümkündür. Bununlasa heç nə edə bilməzsən. Bu, bizim məişətimiz, güzəranımız və alışdığımız həyat tərzidir. Nəyə görə belə hadisələr mükün olur. Cavabı uzaqda axtarmaq lazımdır. Yuxarılarda kimsə kimdənsə xahiş edib, ona görə vəzifəyə bunu yox, o birisini qoyublar. O da öz növbəsində işi biləni qovub, yerinə öz yerlisini gətirib. O isə öz növbəsində lazım bilmədiyi, əslində gərəkli müəssisəni bağlayıb, öz istədiyini açıb. Hər işdə belədir. Bu zəncirin son həlqəsi isə bizə məlumdur- “Qrad”lar lazım olan yerdə tapılmadı, vəssəlam. Buna bənzər bir-birindən kədərli istənilən qədər misal çəkmək olar...


Hörmətli millət vəkilləri!


Bu cür təzahürlər bizim həyatımızdan silinmiş olsaydı, bu gün bu barədə uzun-uzadı və ətraflı danışmazdıq. Təəssüf ki, sələflərimizin buraxdığı səhvlərin bəziləri bu gün də təkrarlanır. Bu gün də bəzi rəhbərlərin münasibətləri qaydasında deyil. Bu gün də bəzən peşəkarlıq amili, bilik amili, öz yerini yerlibazlıq, müəyyən siyasi və ictimai axına mənsubluq amillərinə verir. Bu gün də yerliçilik və qohumluq amilləri mühüm rol oynaya bilər və oynayır. Bu gün də biz bu salonda heç də həmişə səmimi olmuruq...


Təkrar edirik: bəli, bizim güclü rəqiblərimiz və bədxahlarımız var. Bəli, biz Azərbaycan xalqı son illərdə başqalarından çox əziyyət çəkmişik. Bizi döyüblər, qırıblar və çox təəssüf ki, yenə qırırlar...


Lakin biz bütün bunlardan sonra mütəşəkkil və həmrəy olmuşuqmu?


Xırda şəxsi-qərəzlikdən, haqq-hesab çəkməkdən yaxamızı qurtarmışıqmı?.


Biz bir-birimizə mehriban, diqqətli, canıyanan olmuşuqmu?


Və biz bakılı, naxçıvanlı, lənkəranlı, zaqatalalı, qarabağlı yarlıqlarından qurtarmışıqmı? Sadəcə, adi azərbaycanlı, yeganə, doğma və ana torpağın övladı olmuşuqmu?..

Nə qədər ki, bu suallara müsbət cavab vermək üçün mənəvi hüquq qazanmamışıq, Xocalının sönmüş külü hər il ürəklərimizi qızmar dəmir kimi yandıracaq...


KOMİSSİYANIN GƏLDİYİ NƏTİCƏLƏR VƏ TƏKLİFLƏR

Komissiya topladığı dəlilləri, sənədləri, sorğuları, KİV məhsullarının təhlilini, müstəqil təşkilatların, ayrı-ayrı şəxslərin təhqiqatlarının təhlilini, eləcə dəAzərbaycan Respublikası Prokurorluq orqanlarının apardıqları istintaqların təhlilini yekunlaşdıraraq aşağıdakı nəticələrə gəlir:

1. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə baş vermiş hadisə- erməni silahlı dəstələrinin MDB-nin 4-cü ordusunun 23-cü moto-atıcı diviziyasının 366-cı moto-atıcı alayının bilavasitə köməyi və iştirakı ilə Xocalı şəhərinin azərbaycanlı əhalisini kütləvi qırması dünya təcrübəsində bəşəriyyətə qarşı ən ağır cinayət – yəni soyqırımı hesab edilsin. Bu hadisənin soyqırımı olması aşağıdakı

əlamətləri ilə soyqırımının tam tərkibini yaradır, tamamlayır:

a) Bir qrup əhalini (bu hadisədə xalqın) milli, irqi, dini əlamətlərinə görə(bu hadisədə milli) vəhşicəsinə qırmaq;

b) Tamamilə, yaxud qismən(bu hadisədə qismən) etmək üçün qəsdən ağır həyat şəraiti( bu hadisədə əsirlikdə saxlamaq) yaratmaq.

