“Biz əsgər olaraq şəhidliyin olacağını göz önünə almışıq”

“Biz əsgər olaraq şəhidliyin olacağını göz önünə almışıq”

“Döyüşlərin gedişatı zamanı, hətta yaralı zabitlərimiz, gizirlərimiz, müddətdən artıq hərbi qulluqçularımız, əsgərlərimiz döyüş sahəsini tərk etməyi fikirləşmir, tam tərsinə bunu gizlədərək döyüşün sonuna qədər öz mübarizələrini davam etdirirdilər”. Bu sözləri Azərbaycan Ordusunun Birlik Komandiri, general-mayor Hikmət Həsənov bildirib.

Onun sözlərinə görə, 2016-cı il aprel döyüşləri ərəfəsində cəbhədəki gərgin şəraiti dəqiq qiymətləndirən Müdafiə naziri Silahlı Qüvvələrin Baş Qərargah rəisi ilə birlikdə bölgəyə səfəri zamanı düşmənə aktiv müdafiədən daha kəskin zərbə vurulması üçün digər adekvat addımların atılması ilə bağlı, eləcə də düşmənin kəşfiyyat-diversiya və ya digər qruplarının fəaliyyəti olacağı təqdirdə, onlara daha ağır zərbə vuraraq, yaşayış məntəqələrinin ətrafında yerləşən mövqelərinin ələ keçirilməsi, təmas xəttində yerləşən yaşayış məntəqələrinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı göstərişlər verib.

H.Həsənov bildirib ki, düşmənin diversiya-kəşfiyyat qrupları əvvəlcə Talış-Tap Qaraqoyunlu istiqamətində yerləşən mövqelərimizə minaatan zərbələri endirdikdən sonra bir neçə istiqamətdə basqınlar həyata keçirdi. Bu zaman şəraitin qiymətləndirilməsindən sonra ordumuz həmin zolaqda yerləşən briqadanın ehtiyatı və korpusun tank taborunun qüvvələri ilə hücum edən düşmənə sarsıdıcı zərbələr vuraraq, onların ön xətdə yerləşən mövqelərini ələ keçirib. Bundan sonra isə daha dərinliyə irəliləyərək Talış yaşayış məntəqəsi istiqamətində hakim yüksəkliklər ələ keçirilib və bununla da Tapqaraqoyunlu, həmçinin bu istiqamətdə yerləşən Naftalan şəhərinin təhlükəsizliyi təmin edilib.

“Çox sevindirici haldır ki, bu döyüşlərin gedişatı zamanı hətta yaralı zabitlərimiz, gizirlərimiz, müddətdən artıq hərbi qulluqçularımız, əsgərlərimiz döyüş sahəsini tərk etməyi fikirləşmir, tam tərsinə bunu gizlədərək döyüşün sonuna qədər öz mübarizələrini göstərirdilər. Buna misal olaraq bizim tank əleyhinə batareyanın komandiri, kapitan Bağıyev, gizir Eynullayev və bunun kimi neçə-neçə hərbçilərimizi nümunə göstərmək olar ki, son damla qanlarına qədər döyüşərək, düşmənə ağır zərbə vurdular və işğaldan azad edilmiş yüksəkliklərdə tam möhkəmlənərək sərhədboyu yaşayış məntəqələrin təhlükəsizliyi təmin etdilər”, - deyə general vurğulayıb.

H.Həsənov, əməliyyat zamanı qələbəyə susamış əsgərlərimizin qorxmazlığı, cəsurluğuna diqqət çəkərək, onlar arasında olan abu-havanı bu ifadələrlə izah edib: “Bu tədbirlərin icrası zamanı işğaldan azadilmiş mövqelərdəki əsgərlərimizi saxlamaq olmurdu, onlar daha irəli, daha dərinliyə irəliləyərək bütün torpaqlarımızı azad etmək üçün fədəkarlıq göstərirdilər”.

O, aprel döyüşlərinin əhəmiyyətindən danışarkən bildirib ki, uzun müddətdir vuruşmayan ordumuz həmin döyüşlərlə müharibə təcrübəsi qazandı və onun hansı imkana, qabiliyyətə malik olduğu Ermənistan dövlətinə göstərilmiş oldu.

Birlik komandiri, ordumuzun daim qələbə eşqiylə alovlandığını və bunun üçün heç nədən çəkinmədiklərini, çıxdıqları yolda şəhidlik zirvəsini özlərinə məqsəd seçdiklərini ifadə edib: “Təbii ki, vətənimizin hər bir qarış torpağı bizim üçün müqəddəsdir və heç bir azadlıq, heç bir işğal altında olan torpağın azad edilməsi döyüşsüz ola bilməz. Əlbəttə, bu yolda şəhadət də var. Biz əsgər olaraq da bu formanı geyindiyimiz zaman bu işin sonunda bir şəhadətin, şəhidliyin olacağını göz önünə almışıq və hamımız buna hazırıq. 2016-cı il aprelin 2-dən 5-nə qədər olan qısa müddət ərzində şanlı ordumuz Ermənistan ordusunun məğlubedilməzliyi ilə bağlı sindromunu sındırdı və Qafqazlarda ən güclü ordu olduğunu həm düşmənə, həm də digər dövlətlərə sübut etdi”.

Siyasət xəbərləri
Sia.az digər xəbərlər