2. Soyqırımı haqqında beynəlxalq hüquq-mühafizə orqanlarının, müstəqil müşahidəçilər və ekspertlərin bu barədə təsdiq etdikləri rəylərinə qoşularaq bildiririk ki, 366-cı rus alayı və ermənilərin həyata keçirdikləri əməliyyat aşağıdakı hüquq normalarına ziddir:

a) BMT Baş Məclisinin 10 dekabr 1948-ci il tarixdə təsdiq etdiyi İnsan Hüququnun Ümumi Deklarasiyasının 2, 3, 5, 9, 17-ci maddələrinə;


b) BMT Baş Məclisinin 14 dekabr 1979-cu il tarixdə təsdiq etdiyi qadınların və uşaqların fövqəladə şəraitdə və silahlı konflikt vaxtı müdafiə olunması haqqında deklarasiyanın məzmununa.

Aşağıdakı təklifləri Milli Məclisin müzakirəsinə təqdim edirik:

1. Azərbaycan Ali Sovetinin Milli Məclisindən xahiş edilsin ki, bütün sənədlər, materiallar 26 fevral 1992-ci il Xocalı faciəsinin Azərbaycan xalqının soyqırımı kimi beynəlxalq təqvimdə əks etdirilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün müvafiq beynəlxalq təşkilatlara göndərilsin:

2. Azərbaycan Respublikasının ərazisində, yaxud Qarabağ ərazisində Xocalı faciəsinə həsr edilmiş abidə ucaldılsın.

3. Toplanmış sənədlər, materiallar, arayışlar və s. tədbir görülməsi üçün Azərbaycan Respublikası Prokurorluğuna göndərilsin.

Deputat-istintaq komissiyası:


Əhalinin Xocalıdan çıxarılmasını və onların təhlükəsizliyini təmin etmədiklərinə və öz vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə, səhlənkarlığa, düşünülməmiş kadr siyasətinə, xalqa yalan məlumatlar və vədlər verdiklərinə görə, əməllərində konkret olaraq Cinayət Məcəlləsinin hansı maddəsinin tətbiq edilməsini göstərməsə də( bu prokurorluqda aparılan istintaq orqanının səlahiyyətinə aiddir), aşağıdakılar bu və ya digər dərəcədə Azərbaycan xalqı qarşısında məsuliyyət daşıyırlar:

Mütəllibov Ayaz Niyazi oğlu, Həsənov Həsən Əziz oğlu, Kərimov Tofiq Mirzə oğlu, Musayev Şahin Xeyrəddin oğlu, Mehdiyev Tacəddin İmran oğlu, Hacıyev Fəhmin Əhmədpaşa oğlu, Hüseynov İlhüseyn Pirhüseyn oğlu, Məmmədov Musa Salam oğlu.


Komissiyanın sədri: R.M. Fətəliyev, məsul katibi:Ə.Ö. Ömərov. Üzvləri: Ş.B. Hüseynov, F.N. Məmmədov, M.C. Nəsirov, T.T. Rüstəmov, K.Ə. Məmmədov, C.Q. Nuriyev, S.P. Verdiyev, Y.T. Əliyev, B.S. Zahidov, R.M. Gülməmmədov.


P.S. Sözügedən Rəy ətrafında müzakirələri davam etdirəcəyik.


Təqdim etdi: Sultan Laçın


Açar sözlər
Sultan Laçın , Məmmədov Musa , Dadaş Rzayev , Həsənov Həsən , Musayev Şahin , Qasım Kərimov , Mütəllibov Ayaz , Hüseynov Ilhüseyn , Şahin Cahangirov , Mehdiyev Tacəddin , Mdb , Milli Məclis , Bmt , Azərbaycan Respublikası Prokurorluğu , Qarabağ , Azərbaycan Respublikası , Bərdə , Ağcabədi , Ağdam , Xocalı , Milli Məclis
Siyasət xəbərləri
Moderator.az digər xəbərlər